BBC Nikolu darmadağın etdi: sensasion suallar... - Video

15-08-2020, 03:21           
BBC Nikolu darmadağın etdi: sensasion suallar... - Video
Ermənistan Baş naziri Nikol Paşinyan BBC telekanalında bu gün yayımlanan "Hardtalk" verilişinin aparıcısı Stiven Sakurun kəskin sualları qarşısında dəfələrlə çıxılmaz vəziyyətə düşüb. "Sorosun çocuğu" kimi tanınan Baş nazir istər siyasətçi, istərsə də jurnalist kimi diletant olduğunu bir daha bütün dünyaya nümayiş etdirib.
Teref.az Musavat.com-a istinadən həmin müsahibənin detallarını təqdim edir:

Öncə onu qeyd edək ki, bu müsahibə bu ilin fevralında Almaniyanın Münhen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olaraq keçirilən konfransda təşkil olunmuş ayrıca paneldə Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyan arasında keçirilmiş açıq debatı xatırladırdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar olan həmin debat zamanı Ermənistanın Baş naziri beynəlxalq səviyyədə iflasla üzləşdi. Azərbaycan Prezidenti İlham Əliyev isə həmin debatdan zəfərlə çıxdı. Siyasətçi və diplomat kimi N.Paşinyandan üstün olduğunu birmənalı şəkildə ortaya qoydu. Bu üstünlük o həddə idi ki, hətta erməni ekspertlər N.Paşinyanı güclü tənqid atəşinə tutdular. Onlar Paşinyanın Prezident Əliyev qarşısında son dərəcə miskin duruma düşdüyünü dəfələrlə yazdılar, dedilər.

“Hardtalk” meydanında da Nikol Paşinyan növbəti iflasla üzləşdi.

“Nikol Paşinyan: Ermənistan və Azərbaycan üçün sülh?” başlıqlı təqdimatda N.Paşinyan haqqında deyilirdi: “O, hakimiyyəti siyasi islahatlar vədi ilə ələ keçirmişdi, bəs necə oldu ki, Ermənistan hələ də köhnə müharibələrə qərq olmuş vəziyyətdədir?”

Jurnalistin ittiham xarakterli fikirləri kəskinliyi ilə seçilirdi. Verlişdə aparıcı tərəfindən səslənən fikirlərə diqqət edin:

- “Cənab Paşinyan Ermənistana yeni başlanğıc vəd etmişdi”.

- “Ermənistanda baş vermiş siyasi inqilab onun Dağlıq Qarabağ üzərində Azərbaycanla uzun illər davam edən münaqişəsinə son qoyacağına ümidlər yaratdı, lakin belə olmadı”.

- “Ermənistan əhalisinin əhvalına baxanda onların məxməri inqilaba olan böyük ümidlərinin puç olduğunu görmək olar. Səhv nədə idi?”

Özü də jurnalist olmasına baxmayaraq, N.Paşinyan S.Sakurun ilk sualına, “Mən sizin təəssüratla tamamilə razı deyiləm”, deyə cavab verib. İngilis dilində ala-babat danışan və adi qrammatik qaydaları pozan N.Paşinyan Ermənistanın məxməri inqilabdan sonra dünya reytinqlərində demokratiya, insan haqları, iqtisadi inkişaf, antikorrupsiya, məhkəmə islahatı sahələrində ən sürətli inkişaf edən ölkə kimi tanındığını iddia edib. O, Ermənistandakı hazırkı acınacaqlı vəziyyəti pandemiya ilə əlaqələndirməyə çalışıb.

“Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Sanki Ermənistan əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir?”

N.Paşinyanın bu kimi suallara verdiyi cavab isə gülüş doğururdu. Baş nazir dedi ki, mən yeganə Ermənistan lideriyəm ki, münaqişənin həllinə yeni formula gətirmişəm. Yəni münaqişə elə həll olunmalıdır ki, bundan Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan razı qalsın.

BBC-nin aparcısı buna cavab olaraq dedi ki, lakin əməllər sözlərdən daha çox şey deyir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi artilleriya atəşinə məruz qaldı, 76 yaşlı dinc sakini qətlə yetirildi: “Bir daha deyirəm ki, sizin apardığınız siyasət sülhə nail olmaq məqsədi daşımır”.

Növbəti sual isə daha kəsin oldu: “Siz özünüz son aylarda gərginliyi artıran bir sıra təxribatçı hərəkətlərə yol vermisiniz. Məsələn, niyə siz keçən ilin avqust ayında Stepanakertə (Xankəndi) gedərək, “Artsax (Siz Dağlıq Qarabağı belə adlandırırsız) Ermənistandır və nöqtə” bəyanatı verdiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu, Azərbaycana qarşı açıq-aydın bir təxribat idi”.

Aparıcıya cavab verməkdə çətinlik çəkən Paşinyan "Artsax" adının bir neçə min il yaşı olmasından dəm vuranda S.Sakur onun sözünü kəsərək, dedi: “Sizin iddia etdiyiniz minillik tarixinizə girmək niyyətimiz yoxdur. Bizim məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsız. Siz açıq-aşkar sülhpərvər deyilsiz”.

Bu kimi ittihamlara verməyə əsaslı cavab tapmayan N.Paşinyan bildirdi ki, BMT-nin sözügedən qətnamələrində Ermənistanın adı çəkilmir. Söhbət Dağlıq Qarabağ ermənilərinin yaratdığı özünümüdafiə qüvvələrindən gedir...

S.Sakur Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni yolun inşa edilməsini avropalı ekspertlər tərəfindən beynəlxalq hüququn pozulması, qeyri-qanuni işğal faktının möhkəmləndirilməsi kimi dəyərləndirdi. Onun sözlərinə görə, “Ermənistan Dağlıq Qarabağ məsələsində millətçilik mövqeyindən çıxış edir, Ermənistan hakimiyyətinin hazırkı strategiyasında heç birmənalı sülh elementi sezilmir. Siz sələflərinizdən heç nə ilə fərqlənmirsiz. Ermənistan əhalisi üçün vacib olan bu problemin həlli üçün siz heç bir fərqli yanaşma təqdim etmirsiz”.

Baş nazir bu suala cavab olaraq bildirdi ki, həmin yolu Ermənistan yox, Dağlıq Qarabağ çəkir. Təbii ki, bu kimi iddialar ciddi qəbul oluna bilməzdi...

S.Sakur daha irəli gedərək Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı ağır müharibə cinayətləri və insan haqları pozuntuları törədildiyini, bu cinayətlərin əksər müstəqil müşahidəçilər tərəfindən sənədləşdirildiyini N.Paşinyanın diqqətinə çatdırdı: “Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu, sadə sualdır. Bəli, ya xeyr?"

Keçmiş hüquq müdafiəçisi N.Paşinyan “...bütün müharibələrdə insan fəlakətləri olur”, deməklə canını qurtarmağa çalışdı. Sumqayıtda da "poqrom"ların törədildiyini vurğuladı. Aparıcı artıq neçənci dəfə onun sözünü kəsərək, dedi: "Aydındır ki, siz "üzr istəyirəm" deməyəcəksiniz"...

Koronavirus mövzusuna keçən S.Sakur pandemiya ilə mübarizədə Ermənistan hakimiyyətinin səylərini və strategiyasını ciddi uğursuzluq adlandırdı, yayılma statistikasının qonşu Gürcüstan və Azərbaycanla müqayisədə olduqca acınacaqlı olduğunu bildirdi: “Siz may ayında Arayik Arutunyanın “inauqurasiyasında” iştirak edəndə maska taxmamışdınız, iyunun ortalarında sizin ölkədə ciddi epidemioloji böhran hökm sürürdü və siz öz əhalinizi məsuliyyətsizlikdə ittiham etməyə başladınız. Sizin maskasız insanlar arasında olmağınız liderlik kimi görünmürdü. Sizin ünvanınıza əhali və digər siyasi partiyalar tərəfindən kəskin ittihamlar səsləndirildi”.

Bu suala, daha doğrusu ittihama N.Paşinyanın cavabı heyrət doğurdu. O dedi ki, o vaxt Dağlıq Qarabağda qayda belə idi, maska taxılması barədə hələ göstəriş verilməmişdi və biz yerli qaydalara uyğun şəkildə hərəkət etməli olduq.

S.Sakur beynəlxalq təşkilatlar tərəfindən Ermənistandakı demokratik vəziyyətin də kəskin hədəf obyektinə çevrildiyini, ölkədə ciddi insan haqları pozuntularının, xüsusilə azlıqlara və zərif təbəqələrə qarşı ayrıseçkiliyin hökm sürdüyünü, korrupsiyaya qarş mübarizənin yetərli olmadığını, siyasi rəqiblərə qarşı repressiyaların davam etdiyini də vurğuladı.

N.Paşinyan bu kimi ittihamlara da məntiqsiz və əlaqəsiz cümlələrlə cavab verməli oldu.

“SSRİ dağılanda Dağlıq Qarabağın əhalisinin 90 faizi ermənilərdən ibarət idi”. N.Paşinyan cavablarının birində belə dedi və dərhal sonra lap ağ elədiyinin fərqinə vardı və 90 faizdən 80 faizə düşdü.

Verilişin sonunda jurnalist soruşdu ki, siz Ermənistanı Qərbə doğru aparacaqsız, yoxsa Rusiyanın yanında qalacaqsız? Paşinyan suala birmənalı cavab vermək istəmədi. Sözünün canı o oldu ki, Rusiya ilə strateji müttəfiq olaraq qalacağıq. İranla da yaxşı münasibətlərimiz var: "ABŞ-ın İrana yönəlik sanksiyaları da bizlik deyil. Amma NATO-nun keçirdiyi hərbi təlimlərə də qatılırıq..."













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.