MİLLƏTİMİN BÖYÜK KİŞİLƏRİ- Qaçaq Kərəm Stalini ölümdən necə qurtardı? - ARAŞDIRMA

21-10-2015, 23:33           
MİLLƏTİMİN BÖYÜK KİŞİLƏRİ- Qaçaq Kərəm Stalini ölümdən necə qurtardı? - ARAŞDIRMA
Azərbaycan bir coğrafiya olaraq başdan-başa tarixin sirləri ilə zəngindir. Məhz buna görə, VII əsr ərəb istilasından bu günə qədər tariximizdə olan dəyərli məlumatları özündə əks etdirən əlyazmalar, əşyalar və s. məhv edilib. Azərbaycan ərazisində baş verən hadisələrin izlərini tarixdən silməyə cəhd edilsə də onlar haqqında bilgilər tamamilə yox olmayıb. Azərbaycan tarixinə ən çox Sovetlər Birliyinin zamanı müdaxilələr olub, erməni-bolşevik barmağı onlar üzərindən qara xətt çəkməyə çalışıb. Lakin belə cəhdlər nə qədər israrlı olsa da, tariximizi gün işığına çıxarmağa əsas verən mənbələr qalmışdır.

Bu cür müdaxiləyə məruz qalan tarixi faktlardan biri də İosif Stalin kimi bir diktatorun həyatının xilas olunmasında Qaçaq Kərəmin rolu barədədir. SSRİ dağılana qədər bu məsələ ilə bağlı tarixi həqiqətləri üzə çıxarmaq imkanı olmayıb.


Qaçaq Kərəm təkcə Qafqazda və Kubanda deyil, İran və Türkiyədə də məşhur olub. Onun qəhrəmanlığı yazıçı və şairlərin diqqətini hələ onun öz dövründə cəlb etmişdi. Kərəmin geniş ad-san qazanması, qəhrəmancasına mübarizə aparması rus müəllifləri (M. Qorki, D. Kozlovski, V. Kazanovski, S. Filippov və b.) ilə bərabər, gürcü xalqının bədii söz ustalarına da ilham verib. Anton Purtseladze, Georgi Amilaxvari, Vasili Barnov, Georgi Tumanişvili gürcü dilindəki bədii və publisistik əsərlərində Qaçaq Kərəmdən böyük həvəs və məhəbbətlə bəhs ediblər.

Qaçaq Kərəm 1860-cı ildə dünyaya göz açıb. Qaçaqçılıq həyatı sürən Kərəm nəinki Azərbaycanda və Dağıstanda, eləcə də bütün Qafqazda məşhurlaşmışdı. Maksim Qorki yazırdı: "Qafqaz qaçaqları içərisində ən rəşadətlisi Kərəmdir. Kərəm əfsanə və nağıllar qəhrəmanıdır. O, ədalət mücəssəməsidir".

Qaçaq Kərəm Türkiyəyə keçdiyi vaxt sərhədçilər tərəfindən təqib olunarkən sərhəd rəisi Navim bəyi öldürərək, yenidən öz torpaqlarına qayıdır. O, burada günahsız kəndlilərin onun üstündə çar məmurları tərəfindən incidildiyini görüb, XIX əsrin 90-cı illərində yenidən Cənubi Azərbaycana keçir, orda işləyib, ailə qurur və ömrünü orda başa vurur. Kərəm, bağışlanılmasına baxmayaraq, ömrünün sonuna kimi ədalətsizliyə qarşı mübarizə aparmışdır. Qaçaq Kərəm əvvəl Kazımxan hərəkatına, sonra isə Səttarxan hərəkatına dəstək olub. O, Səttarxanla həm də yaxın qohum olub. Kərəmin babaları Xoydan gəlib Qazaxda məskunlaşmışdılar. Kərəmin atası Qaçaq İsgəndərin bibisi oğlu məşhur Qazax Məmməd olub. Səttarxan da Qazax Məmmədin bacısı oğludur. Qaçaq Kərəm təxminən 1909-cu ildə vəfat edib.

1879-cu il dekabrın 21-də kiçik bir gürcü əyalətində dünyaya göz açan İosif Stalinin haqqında fikirlər və mülahizələr müxtəlifdir. Onun haqqında deyilənlər və yazılanlar birmənalı deyil. İllər ötdükcə Stalin haqqında yeni fikirlər söylənilir, yeni faktlar aşıqlanır. Stalinin həqiqi adı İosif Vissarionoviç Cuqaşvili, qısaldılmış formada isə Sosodur.
Soso Cuqaşvili ən çətin tapşırıqları sözsüz yerinə yetirən bir inqilabçı idi. İnqilab onun həyatının mənası idi. Onu ölkənin ən mürəkkəb, münaqişəli zonalarına ezam edirdilər. Təyin olunduğu yerdə terror aparatını işə salaraq Soso tez zamanda əraziləri nəzarətə ala bilirdi. “Mesame dasi” (Üçüncü qrup) adlanan gürcü sosial-demokrat təşkilatının üzvü kimi fəaliyyət göstərirdi. 1901-ci ilin noyabrında o, RSDFP-nin Tiflis komitəsinin tərkibinə daxil edilərək Batuma göndərilir və orada sosial-demokrat təşkilatının yaradılmasında iştirak edir.

İlk siyasi həbsi 1902-ci ildə Batumidə kütləvi iğtişaşlar zamanı baş verir. 5 aprel 1902-ci ildə onu həbsxanaya salırlar. Burda da onun dinc durmadığını görən rəsmilər onun başqa həbsxanaya köçürülməsinə qərar verilər. Soso Cuqaşvili Gəncəyə “yatab” gedəcəyini bilirdi. O, sevdiyi parolla, “Pəncərədən daş gəlir” mahnısını ifa edərək daş bükülmüş kağız vasitəsilə dustaqlara ötürüb, bu barədə yerli qaçaqlara məlumat verilməsini istəyir. Qeyd edim ki, mahnını eşidincə daşa bükülü məktubun gələcəyini bilirdilər. Həm də bu, daşın çıxardığı səsin qarşısını alırdı.

Bu məktub qaçaqlara və onlar içində daha nüfuzlu və güclü olan Qaçaq Kərəmə çatır. Kərəm Tiflisdən Gəncəyə bir vaqon dustaq, bir vaqon da pul göndərildiyi haqda Qaçaq Süleymana məlumat göndərir.

Haşıyə: Qaçaq Süleyman adını üzərinə götürüb dəstəsi ilə Çar Rusiyasına qarşı mübarizə aparan şəxs, əslində, Şəmkirli Gülsüm xanımdır. Uzun illər kişi adi ilə qaçaqlıq etmiş Şəmkirli Qaçaq Gülsüm, 13 yaşı olmasına baxmayaraq, gözünün qabağında qətl edilən atasının qanını yerdə qoymur. Heç xırda məmurlar da bu kiçik qızın belə hərəkət edəcəyini gözləmirmiş. Amma Gülsüm silahı götürüb yasovulu da, koxanı da, pristavı da yerə sərir. Sonra isə qardaşının paltarını geyinib, çəkilir meşələrə. Onu hamı Qaçaq Süleyman kimi tanıyır. Gülsüm də öncə Çaqqal Səlimin dəstəsinə qoşulur. Əvvəlcə Çaqqal Səlim onun əli ilə yeməyə bihuşdarı qataraq öz dostunu öldürüb qızıl-gümüşünü aparır. Bu azmış kimi, sonra bir çobanın sürüsünü aparıb Göyçədə satır. Gülsüm daha buna dözmür, Çaqqal Səlimin yeməyinə bihuşdarı qatır və sonra da başını kəsir.
Daha sonra Kərəmin dəstəsinə qoşulur. Kərəm onu dostu Ağ Seyidə tapşırır. 1890-cı ilə qədər Qaçaq Süleyman Təbrizdə yaşayır. 1890-cı ildə Kərəm onu İrandan öz yerinə Azərbaycana göndərir. Süleyman burada Kərəm adı ilə bir çox işlər görür.

Qaçaq Süleyman bu məlumatı alan kimi Gürcüstanla əlaqəyə girir. Ona məlumat verirlər ki, “yatab” gətirən qatarda külli miqdarda pul və siyasi baxışlarına görə həbs edilən dustaqlar var. Qatar Gəncə yolunda olanda Qaçaq Süleyman Kərəmin ona başa saldığı plan üzrə hərəkətə keçir. İlk olaraq qatara öz adamlarını yerləşdirə bilən qaçaqlar boş ərazidə maşinisti öldürüb, qatarı dayandırırlar. Əməliyyat uğurla başa çatır. Dustaqlar azad edilir, pullar götürülür. Soso Cuqaşvili də biləndə ki, qaçaqlar kəndlilərin haqqı uğrunda mübarizə aparır, o da Süleymanın dəstəsinə qoşulur. 7 ay bu dəstədə olub Soso. Bir xeyli əməliyyatlarda da iştirak edib. Qaçaq Kərəmlə Soso arasında dostluq yaranır. Onun qorxmaz igid olduğunu eşidən Kərəm ona xəncər və tapança hədiyyə göndərir. Soso yerli qaçaqların məşhur Metex qalasından qaçması üçün özünün istifadə etdiyi metodları tətbiq edir. Qaçaq Kərəmin neçə dostunu bu yolla qaçırır. Onun planına görə, qaladan qaçmaq üçün uzun kəndirlə aşağı enməli və sıldırım qayaya ayağını zərblə vurub Kür çayına tullanmalısan. Bu tryuku düzgün yerinə yetirə bilməyən çox dustaqlar qayaya dəyərək parçalanıb ölüblər. Lakin Sosonun köməyi ilə qaçaqların çoxu sağ-salamat qaça bilir.

Soso üçün qaçaqçılıq hərəkatı darlıq edirdi. O, Qaçaq Kərəmə yazıb getmək istədiyini bildirir. Kərəm ona gürcü dilində məktub yazaraq, işlərində uğur arzu edir. Qaçaq Süleymana isə onun getməsi üçün hazırlıq görməsini tapşırır. Lakin Soso yenə yolda həbs edilir və İrkutska aparılır. 1903-cü ildə Rusiya sosial-demokratları fikir ayrılığına görə bolşeviklərə və menşeviklərə bölünəndən sonra həbsdən çıxan Cuqaşvili bolşeviklərə qoşulur...

Mənbələr:

İMGL, f. 31, d. № 23, t. III, l. 2, f. 34, d. № 175 ( Gürcü arxivi)
А.Цулукидзе. Собр. соч., 1927 г., см. статью «Мечта и действительность», стр. 157–158
ГАРФ. Ф. 102. O. 1902. Д. 4. Ч. 38. Л. «A». Л. 41–42., ГАРФ. Ф. 102. O. 1898. Д. 5. Ч. 59. Л. «A». Л. 4 (rus arxivi)
Дарахелидзе И. Подпольная типография // Рассказы старых рабочих Яакавказья о великом Сталине. С. 78–79
Батумская демонстрация 1902 года. С. 30–33.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.