Dünyada ucuzlaşan kərə yağı Azərbaycanda niyə bahadır?

6-12-2019, 08:58           
Dünyada ucuzlaşan kərə yağı Azərbaycanda niyə bahadır?
Sərhəddən 8 manat 84 qəpiyə keçən Yeni Zelandiya yağı piştaxtaya 15-17 manata çıxır
Nazirlər Kabineti bir sıra məhsulların idxalına əlavə rüsumların təyin olunması, bəzilərinin rüsumlarının aşağı salınmasına dair 2017-ci ildə qəbul etdiyi qərarın müddətini daha 2 illiyə artırıb.

Kabinetdən verilən məlumata görə, müvafiq qərarın birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir: “Belə ki, qərarın birinci hissəsinə əsasən quş əti, qida və damazlıq yumurta, meyvə-tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma), meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır. Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır”.

Xatırladaq ki, kərə yağının idxal rüsumu Nazirlər Kabinetinin 2017-ci ilin noyabrında qəbul etdiyi qərarla 3 dəfə azaldılıb. Bu qərarın qəbul olunmasına səbəb 2017-ci ilin sentyabr-oktyabr aylarında ölkədə kərə yağının qiymətində kəskin bahalaşmanın baş verməsi olub. Kərə yağı idxalçıları və istehsalçıları bu artımın dünyada kərə yağının, həmçinin onun istehsalında əsas xammal olan südün qiymətində müşahidə olunan artımla izah ediblər. Nazirlər Kabineti daxili bazarda qiymətləri ucuzlaşdırmaq üşün kərə yağının idxal-gömrük rüsumunu 2 il müddətinə azaldıb. Bu müddətin daha 2 il uzadılmasına ehtiyac vardımı? Dünya bazarında süd və kərə yağının qiymətində 2017-ci ildən bəri hansı dəyişikliklər baş verib? Apardığımız araşdırmalar göstərir ki, 2018-2019-cu illərdə dünya bazarında kərə yağının bir tonunun qiyməti 6000-6200 dollardan 3900 dollara qədər ucuzlaşıb. Azərbaycanın kərə yağı idxalında əsas yeri tutan Yeni Zelandiya yağının tonu isə 6200 dollardan 3650 dollara qədər ucuzlaşıb.


Yağ istehsalında əsas xammal olan südün qiymətində də ciddi ucuzlaşma müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2015 və 2016-cı illərdə ABŞ, Avropa İttifaqı və Yeni Zelandiyada süd xammalının bazar qiymətlərində 2014-cü ilə nəzərən kəskin azalma baş verib. 2017-ci ildə süd xammalının qiymətində yenidən artım başlasa da, 2018 və 2019-cu illərdəki qiymət 2014-cü illə müqayisədə kəskin şəkildə aşağıdır. Süd xammalının dünya bazarı qiymətindəki azalma trendi quru südün dünya bazarı qiymətində də özünü göstərmişdir. Belə ki, 2015 və 2016-cı illərdəki azalma trendi 2017-ci ildən etibarən artım ilə əvəz olunsa da, 2014-cü ildəki qiymət səviyyəsinə çatmamışdır.

İdxal statistikamıza nəzər yetirsək, görərik ki, 2018-ci ildə Azərbaycana Yeni Zelandiyadan 31 milyon 880,21 dollarlıq 5318,79 ton (kilosu 6 dollar), Belarusdan 6 milyon 630,17 min dollarlıq 1297,2 ton(kilosu 5,1 dollar), Ukraynadan 6 milyon 990,17 min dollarlıq 1525,35 ton(4,6 dollar) kərə yağı idxal olunub. Bu ilin 9 ayında isə ölkəyə 43 milyon 638,71 min dollar dəyərində 8585,61 ton kərə yağı idxal olunub. Bu zaman Belarusdan 4 milyon 704,81 min dollarlıq 892,87 ton(5,3 dollar), Ukraynadan 7 milyon 70,93 min dollarlıq 1589,7 ton(4,4 dollar), Yeni Zelandiyadan 23 milyon 875,29 min dollarlıq 4 min 606,11 ton(5,2 dollar) məhsul alınıb. Bundan əlavə, Azərbaycan sahibkarları Fransa, Finlandiya, Belçika, son zamanlar Almaniya, Polşa kimi ölkələrdən də ildə bir neçə yüz ton kərə yağı gətirirlər.


Göründüyü kimi, bu ilin 9 ayında ötən ilə nisbətən Yeni Zelandiyadan idxal olunan yağın bir kiloqramında cəmi 0,80 sent ucuzlaşma qeydə alınıb. Lakin pərakəndə ticarət nöqtələrində bu ölkədən gətirilən yağların qiymətində 2018-ci ilin yanvarından bəri heç bir dəyişiklik qeydə alınmayıb - 1 kiloqram üçün qiymət 15-17 manat arasındadır.

Hazırda Yeni Zelandiya yağının 1 kiloqramı dünya bazarında 3,62 dollara satılır. Bu halda sual yaranır ki, Azərbaycan sərhədindən bu yağ necə olur ki, 5,2 dollara keçir? Və necə olur ki, sərhəddən 5,2 dollara - 8 manat 84 qəpiyə keçən yağ piştaxtaya 15-17 manata çıxarılır?

2017-ci ildə qiymət kəskin bahalaşan zaman idxalçı şirkətlər bunun əsas səbəbi kimi dünya bazarındakı qiymət konyukturasını göstərirdilərsə, indi bu konyukturada baş verən dəyişiklikləri Azərbaycan istehlakçısı nədən görmür? Ən nəhayət, əgər idxalçılar dünya bazarındakı qiymət enməsini görməzdən gəlirlərsə, nədən hökumət idxal rüsumunda onlara güzəştin müddətini uzatmalıdır? Bir halda ki, idxalçılar dövlətin uzatdığı yardım əlindən yalnız öz mənafeləri naminə faydalanırlar, bu əlin geri çəkilməsi daha məntiqli olardı.

Qiymətlərin bahalığı üzündən əhalinin istehlak davranışları da dəyişir. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2014-cü ildə ölkədə adambaşına illik kərə yağı istehlakı 4,7 kiloqram təşkil etsə də, 2018-ci ildə bu, 3,3 kiloqrama düşüb.

2018-ci ildə Azərbaycan əhalisi 32 min tondan artıq kərə yağı istifadə edib, bu da əvvəlki ildən 4,1 faiz azdır. Ötən il kərə yağı idxalı (9 759 ton) 9,5 faiz, yerli istehsal isə 6,6 faiz (23 638 ton) azalıb. Komitənin məlumatından o da aydın olur ki, 2014-cü illə müqayisədə (44 472 ton) Azərbaycanda kərə yağı istehlakı 28 faiz azalıb.


Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi qida normasına görə, sağlam inkişafı təmin etmək üçün bir nəfər il ərzində 7,2 kiloqram kərə yağı istehlak etməlidir. Bu isə o deməkdir ki, Azərbaycan əhalisi kərə yağını bu normadan 2 dəfədən də az istehlak edir.

Statistika Komitəsinin məlumatına görə, kərə yağının istehlakı azalsa da, əvəzində bitki yağları və insan oqranizmi üçün zərərli hesab olunan marqarinin istehlakı artır. Belə ki, ölkədə yerli istehsal və idxal hesabına marqarin yağının istehlakı 2015-ci ildəki 13 min tondan (adambaşına 1,4 kq) 2018-ci ildə 32,3 min tona (adambaşına 3,3 kq) yüksəlib. Bu məhsulun idxalı 2015-ci ildəki 205 tona qarşı ötən il 3 min 302 tona çatıb. Yerli istrehsal isə 25 min tondan 47,2 min tona qədər artıb. Bu müddətdə marqarinin ixracı da müvafiq olaraq 16 600 tondan 2 744 tona düşüb.

Bitki yağlarına gəlincə, onların ərzaq məhsulu kimi istifadəsi 2015-ci ildə 119 min 672 ton, 2018-ci ildə isə 148 min 517 ton olub. Bu, adambaşına 12,6 kiloqramdan 15,1 kiloqrama qədər artım deməkdir.

KRN ATM-in baş direktoru Firdovsi Fikrətzadə hesab edir ki, Nazirlər Kabinetinin qərarı daxili bazarda kərə yağının qiymətini stabil saxlamaq üçün önəmlidir: “Azərbaycanda kərə yağının əsas hissəsi daxildə istehsal olunur. İllik 23 m in tondan yuxarı kərə yağı istehsal olunur. İdxal isə 9 min ton civarındadır. Müsbət haldır ki, yerli məhsul idxal yağından daha ucuzdur. İdxala tətbiq olunan rüsum güzəşti isə istehlak bazarında qiymətlərin sabit saxlanması üçün məqbul variantdır”.

KTN rəsmisi hesab edir ki, yerli kərə yağı istehsalının artırılması üçün addımlar atılmalıdır.

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.