İki ölkə Türkiyə qarşı: “Bu toqquşmanın nəticəsi ağır olacaq” – Müsahibə

11-07-2020, 09:44           
İki ölkə Türkiyə qarşı: “Bu toqquşmanın nəticəsi ağır olacaq” – Müsahibə
“Trampın hakimiyyəti dövründə İranın təkcə maliyyə-bank sektoru deyil, enerji sektoru da sanksiyalara məruz qalır. Bu sanksiyalar, ilk növbədə İran iqtisadiyyatının çökdürülməsinə hesablanıb. İranın dünya bazarlarına neft-qaz resursları çıxarmasının məhdudlaşdırılması, bu ölkənin büdcəsinə daxil olan milyardlarla vəsaitin qabağının alınması deməkdir”.
Politoloq Elşən Manafov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- ABŞ İrana qarşı təzyiq mexanizmlərini işə salır. Bütün sanksiyaların bərpa ediləcəyini, o cümlədən Tehrana tətbiq olunan silah embarqosunun uzadılacığını elan edib. Bu təzyiqlər İrana nə vəd edir?

- ABŞ-ın İrana qarşı təzyiqləri ikitərəfli münasibətlərlə yanaşı, bölgədə gərginliyin artmasına gətirib çıxaracaq. Bu da bölgənin təhlükəsizliyi ilə bağlı proseslərə yaxşı heç nə vəd etmir. ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların bir neçə onillik tarixi var. Məlumdur ki, 1979-cu ildə islam inqilabının qalib gəlməsindən sonra İran Amerikanın bu sanksiyalarına məruz qalır. Amma Trampın hakimiyyəti dönəmində ABŞ-İran münasibətlərində yaşanan olaylar bir sıra məqamlarla yadda qaldı. Əvvəla, Tramp Obamadan fərqli olaraq, İranın nüvə enerjisi ilə bağlı fəaliyyətlərinə münasibəti dəyişdi. Birtərəfli şəkildə İranla imzalanmış nüvə müqaviləsindən çıxdığını bəyan etdi. Beləliklə İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququnu tanımadığını bildirdi.

İkincisi, Trampın hakimiyyəti dövründə İranın təkcə maliyyə-bank sektoru deyil, enerji sektoru da sanksiyalara məruz qalır. Bu sanksiyalar, ilk növbədə İran iqtisadiyyatının çökdürülməsinə hesablanıb. İranın dünya bazarlarına neft-qaz resursları çıxarmasının məhdudlaşdırılması, bu ölkənin büdcəsinə daxil olan milyardlarla vəsaitin qabağının alınması deməkdir. Bu da iqtisadiyyatın çökdürülməsinə, hərbi qüdrətinin sarsıdılmasına, nəticə etibarilə əhalinin sosial-iqtisadi durumunun ağırlaşmasına və perspektivdə İran daxilində etnik zəmində münaqişələrin güclənməsinə xidmət edən bir siyasətdir. Zamanında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) İrana münasibətdə “Anakonda” siyasətinin prinsipləri işlənib-hazırlanıb. İndi görünür ki, Tramp mövcud reallıqlar kontekstində bu siyasətin bir sıra parametrlərinə qayıtmağı vacib bilir.

Pandemiya dövründə İranın imkanları onsuz da məhdudlaşıb. Pandemiyanın İran iqtisadiyyatı və səhiyyəsinə vurduğu ziyan göz qabağındadır. Başqa sözlə, bu sanksiyalar İran səhiyyəsində də ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Amma ABŞ-ın bu cəhdlərinə baxmayaraq, onun ən yaxın müttəfiqləri bu sanksiyalara əməl etməyiblər. Açıq şəkildə olmasa da, İran Körfəzdə dolayı yolla Avropa dövlətlərinə öz enerji resurslarını sata bilir.

Digər yandan, İranın Şərqdə böyük bazarı var. Məlumdur ki, İran öz neftinin 75-80 faizini Çinə satır. Amma buna baxmayaraq, baş verənlər göstərir ki, İranın maliyyə sektorundakı çöküşü davam edir. İran valyutasının kəskin şəkildə dəyər itirməsi, bank sektoru ilə yanaşı, əhalinin sosial durumuna da ağır təsir göstərə bilər ki, bunun da daxildə həyəcanın artmasına səbəb olacağı istisna deyil. İran ABŞ tərəfindən beynəlxalq terrorizmə dəstək verən ölkələrə aid edilir. Görünür, Tramp özünün seçkiqabağı kampaniyası dövründə İranda siyasi elitanın çökdürülməsi üçün bir proses düşünür. İstisna etmirəm ki, bu, Trampa seçkilərdə uğur qazandırmaq üçün düşünülmüş bir layihədir.

- Rusiyadakı konstitusiya dəyişikliyi Prezident Vladimir Putinin mövqeyini bir az da gücləndirdi. Qərb mediası yazır ki, bu, Putini qonşu dövlətlərə qarşı bir az da aqressivləşdirəcək. Bu, nə qədər məntiqli iddiadır?

- Referendumun keçirilməsi ərəfəsində Putin bir açıqlama verdi ki, post-sovet məkanında yerləşən bir çox respublika SSRİ-dən çıxdıqdan sonra Rusiyadan qopardığı əraziləri də özləri ilə aparıb. Bu fikirləri o iddianın ortaya çıxmasına yol açdı ki, deyəsən, Putin SSRİ-ni bərpa etmək istəyir. Əslində Putin SSRİ-ni bərpa etmək istəmir. Amma onun hakimiyyəti dönəmində Rusiyanın imperiya siyasətinin yenidən gündəmə gəlməsi göz qabağındadır. Məhz Putinin dönəmində Rusiya beynəlxalq münasibətlər sistemində öz yerini müəyyən etdi, itirilmiş mövqelərini tədricən bərpa etməyə başladı, güclü hərbi sənaye dövlətinə çevrildi, dünyanın silah bazarındakı mövqelərinə geri qayıtdı, ən əsası NATO və ABŞ-la “soyuq müharibə” illərində olduğu kimi danışmağa başladı. Neft-qaz satışından əldə olunan milyardlarla gəlir, nəhəng qızıl, almaz yataqları, təbii sərvətlər və meşə ehtiyatları Rusiyanın xeyrinə işləyən faktorlardır. Putin sanksiyalardan məharətlə istifadə edərək, bu milyardlarla vəsaiti Rusiyanın hərbi sənaye kompleksinin və hərbi qüdrətinin bərpa olunmasına yönəldə bildi.

Baş verənlər onu göstərir ki, Rusiya NATO-nun Şərqə doğru genişlənməsinə biganə qalmayacaq və bu yöndə adekvat addımlar atacaq. Bu adekvat addımlar da bir sıra post-sovet respublikaları ilə münasibətlərin yeni müstəviyə gətirilməsini özündə ehtiva edə bilər. Söhbət ötən əsrin əvvəllərində baş verən bolşevik işğalından getmir, Putinin düşündükləri daha müasir layihənin realizə edilməsini nəzərdə tutur. Hesab edirəm ki, Avrasiya İqtisadi Birliyi Nazarbayev və Putin tərəfindən Avropa Birliyinə alternativ kimi nəzərdə tutulmuş geosiyasi layihədir. Əgər Putin MDB məkanındakı dövlətləri bu ittifaqa cəlb edə bilsə, tədricən Avropa Birliyinə alternativ qurumun yaradılmasına nail olacaq.

Avropa Birliyi daxilində mənfi tendensiyalar yaranıb. Böyük Britaniyanın bu birlikdən çıxmasının daxildə “domino effekti” yaradacağı ehtimalı, Fransa-Almaniya münasibətlərindəki gərginlik, ittifaqa üzv olan bir sıra dövlətlərin Rusiyaya münasibəti göstərir ki, Putinin bu layihəni reallaşdırmaq imkanları kifayət qədər böyükdür. Konstitusiyaya edilən dəyişikliklər də onun bu imkanlarını hüquqi cəhətdən genişləndirmiş oldu.

- Türkiyə Fransa, Misir, BƏƏ, Yunanıstan kimi dövlətlərin hücumları qarşısındadır. Sizcə, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni bu qarışıq situasiyadan hansı formada çıxaracaq?

- Söhbət Türkiyənin Liviya ətrafında məlum dövlətlərin hərbi qüvvələri ilə qarşıdurmasından və ya başlayan hərbi əməliyyatlardan gedə bilər. Çünki Türkiyəyə birbaşa hücumlar olsa, NATO nizamnaməsinə görə, müttəfiqlər onun köməyinə gəlməlidirlər. Həmin dövlətlər də bunu bilməmiş deyil. Amma Türkiyənin PKK terror təşkilatına qarşı Suriyada apardığı hərbi əməliyyatlara münasibətdə ABŞ-ın bu qurumun məlum qanadlarına qarşı dəstək verməsi göstərdi ki, türk dövlətinə qarşı yanaşma birmənalı deyil. Rusiyadan “S-400” sistemlərinin alınması ətrafında ABŞ tərəfindən yaradılan proses də bunu təsdiq etdi. Bu, onu göstərdi ki, 1950-ci illərdə NATO-ya üzv qəbul edilərkən Türkiyəyə olan münasibət indikindən fərqli olub.

Hərçənd ki, Türkiyənin özünə də ciddi ehtiyac var, Tramp bunu bilməmiş deyil. Buna görə də Tramp hökuməti tərəfindən Türkiyə ilə münasibətlərdə yaranmış problemləri aradan qaldırmaq üçün bir sıra addımlar atıldı. Amma Liviya ətrafında maraqlar üst-üstə düşmür. Əslində ABŞ Türkiyənin Liviya və Aralıq dənizinin şərqindəki maraqlarının fərqinə varır, amma digər NATO müttəfiqləri – Yunanıstan və Fransa bunu anlamaq istəmir. Buna görə də ABŞ bu iki NATO üzvünün Türkiyə ilə birbaşa hərbi toqquşmasına imkan verməməlidir. Çünki belə bir proses birmənalı şəkildə NATO-nun çökməsinə, dünyada Rusiyanın xeyrinə yeni hərbi, geosiyasi və geoiqtisadi düzənin formalaşmasına gətirib çıxaracaq. Eyni zamanda, ABŞ-ın yeni dünya düzəni ilə bağlı planlarını alt-üst edə bilər. ABŞ Yaxın Şərqdə bu layihəni reallaşdırmaq üçün Türkiyəyə ayrıca bir yer ayırıb. Yəni Türkiyənin “vurulması” ABŞ-ın maraqlarına yaxşı heç nə vəd etmir.

Avropa Birliyinin də Türkiyəyə münasibəti birmənalı deyil. 1980-ci illərdən bəri Türkiyə onun üçün müəyyən edilmiş öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, bu birliyə üzv qəbul olunmadı. ABŞ isə Avropa Birliyindən fərqli olaraq, 1915-ci il hadisələrinə yaxın durmur. Yəni Avropa Birliyinə üzv dövlətlərin parlamentləri ilə müqayisədə ABŞ Konqresi bu olayları “soyqırım” kimi qəbul etmədi. ABŞ-da onu da bilməmiş deyillər ki, təhdid və təzyiqlər Türkiyəni Rusiyaya bir qədər də yaxınlaşmağa sövq edə bilər.

Maraqlı məqam budur ki, Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təmin olunması Türkiyə-Rusiya-İran alyansının əlində cəmləşib. Bu alyansın səyləri nəticəsində ABŞ-ın Suriyadakı mövcud iqtidarı devirmək planının qarşısı alındı. Üstəgəl, bu prosesləri kənardan izləyən bir dünya nəhənginin – Çinin Rusiya, Türkiyə və İrana münasibəti normaldır, bu da o deməkdir ki, Ankaranı özündən uzaqlaşdırmaq ABŞ-a baha başa gələ bilər. ABŞ da buna imkan vermək istəmir.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.