Şirkət rəhbəri və "Röyalbank"ın filial müdiri hakim qarşısına: - daha bir kredit fırıldağı

21-08-2019, 18:19           
Şirkət rəhbəri və "Röyalbank"ın filial müdiri hakim qarşısına: - daha bir kredit fırıldağı
Külli miqdarda dələduzluqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb. Onlardan yalnız bir nəfəri həbsdədir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu iş üzrə Elçin Vəliyevdən başqa daha 3 nəfər cinayət məsuliyyətibə cəlb edilib. Onlarda biri "Röyalbank"da filial müdiri olmuş Azad İbadovdur. Digər iki şəxs də bankın əməkdaşları olub. Hər üç şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Sonuncu məhkəmə iclasında zərərçəkmiş qismində dindirilən Nazim Rəhimov bildirib ki, Elçin Vəliyevi 2005-ci ildən tanıyır və onun xahişi ilə "Röyalbank"dan kredit götürmək üçün sənədlərə imza atıb: "Elçin dedi ki, bir neçə günlük kredit götürmək lazımdır. Məni banka göndərdi. Dedi ki, filial müdirinə demişəm. Mən də gedib sənədləri imzaladım. Bir neçə gün sonra özüm Elçinə zəng elədim. İşin nə yerdə olduğunu öyrənmək istədim. Dedi ki, kredit lazım olmadı. Amms 2012-ci ilə mənə bankdan zəng gəldi. Bildirildi ki, adıma 5 min kredit ayrılıb, amma ödənilməyib. Mən də Elçinə zəng elədim. Dedi ki, həll edəcəm. Sonra öyrəndim ki, pulun 5 min manatı ödənilib. Faiz olan 800 manat isə qalır".

Təqsirləndirilən Elçin Vəliyev deyilənlərlə razılaşmayıb. O, bildirib ki, şahid yalan danışır. Onun sözlərinə görə, Nazim Rəhimov krediti özü götürüb: "Bunları istintaqda necə ifadə verməyə yönləndiriblər. Bu adam kredit götürmək istəyib. Gedib götürüb də. Həmin kredit mənim üçün götürülməyib. Sadəcə mən rəhbəri olduğum şirkət adından ona arayış vermişəm ki, bizdə işləyir. Buna görə də ona kredit verilsin".

Digər təqdirləndirilənlərdən biri, hazırda ev dustaqlığında ola Azad İbadov "Röyalbank"ın filial müdiri olub. O da şahidin dediklərinə etiraz edib. Azad İbadov qeyd edib ki, şahid Nazim Rəhimov bank işçisi olduğu halda bank əməliyyatları haqda yalan danışır: "Adam bank işçisidir. Amma deyir ki, adına kredit ayrılsa da reysterdə göstərilməyib. Axı bu necə mümkün ola bilər? Bankdakı bütün əməliyyatlar gün sonunda reysterdə yer alır. Bunu Nazim Rəhimov özü də dəqiq bilir".

Nazim Rəhimov bu ifadəyə münasibət bildirəndə deyib ki, onun adına kredit ayrılıb, amma resyterdə göstərilməyib: "Bunlar sənədləri gizlətmişdilər. Ona görə də mən xəbər tutmamışdım".

Hakimin suallarına cavab verən Nazim Rəhimov hazırda tələbinin ödənilməyən 800 manatlıq faizin də ödənilməsidir. Məhkəmə araşdırılması davam etdirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Elçin Vəliyev şirkət rəhbəri olub. O, tanışı Azad İbadov vasitəsi ilə bir neçə nəfərin adına bankdan kredit götürüb. "Röyalbankın lisenziyası ləğv edildikdən sonra ödənişlərlə bağlı problemlər yaranıb. Adına kredit götürülənlərin şikayəti əsasında adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.