“Xan” rejimində yeznəlik ayrıcalığı

26-11-2022, 17:39           
“Xan” rejimində yeznəlik ayrıcalığı
Naxçıvan MR DGK-nə ilk baxışdan akademikbaşı “Perevod” İsanın oğlu Səhət Həbibbəyli rəhbərlik edir. Düzdür, onun da bu idarəetmədə payı yüksəkdir. Amma təbii ki, Vasif Talıbov həzrətləri bu qədər strateji yeri hansısa akademikin oğluna peşkəş çəkəcək qədər sadəlövh deyil. Səhət Həbibbəyli sadəcə bu komitəyə nəzarət edir. Bir də onun özünə nəzarət edənlər var. Bunlara da el dilində NN deyə bilərik. Yəni nəzarətçiyə nəzarətçi abreviaturasında.
Naxçıvan gömrüyünün NN-lərindən biri, şübhəsiz ki, Səbuhi Novruzovdur. Bir vaxtlar Naxçıvan şəhər polis idarəsinin rəisi olan bu adam sonra Naxçıvan MR Daxili İşlər nazirinin müavini vəzifəsinə gətirildi. Fərdi insan olaraq yeganə üstün tərəfi isə yaxşı şilləvuranlığı idi. Amma, əlbəttə ki, təkcə şilləvuranlıqla iki mühüm dövlət orqanının ən yüksək postlarından birinə seçilmək və nazirə nəzarət etmək funksiyasını yerinə yetirmək üçün kifayət deyildi. Səbuhi Novruzovu Naxçıvan xanlığında ucaldan daha önəmli səbəb vardı – “xan”ın yeznəsi olmaq. Görünür, bu yeznəlik “xan” həzrətləri üçün o qədər mühüm məsələdir ki, dövlət quşu Səbuhi müəllimin də başına qonmuşdu. O, ştat müddəti başa çatan kimi Naxçıvan MR DİN-dən Naxçıvan MR DGK-ya transfer olundu. Təbii ki, yeni vəzifəsində onun missiyası Səhət Həbibbəyliyə nəzarət etməkdi.

Səbuhi Novruzovun, sağlığına qismət, çox geniş biznes sahələri var. Kiminsə pulunu saymaq xüsusiyyətimiz olmadığından onun yalnız bir restoranı barədə danışmaqla yetinmək istəyirik. Çünki bu restoranla bağlı aldığımız məlumat Naxçıvanda yeznəliyin bütün qanunlardan üstün olduğunu ən dolğun şəkildə özündə əks etdirir.
“Qara Pişiy”in dediklərinə inansaq, Naxçıvanda Səbuhi Novruzova məxsus "SV" deyilən bir restoran fəaliyyət göstərir. İddiaya görə, bu restoranın üzərindən quş quşluğu ilə uça bilməz. Hətta bir müddət öncə orada yeyib keflənən sürücülərə xüsusi kart verilirmiş. Bu kart yol patrul xidməti əməkdaşları içkili sürücünü saxlayan zaman işə yarayırmış.
Başına dövlət quşu qonan digər yeznə Fəxrəddin Aslanovdur. Hazırda Naxçıvan Şəhər üzrə Gömrük İdarəsinin rəisi müavini işləyən Fəxrəddin Aslanov el arasında “Sovetabadlı Fəxi” kimi tanınır. Bundan əvvəl Naxçıvan DGK-nin Culfa məntəqəsinə rəhbərlik edirdi. “Qara Pişiy”ə bülbül kimi ötən keçmiş iş yoldaşlarının dediyinə görə, Culfa gömrüyünə rəhbərlik etdiyi dövrlər iş vaxtı bitməsinə 10-15 dəqiqə qalmış işə gəlir və gündəlik haqq-hesabını alıb Naxçıvana qayıdırdı.
Sovetabadlı Fəxi “xan”la yeznə olmağın bəhrəsini görmüş biri kimi tanınır. Onun da ixtiyarında geniş biznes sahələri var. Son zamanlara qədər Naxçıvana gətirilən bütün tekstil malları onun inhisarında idi. Naxçıvanın məşhur “Naxış Nərgiz” restoranının da Sovetabadlı Fəxiyə aid olduğu bildirilir.
Fəxrəddin Aslanovun Naxçıvanda böyük kənd təsərrüfatı fermaları var. Onları oğlu Nurəddinə həvalə edib. Digər oğlu İmaməddin Aslanov isə “xanzadə” Rza Talıbovun himayəsi altındadır. Vəliəhd-xanzadə İmaməddini Naxçıvan MR Miqrasiya Xidmətində mühüm vəzifəyə gətirib. İddialara inansaq, Naxçıvan Miqrasiyası el arasında İmoş kimi tanınan bu şəxs tərəfindən idarə olunur.
Heydər Oğuz
Teref.az
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.