Azərbaycan hökuməti uzun illərdir ki, həm neft puluna, həm də Rusiyadan gələn vəsaitə görə tam arxayınlaşıb və tənbəlləşib

4-06-2023, 09:05           
Azərbaycan hökuməti uzun illərdir ki, həm neft puluna, həm də Rusiyadan gələn vəsaitə görə tam arxayınlaşıb və tənbəlləşib
Rəsmi məlumata görə 2022-ci ildə Azərbaycana xaricdən 3 mlrd. 620 mln. dollar pul köçürülüb, daxil olub – bu rəqəm 2021-ci ilə nisbətən 3,2 dəfə (!!!) çoxdur. Vəsaitin 82%-i Rusiyadan daxil olub, 2021-ci ildə isə daxil olan vəsaitin cəmi 55% Rusiyadan idi.
Aydındır ki, Rusiyanın Ukraynaya vəhşi təcavüzü, bu ölkəyə qarşı haqlı sanksiyalar, beynəlxalq ödəmi sisteminə aid olan Rusiyada verilmiş bank kartlarının blok olunması – bütün bu hadisələr Rusiyadan Azərbaycana pul daxil olmasını artıran faktorlardır.
Amma bu vəsait hökumətin də dadına çatır, sosial problemlərin regionlarda həllinə yardımçı olur. Bundan başqa ölkədə daşınmaz əmlak, avtomobil və s. sahələrdə qiymət artımına da təsirləri var.
Vəsaitlərin daxil olduğu bölgələrə baxanda Şəmkir-Qazax zonası liderlik edir, 2023-cü ildə Rusiyadan ən çox vəsait onlara daxil olub. Ən az “pay” isə Mil-Muğan rayonları çatıb – faktiki olaraq ən kasıb rayonlar da məhz həmin zonadadır.
Azərbaycan hökuməti uzun illərdir ki, həm neft puluna, həm də Rusiyadan gələn vəsaitə görə tam arxayınlaşıb və tənbəlləşib. Halbuki, hər iki istiqamət dayanıqlı, daimi deyil, eniş-çıxışlı və dalğalıdır.
Real iqtisadiyyat qurmaqdansa, rəqabətli mühiti təşviq etməkdənsə, tam tərsinə, hökumət gedikcə bütün fürsətlərin daha dar çərçivədə cəmləşdirilməsinə çalışır, dövlət-məmur-kapitalizmi modelini daha da dərinləşdirir.
Bunun ciddi fəsadları olacaq, zatən var, amma abrımızı hələ ki, baha neft-qaz qiymətləri örtür. Amma hamımız bilək ki, bizim cəmi 6-7 il vaxtımız var, 2030-cu ildə dünya tamam başqa enerji ritmi ilə yaşayacaq, Rusiyanın da taleyi getdikcə daha müəmmalı hala gələcək, oradan daxilolmalar da kəskin azalacaq.
Yəni, cəmi 6-7 ilə işlək bir model qura bilməsək getdikcə kasıblaşan topluma çevriləcəyik, rifah halımız geriliyəcək. İşlək model qirmaq üçün isə 6-7 il bəs edə bilər, amma gərək qolumuzu çirmələyib məhz bu gündən işə başlayaq, sonra çox gec olacaq...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.