"Bu saat respublikada bir rejissor iki dövlət teatrında baş rejisorluq edir"

22-10-2019, 09:50           
"Bu saat respublikada bir rejissor iki dövlət teatrında baş rejisorluq edir"
Ötən ilin dekabrında Mingəçevir Dövlət Dram Teaıtrının baş rejissoru vəzifəsindən azad edilmiş, sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın Əməkdar artisti Xəzər Gəncəli mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət edib.
Məktubda deyilir: “Hörmətli, cənab nazir! Mən Xəzər Novruz oğlu Gəncəli Sizin 22 dekabr 2015-ci il tarixli sərəncamınızla Mingəçevir Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin edilərək və bu vəzifədə 26 noyabr 2018-ci il tarixinədək çalışmışam. Teatrda çalışdığım üç il müddətində on bir tamaşaya quruluş vermişəm. Milli teatr sənətimizin inkişafında uzunmüddətli xidmətlərim nəzərə alınmaqla ölkə rəhbəri, cənab İlham Əliyevin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə mənə “Respublikanın Əməkdar artisti” fəxri adı təqdim edilib.
Bu adı aldıqdan bir ay sonra teatrın müdiriyyəti və Mədəniyyət Nazirliyinin məsul vəzifəli şəxsləri tərəfindən mənəvi terrora məruz qalaraq vəzifəmdən məcburi şəkildə uzaqlaşdırılmışam. İşin əcas mahiyyəti də ondan ibarətdir ki, məni bu vəzifədən uzaqlaşdırmaq üçün son imzanı Siz atmısınız. Baş verən insident haqqında doğru və dürüst məlumat vermək, başıma gələn hadisələrlə Sizi tanış etmək məqsədi ilə 02 və 15 fevral 2019-cu il tarixlərində teleqramlar vuraraq, ayrıca bir dəfə yazılı müraciət edərək məni qəbul etmənizi istəmişəm. Təəssüf ki, tərəfinizdən qəbul olunmamışam. Ayrıca Sizin gərgin iş rejiminizi və bununla əlaqədar məni qəbul edə bilmədiyinizi nəzərə alaraq birinci müavininiz Vaqif Əliyev yoldaşa da müraciət etmək məqsədi ilə üç dəfə qəbuluna düşməyə çalışmış, nəticədə heç nəyə nail ola bilməmişəm. İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynova olan müraciətim də heç bir nəticə verməyib”.
Xəzər Gəncəli bildirib ki, onun işdən çıxarılmasına səbəb bəzi adamların qərəzli fəaliyyəti olub:
“Məni təəccübləndirən yalnız odur ki, fəxri ad təqdim edildikdən cəmi bir ay sonra dərhal öz xahişi ilə işdən “azad olmaq” istəyən kadrın ərizəsinə imza atıb onu vəzifəsindən uzaqlaşdırarkən bunun əsas səbəblərini araşdırmağa çalışmamısınız. Halbuki mən öz vəzifəmdə qalıb çalışmaq, teatrda yeni tamaşalar hazırlamaq, təqdim olunan fəxri adın təsadüfi olmadığını sübuta yetirmək, mənə göstərilən bu etimadı bir daha doğrultmaq istəyirdim. Nəticədə isə bir qrup təsadüfi adamların qərəzli fəaliyyətləri ucbatından qapı arxasınqa qalmalı olmuşam.
Yaradıcılıq nöqteyi-nəzərində üç il ərzində demək olar ki, heç bir problem yaşamamışam. Bu müddət ərzində hazırladığım tamaşalara istər ədəbi tənqid, istərsə də teatr tənqidi hər zaman obyektiv münasibət bəsləyib. Belə ki, “Mədəniyyət”, “Cümhuriyət”, “Kaspi”, “Hürriyyət”, “Ədalət” və s. respublika mətbuatını əks etdirən digər qəzetlərdə hazırlanan tamaşalar haqqında ayrı-ayrı xoşməramlı tənqidi məqalələr yazılıb. Şübhəsiz ki, bu nailiyyətlərdə təkcə mənim deyil, eləcə də çalışdığım, əsasən, gənclərdən ibarət Mingəçevir teatrının sağlam yaradıcı kollektivinin də xüsusi rolu və zəhməti var. Teatr həmin müddət ərzində Qoqolun “Müfəttiş”, M.F.Axundovun “Lənkəran xanının vəziri”, A.Şaiqin “Bir saat xəlifəlik”, S.S.Axundovun “Bir eşqin nəticəsi” kimi maraq doğuran tamaşalara imza atıb”.
Sabiq baş rejissor nazirə teatrın aparıcı aktrisası Ella Yaqubovadan şikayət edib:
“Lakin bu uğurlara baxmayaraq, teatrda olduğum üç il heç də asan keçməyib, daim gərginlik atmosferində çalışmaqla teatrda baş verən xoşagəlməz, ürəkaçmayan hadisələrlə hər addımbaşı qarşı-qarşıya qalmışam. Bu hadisələrin əsas törədicisi isə keçən il “Xalq artisti” fəxri adına layiq görülən və teatrın aparıcı aktrisalarından biri olan Ella Yaqubova olub. Hazırladığım hər hansı bir tamaşaya həsəd hissi ilə baxan, mənim rejissorluğumu heç cür həzm etməyən, çalışmalarımı xoş qarşılamayan bu xanım qorxunc bir kabus kimi hər bir yaradıcı işimdə mənə əngəl olub, müxtəlif üsullarla məni gözdən salmaq, kollektiv arasında nüfuzumu alçaltmaq üçün əlindən gələn hər cür vasitəyə əl atmaqdan çəkinməyib. İş o yerə çatıb ki, bu “xanım” mənə böhtan, şər, iftira ataraq dəfələrlə Mədəniyyət Nazirliyinə gəlib, mənim əxlaqi cəhətdən düşkün olduğum, əyyaşlığa meyil etdiyim, məişət pozğunu olduğuma dair əsassız məlumatlar verərək nüfuzdan salmağa cəhd edib. Xanımın əsas iddiası o idi ki, mən bütün tamaşalarımda digər aktrisaların haqqını tapdalayıb xarakterin yaşından asılı olmayaraq bütün baş rolları ona verməyə borclu idim. Kollektivi içəridən dağıdan şöhrətpərəstlik meyilləri, izzəti-nəfs üzərində mübarizə, paxıllıq, dedi-qodu, böhtan, iftira, şər və xırda mənafelər kimi xoşagəlməz hallar Ella Yaqubovanın ən xarakterik xüsusiyyətlərindəndir”.
X.Gəncəli qeyd edib ki, mərkəzdən göndərilən rejissorlara qarşı amansızlıq, paxıllıq, gözü götürməməzlik və qısqanclıq bu xanımın ucbatından Mingəçevir teatrında ictimai bir bəlaya, rejissorlara qarşı az qala “Səlib yürüşünə” çevrilib:
“Nəticədə bütün bunlar belə bir “yaradıcılıq atmosferində” çalışan və bütün fəaliyyətini yaradıcılıq prosesinə həsr edən baş rejissorun başında çatladı. Mən bütün bunlar haqqında teatrın direktoru Səxavət Məmmədova vaxtaşırı məlumat verib məsələnin həlli üçün dəfələrlə yardım istədim. Lakin teatrın yaradıcılıq prinsiplərini Ella Yaqubovanın şıltaqlıqları üzərində kökləyən, bütün tamaşalarda ona rol verilməsini qətiyyətlə tələb edən S. Məmmədov nədənsə özünü hər dəfə kənara çəkib, xanım tərəfindən hər cür təhdid və təqibdən qorunmaq məqsədi ilə diqqəti özündən yayındırmaq, “sudan quru çıxmaq” naminə manevrlər edərək E. Yaqubova kimi qüvvələrin başqa bir istiqamətdə hərəkətə keçməsinə rəvac verərək, onu mənimlə daima qarşı-qarşıya qoyub süni münaqişələrə cəlb edib. Bununla da direktor öz ətrafında mümkün qədər sakitlik yaradıb gündəmdən çıxaraq bir növ unudulub. Hər dəfə də “Xəzər müəllim, mən bu qadından qorxuram! Bütün Nazirlik bu qadından qorxur! Mən bu qadınla bacara bilmirəm, ikimizdən birimiz tutduğumuz vəzifədən getməliyik”-deyib. Teatrın direktorunun E. Yaqubovanın və onun mənə qarşı qızışdırdığı bəzi aktyorların çuğulluq və təhqirlərinə laqeyd qalmasına tab gətirə bilmədim. Üç il çiyin-çiyinə çalışdığım, səbr edib heç bir polemikaya girmədiyim direktora bu münasibətinə və “dəvəquşu siyasəti”nə görə ilk dəfə olaraq sərt reaksiya göstərib qapını çırpmaqla kifayətləndim. S. Məmmədov aramızda baş verən bu insidenti dərhal İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynova xəbər verdi. 14 noyabr 2018-ci il tarixində İ. Hüseynovun iştirakı ilə keçirilən iclasda S. Məmmədov “Bu rejissor mənə ağıl öyrədərək, qapını üzümə çırpıb getdi. Mən bu rejisorla bir daha işləyə bilmərəm”-dedi. İ.Hüseynov isə öz növbəsində üzünü dərhal mənə tutaraq “Eşitdinmi, bu adam daha səninlə işləmək istəmir. Odur ki, ərizəni yaz, səssiz-səmirsiz işdən çıx. Elə etmə ki, səni maddə ilə çıxaraq. Sənin iki il öncə bir töhmətin də var. Bizim sənin haqqında aldığımız bəzi məlumatlar (xanımın iftiraları) bizə əsas verir ki, səni işdən azad edək”-dedi. Oraya-buraya yazıb zəhlətökən işlərlə məşğul olma. Sonra da əlavə etdi. “Sənin aldığın fəxri ad direktora verilməli idi”.
X.Gəncəli bildirib ki, İsmayıl Hüseynovun onu işdən maddə ilə çıxarmaqla təhdid etməsi heç bir məntiqə sığmır:
“Doğrudur, mənim 2016-cı ildə aldığım bir töhmətim vardı. Həddini-hüdudunu bilməyən, teatrda yaranan boşluqdan istifadə edərək “ağalıq edən” baş mühəndislə münaqişəyə görə töhmət almışam. Eyni töhmət teatrdakı münasibətləri tənzimləməkdə çətinlik çəkən direktor S. Məmmədova da verilib. Amma bu töhmət mənim işdən xaric olunmağıma heç də əsas vermir. Bəs “fəxri adın direktora verilməsi, onun alicənablıq göstərərək bu adı sənə təqdim etməsi”-ifadəsi nə deməkdir? Görünür, incəsənət şöbəsinin müdiri bu ifadəni işlətməklə necə bir məsuliyyətin altına girdiyini dərk etmir. Əvvəla bu adı mənə teatrla heç bir əlaqəsi olmayan, teatr sferasına təsadüfən gələn S. Məmmədov deyil, Sizin təqdimatınızla Möhtərəm cənab Prezidentimizin sərəncamı ilə verilib. Mən bu ada təqdim olunarkən milli teatr sənətinin inkişafı sahəsində uzunmüddətli (40 il) xidmətim, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Mərmərə Universitetində on iki illik pedaqoji fəaliyyətim, həmin ölkənin bir sıra teatr səhnələrində rejissor çalışmalarım, İstanbulda nəşr olunan “Yönetmen və oyun” (Rejissor və pyes) kitabım, “sənətşünaslıq üzrə fəlsəfə doktoru” elmi dərəcəm və üç ildə Mingəçevir Teatrında hazırladığım on bir tamaşa və milli mətbuatda bu tamaşalara yazılan məqalələr nəzərə alınıb. Məgər bu azdır? Nəhayət İ.Hüseynovdan soruşmaq istəyirəm: “Hörmətli İsmayıl müəllim, siz məni hansı maddə ilə çıxarırsınız? Mingəçevir Dövlət Dram Teatrında çalışdığım müddət ərzində hər hansı bir cinayətəmi yol verdim, ölkəyə xəyanətmi etdim, teatrın yaradıcılıq prosesində siyasi problemlərmi yaşatdım, maliyyə pozuntularmı etdim, bəlkə merkantil maraqlara ortaq oldum? Bir də mənə söylədiyiniz “rekordsmen” sözü nə deməkdir? Özü də bu sözü siz mənə Mingəçevir teatrının 50 illik yubileyinə həsr olunan təntənəli gecə keçirilən gün 17 oktyabr 2018-ci il tarixində dediniz. Əgər səhv etmirəmsə, siz tarix elmi üzrə mütəxəssizsiz. Belə olan surətdə teatr sənətinə dair tarixi salnamələri araşdırsanız heç bir zaman rejisora “rekordsmen” sözünün deyilmədiyini aşkar edəcəksiniz”.
Xəzər Gəncəli “öz xahişi ilə işdən çıxmaq haqqında ərizə yazmasına” da aydınlıq gətirib:
“Mədəniyyət Nazirliyinin dəhlizində baş verən bu söhbəti mübahisə səviyyəsinə gətirmək və ictimaiyyətləşdirmək istəməyərək, sonda İ. Hüseynovun məni yeni işlə təmin edəcəyi vədinin səmimiliyinə inanaraq ərizə yazıb “öz xahişimlə” işdən azad olundum. İşdən azad olarkən Mədəniyyət Nazirliyi nəzdində Maliyyə müdirliyinin bölgə teatr rejissorları üçün ayırdığı ezamiyyət xərci belə mənə ödənilmədi. Bu əhvalatdan düz bir il keçir. Bu müddət ərzində dəfələrlə İncəsənət şöbəsinin rəhbərliyinə və əməkdaşların işlə təmin edilməm üçün rəsmi müraciətlərim olub. Rəsmi müraciətlərdən biri də 18 dekabr 2018-ci il tarixində İ.Hüseynovun ünvanına göndərdiyim yazılı müraciətdir. Təəssüf ki, indiyə qədər heç bir müsbət cavab almamışam. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov cənablarına bu məqsədlə iki dəfə yardım üçün müraciət etməyimə baxmayaraq, vədlər heç bir nəticə verməyib. Aldığım dəqiq məlumatlara görə bu saat respublikada bir rejissor iki dövlət teatrında baş rejisorluq edir. Vaxtı ilə aktyorluq fakültəsindən məzun olan, rejissorluq sənətinin sirrlərinə dərindən bələd olmayan və birdən-birə həm Dərbənd, həm də İrəvan Teatrlarında paralel olaraq baş rejissorluq edən şəxslər vardır. Bu sözlər Ağdam və Gəncə teatrında da eyni şəxsin həm rejissor həmçinin aktyor kimi işləməsinə də, aiddir. Bu nə deməkdir? Bu rejisorlar məşq proseslərini keçirmək üçün Dərbənd-Bakı, Ağdam- Gəncə istiqamətində məsafəni gün ərzində görəsən, neçə dəfə və necə qət edirlər? Hər iki teatrda üzərilərinə düşən məsuliyyətin öhdəsindən hansı üsullarla gəlirlər?”
Sabiq baş rejissor hazırda işsiz olduğunu və maddi sıxıntı çəkdiyini nazirin diqqətinə çatdırıb: “İnanın, ziyalının çörəklə imtahana çəkilməsi ağırdır. Az öncə adlarını sadaladığım adamların bədxahlığı ucbatından maddi və mənəvi cəhətdən sıxıntı çəkirəm. Belə bir vəziyyətdə necə yaşamaq və ailəmi necə dolandırmaq haqqında düşünürəm. Mənəvi və fiziki hazırlığım hələ imkan verdiyi üçün çalışmaq və fəaliyyətimi davam etmək istəyirəm. Sizin səmimiyyət və xeyirxahlığınıza inanıram. Əminəm ki, rejissor olaraq yeni bir işlə təmin olunmama yardım edəcək və ədalətin bərpası üçün əlinizdən gələni əsirgəməyəcəksiniz!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.