“Bu oyundan sonra qrupda ikinci yeri təmin edəcəyik” – Sadıqovun iddiası

7-10-2022, 00:04           
“Bu oyundan sonra qrupda ikinci yeri təmin edəcəyik” – Sadıqovun iddiası
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları start götürəcək. Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” səfərdə Yunanıstanın “Olimpiakos” klubunun qonağı olacaq.

TEREF.AZ xəbər verir ki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin şanslarını dəyərləndirib.“Düşünürəm ki, bugünkü matç “Qarabağ” üçün olduqca vacibdir. Fikrimcə, “Olimpiakos”la Bakıdakı cavab qarşılaşmasından sonra qrupda ikinci yeri təmin edəcəyik. Ümumiyyətlə, turnirin nə dərəcədə ciddi olduğunu komandanın bütün üzvləri dərk edir. Bizi çox gərgin və maraqlı oyun gözləyir. “Qarabağ”dan gözləntilərimiz böyükdür. Təmsilçimiz bu gün Yunanıstanda öz ənənəvi oyununa sadiq qalaraq matçdan alnıaçıq çıxacaq”.

Sadıqov rəqib komandada baş məşqçi dəyişikliyinin Qurban Qurbanovu narahat etməsinə də münasibət bildirib:

“İstər-istəməz yeni çalışdırıcıdan nə gözləməli olduğunu bilmirsən. Çalışacaq ki, yeni komandası ilə Avropa Liqasının ilk oyunundan qalib ayrılsın. “Qarabağ”ın baş məşqçisi rəqib çalışdırıcının hansı oyun modelindən istifadə edəcəyini hələ bilmir. Düşünürəm ki, Qurbanov bunu nəzərdə tutaraq belə deyib. Məsələ burasındadır ki, rəqibin kim olmasından asılı olmayaraq, “Qarabağ”ın bəlli oyun üslubu var. Bu dəsti-xətt uğurlara imza atmağa imkan verir. “Qarabağ”a uğurlar arzu edirəm. Hamımızın ürəyi bu gün onlarla döyünəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.