Qulu Məhərrəmli: "Çünki mətbuatı başına buxov keçirib, girov edib, ayrı-ayrı məmurlara vermişdilər"

14-07-2020, 11:48           
Qulu Məhərrəmli: "Çünki mətbuatı başına buxov keçirib, girov edib, ayrı-ayrı məmurlara vermişdilər"
Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçısının imzaladığı Sərəncam media nümayəndələri tərəfindən müzakirə olunmaqdadır. Budəfəki yubiley koronavirus pandemiyasına təsadüf etsə də, tədbirlərin mövcud şəraitə və şərtlərə uyğun keçiriləcəyi vurğulanır. Jurnalist təşkilatları Sərəncamda qeyd olunan məqamlarla bağlı çalışmalarını davam etdirirlər.

Media qurumları yaxın günlərdə yubiley və jurnalistlərin təltif olunması ilə bağlı təkliflərini dövlət rəhbərinə təqdim ediblər. Ölkə mətbuatının durumu və jurnalistlərin təltifatı ilə bağlı “Şərq”in suallarını cavablandıran Əməkdar jurnalist, BDU-nun professoru, teletənqidçi Qulu Məhərrəmli maraqlı nüanslara toxunub və problemləri dilə gətirib. Professor mətbuatın indiki vəziyyətini qənaətbəxş saymasa da, gələcəyə ümidlə baxdığını söyləyib...
- Qulu müəllim, Prezidentin milli mətbuatın 145 illik yubileyi ilə bağlı Sərəncamını necə şərh edərdiniz?

- Dövlət başçısının Sərəncam mətnində iki mühüm məqam var. Budəfəki rəsmi sənəddə irəli addım odur ki, mətbuatın tarixi, inkişaf mərhələləri, xüsusən Cümhuriyyət dövrü ayrıca vurğulanıb. Bu, çox təqdirəlayiq haldır ki, biz Cümhuriyyət dəyərlərinin, azad sözlə bağlı dəyərlərin rəsmi şəkildə təbliğ olunmasını istəyirik. Digər mühüm məqam sənəddə medianın indiki vəziyyətinin qısa da olsa əks olunmasıdır. Sərəncamda media ilə bağlı vəzifələr də müəyyənləşib. Vurğulanıb ki, media Azərbaycan cəmiyyətini ifadə etməli, nöqsanları qabartmalı, problemləri cəmiyyətə çatdırmalıdır. Eyni zamanda maarifçilik işi aparmalıdır. Bunlar müsbət meyillərdir və mətbuatın vəzifələridir. İndi gərgin və narahat şəraitdir, pandemiya ciddi problemlərə səbəb olub, birbaşa ünsiyyət azalıb və s. Buna rəğmən, mətbuatın 145 illiyinin qeyd olunması mediaya verilən dəyər və qiymətdir. Həm də mətbuatın cəmiyyətdəki rolunun yüksək dəyərləndirilməsidir.

- Mətbuatın hazırkı vəziyyətini, xüsusən geridə buraxdığımız son 5 ilini necə dəyərləndirirsiniz?

- Son 5 ili Azərbaycan mətbuatı üçün tozlu “qara lövhə”, “qara səhifə” hesab edirəm. Məncə, ötən 4-5 il bizim mətbuatın ən ağır dövrüdür. Niyə ağır dövrüdür? Ona görə ki, mətbuata göstərilən qayğıya, dövlətin ayırdığı maliyyəyə, qanunvericiliyin tənzimlənməsinə və hüquqi bazanın yaradılmasına rəğmən, mətbuat öz rolunu oynaya bilmədi. Təəssüf ki, ayrı-ayrı məmurlar, oliqarxlar əllərinə keçirtdikləri mətbu orqanların yönünü dəyişməyə, mətbuatı cəmiyyətdən təcrid etməyə, ölkəyə fayda verə biləcək platformadan yayındırmağa cəhd etdilər. Əfsuslar olsun ki, bu cəhdlər acı nəticələr verdi. “Qara səhifə” deyəndə media böhranını nəzərdə tuturam. Media cəmiyyətdə öz rolunu oynaya bilmirsə, bu, artıq böhrandır. Mətbuatın başına buxov keçirib, girov edib, ayrı-ayrı məmurlara vermişdilər. Həmin adamlar mətbuatla istədiyi kimi davranır, medianı öz məqsədləri üçün istifadə edir, arzu etdikləri istiqamətə yönəldirdilər.

Qəzetlər, saytlar, televiziyalar, radiolar, hamısı eyni vəziyyətdə idi. Nəticədə mətbuatı məhdud çərçivəyə salmaq, xırda məqsədlər üçün faydalanmaq jurnalistika üçün olduqca ciddi problemlər yaratdı. Ötən dövr ərzində istedadlı adamlar mətbuatdan getdi, aparıcı qəzetlər bağlandı. Qapadılan media qurumlarında çalışan istedadlı, peşəkar jurnalistlər yeni açılan saytlara cəlb olundular. Ancaq həmin saytlar başqa məqsədlərə xidmət edirdi. Qeyd etdiyim məqamlar mənfi mənada mətbuatda ciddi keyfiyyət dəyişikliyinə gətirib çıxardı. Təsəvvür edin, maliyyə ayrılır, dövlətin milyonlarla vəsaiti sərf olunur, ortada inkişaf, müsbətə doğru dəyişiklik yoxdur. Ötən dövr ərzində dövlət tərəfindən mətbuata 50 milyon manata yaxın maliyyə ayrılıb. Əfsuslar olsun ki, bu qədər vəsaitə rəğmən, medianın keyfiyyətindən danışmaq mümkünsüzdür. Yaşananlar medianı cəmiyyətdən ayırıb.

- Mətbuatda yeni mərhələnin başlanacağı deyilir. Gözləntiləriniz hansı yöndədir? Medianın keyfiyyətcə inkişaf edəcəyini düşünürsüzmü?

- Mətbuatın inkişafı üçün atılan addımlar, mediaya verilən “oksigen” bizdə ümidlər yaradır. Görün, indiyə kimi nə qədər mənasız qəzetlərə pul ayrılıb. Adı heç yerdə olmayan qəzetlərə yüz minlərlə vəsait verilib. Təəssüf ki, onların bir qismi yenə də maliyyələşir. Dövlət vəsaitini bu qədər israf etmək olmaz. Ancaq biz ümidliyik. Hazırda Azərbaycan mətbuatında ictimai fikrə təsir etmək imkanında olan qəzetlər var. Məsələn, “525-ci” və “Şərq” ənənəsi olan qəzetlərdir. Bu iki mətbu orqan müstəqillik dövründə ortaya çıxdığı üçün cəmiyyətdə daha ciddi rol oynaya bilirlər. Çox arzu edərdim ki, mətbuatımız inkişaf etsin, normal, etik qaydalara uyğun, nöqsanları tənqid edən qəzetlərimiz formalaşsın. Siyasi mübarizə aparmasınlar. Sadəcə, medianın prinsiplərinə uyğun fəaliyyət göstərsinlər və cəmiyyətə fayda versinlər. Son bir-iki ildir mətbuatda canlanma müşahidə olunur. Güman edirik, dəyişikliklər yaxşılığa doğru olacaq. Hər halda media sahəsində yeni təfəkkürlü insanlar vəzifəyə gəlir. Xeyli vaxt qaranlıqda qalan məsələlər gün üzünə çıxır. Həm KİVDF-də, həm də MTRŞ-da ciddi analitik yanaşmalar ortaya qoyulur. Ümid edirik, proses davam edəcək, dərinləşəcək və sözün həqiqi mənasında islahatlara çevriləcək. Belə olarsa, cəmiyyətin mətbuatdan gözləntiləri çoxalacaq.

- Çap mətbuatının inkişafı dedikdə, sadəcə, keyfiyyəti və obyektivliyi nəzərdə tutursuz? Yoxsa yayım və satış da önəmli amillərdir?

- Yayım və satış qəzetçiliyin əlifbasıdır. Siz keyfiyyətli qəzet buraxa bilərsiz, ancaq oxucu köşklərdə qəzet tapmasa, nəqliyyatda, küçədə səyyar satıcı ilə rastlaşmasa, qəzet necə yayıla bilər? Yayımı düzgün qurmaq və genişləndirmək qəzetçiliyin ən mühüm elementidir. Bu sahə mütləq dirçəlməlidir. “Qaya” yayım şirkəti fədakarlıq göstərərək müəyyən işlər görür. “Azərmətbuatyayımı”nı isə pis günə qoyublar. Bilərəkdən satışa ciddi şəkildə mane olublar. İndi bunların hamısının səbəbləri tədricən ortaya çıxır. Ayrı-ayrı fərdlərin mətbuat üzərində monopoliyası, mediaya ayrılan pullara göz dikmələri, dövlət siyasətinin təhrif olunması çox bərbad vəziyyət yaradıb. Hesab edirəm, mətbuat ictimai nəzarəti təmin edən ən ciddi, sınanmış mexanizm kimi çox işlər görə bilər və görməlidir. Ona görə də bütün media infrastrukturu paralel işləməlidir. Qəzetlərin çap və yayım problemi olmamalıdır.

- Jurnalistlərin mükafatlandırılması məsələsi də yubiley öncəsi ciddi müzakirə olunur və müxtəlif təkliflər səslənir. Bu barədə düşüncələriniz nədir?

- Əvvəlki dövrlərdə jurnalistlərin təltif olunmasında ciddi nöqsanlara yol verilib. Şəxsi tanışlıqla, “bu filankəsin qohumudur, dostudur” yanaşması ilə mükafatlandırma aparılıb. Layiqli jurnalistlər hansısa oliqarxa yaxın olmadığı üçün təltif edilməyib. Dəfələrlə demişəm, mətbuat tariximizdə Möhləddin Səməd kimi jurnalist var idi, daim araşdırma aparır, yazırdı. Onunla bağlı neçə yerə müraciət etmişdim, heç özünün xəbəri yox idi. Çox sakit insan idi. Ona mükafat, ad vermədilər. Nə qədər adam var ki, qiymətli işlər görür. Amma bu və ya digər səbəbdən haqları yeyilir. Bilirsiz, mükafatlandırma bütün hallarda sovet düşüncəsidir və münasibət birmənalı deyil. Ancaq proses gedirsə, mükafatlandırma obyektiv aparılmalıdır ki, narazılıqlar olmasın. Əvvəllər yaxşı qələm sahiblərini, layiqli jurnalistləri kölgədə qoyublar, qiymətləndirməyiblər. İlk növbədə mətbuatda böyük xidməti olan nəsil mükafatlandırılmalıdır. Onlar sovet dövründən müstəqilliyə keçiddə mətbuatın dayaqlarını təşkil ediblər, mətbuat ənənəsini yaşadıblar. Həmin jurnalistlərin qiymətləndirilməsi çox gözəl olardı. Şübhəsiz, yüz faiz ədalətli olmaq mümkün deyil. Amma buna çalışmaq lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.