Müdafiə Nazirliyinin "TOPONİM" oyunu kimə yönəlib? - Səxavət Məmməd yazır

3-12-2022, 00:08           
Müdafiə Nazirliyinin "TOPONİM" oyunu kimə yönəlib? -
Hərbi strukturlarla siyasi strukturların məsələlərə yanaşması fərqli olur.
Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın yaşayış məntəqələrinin adlarını uydurma erməni toponimləri ilə qeyd etməsində də yanaşma fərqli olmalı idi. Məsələ ondadır ki, biz bunun tam əksini görürük.
Belə ki, Azərbaycan Müdafiə Nazirliyi artıq neçənci dəfədir, Rusiya Müdafiə Nazirliyini də yox, məhz sülhməramlıları hədəf alaraq adların səhv yazılışına görə qınayır.
Əslində qınamır da, “təəssüf edirik” yazır.
Müdafiə Nazirliyi açıqlamasında bildirir ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinə müraciətlər edib. Bunu hansısa siyasi təşkilat, Qeyri Hökumət Təşkilatı etsə, anlamaq olar. Ancaq hərbi qurum nəyi, necə etməyi bilməli idi.
Gəlin məsələni bir qədər açaq.
Rusiya sülhməramlıları müəyyən bir istiqamətdə hadisə baş verəndə, Vardanyana, Ohanyana, nə bilim hansısa yana zəng edib, yer adı soruşub, məsləhətləşmələr edib, qeydlərini aparmırlar. Hərbçilər hadisələrə xəritələr üzərindən baxırlar və o xəritələrdən bir addım belə kənara çıxa bilməzlər. Yəni Rusiya sülhməramlıları əraziyə daxil olduğu gündən özləri ilə birgə Rusiya Baş qərargahının təsdiq edib, cənub hərbi dairəsinə göndərdiyi və oradan da sülhməramlı kontingentinə təqdim edilmiş məxfiləşdirilimiş 1:50 000 miqyaslı hərbi xəritə gətiriblər. Gündəlik hesabatı yığıb, onu Müdafiə Nazirliyinə təqdim edən zabit əslində “Mardakert” yox, Ağdərə olduğunu bilsə belə, məxfiləşdirilmiş xəritə üzərində necə yazılıbsa, elə də yazmalıdır. Hətta zabit o xəritə üzərindən yazılandan kənara çıxsa, cəzalandırılacaq.
Rusiya Müdafiə Nazirliyinin yaydığı yer adlarından belə görünür ki, onların əlində olan xəritələr, ən azı yer adları yenilənməyib, SSRİ zamanından qalmadır.
Azərbaycan Müdafiə Nazirliyi kimi elə mətbuatı da odu qoyub külü ilə oynayır.
Müdafiə Nazirliyi də günahı Rusiya sülhməramlılarında görür, mətbuat da. Mətbuat bir qədər də irəli gedərək bu işin başında sülhməramlı kontingentin komandanı Volkovu günahkar bilir. Volkovu hər şeydə tənqid etmək olar, ancaq bu məsələdə tənqidlər ona yapışmır. Əminəm, yazılanları oxuduqca, gülür ki, Azərbaycanda heçmi bilmirlər bu işlər şəxslərə yox, xəritələrə bağlıdır?..
Ordu iyerarxiya ilə idarə olunur. Dünyanın bütün ordularında əmr və göstərişlər aşağıdan yuxarı yox, yuxarıdan aşağıya doğru gəlir.
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinə müraciətlər edib, təəssüf hissi keçirməkdənsə, qurumun əməliyyat idarəsi ərazinin xəritəsini adları dəqiq şəkildə qeyd edərək Rusiya Müdafiə Nazirliyinə təqdim etməlidir. Eyni zamanda siyasi basqı edilməlidir ki, bundan sonra rəsmi Bakının təqdim etdiyi xəritə ilə işləsinlər.
Müdafiə Nazirliyi bunu etməyib, hər gün etiraz mətni yaymaqla bu məsələ həll olacaq deyil. Müdafiə Nazirliyi bu mətnlərlə yalnız ictimaiyyətə işləyir, göstərməyə çalışır ki, “baxın, etiraz edirik”, “mübarizə aparırıq”, “işləyirik”. Buna da ancaq prosedur qaydasını bilməyənləri inandırmaq olar.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.