Deputat: “Bəzilərindən fərqli olaraq yerim-yurdum bəllidir”

29-04-2015, 16:08           
Deputat: “Bəzilərindən fərqli olaraq yerim-yurdum bəllidir”
Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrənir. Bu dəfə suallarımıza 107 saylı Qazax seçki dairəsindən seçilən deputat Əhməd Vəliyev cavab verir.

- Hər bir deputatın namizəd olarkən, seçki platformasında verdiyi vədlər çox maraqlıdır. Eyni zamanda, sizin deputatlığa namizəd olarkən üzərinizə götürdüyünüz işlərin, verdiyiniz vədlərin nə dərəcədə yerinə yetirilməsini bilmək istərdik.

- Hər bir deputatın nəinki 5 illik, hər aylıq, hər günlük platforması olmalıdır. Bunu özümə də şamil edirəm. Demək olar ki, platformama uyğun düşündüklərimin əksəriyyətini yerinə yetirmişəm. Milli Məclisin bütün iclaslarında iştirak etməklə yanaşı, lazım olan məsələlərə münasibətimi bildirmişəm. Deputat seçildiyim bölgə ilə bağlı seçicilərimin məndən xahiş etdikləri bütün məsələləri hökumətin hesabatı, büdcənin təsdiqi zamanı qaldırmışam. Bu gün təsəvvür etmədiyimdən də artıq o işlərin hamısı yerinə yetib. Bu yaxınlarda Milli Məclisdə qaldırdığım məsələlərin öz həllini tapdığına görə hökumətə minnətdarlığımı da bildirdim.

- Bəzən seçicilərin aidiyyəti olmayan məsələlərlə bağlı müraciəti bəzi deputatlar tərəfindən yaxşı qarşılanmır. Kimlərinsə şəxsi istəkləri bəzi deputatlara xoşagələn təsir bağışlamır. Sizdə vəziyyət necədir? Aidiyyəti olmayan məsələlərlə bağlı müraciətlərə baxmaqdan imtina etmisinizmi?

- Bildiyiniz kimi, bizim xalqın öz mentaliteti var. Bəzən ümumi rayon, ümumi kənd məsələləri bir tərəfdə qalır, şəxsi məsələlər qabardılır. Təbii ki, mənə də şəxsi məsələlərlə bağlı müraciətlər olub. İmkanımız daxilində həmin müraciətlərin öz həllini tapmasına köməklik etmişik.

- Yaddaqalan və gülməli formada müraciət edən seçicilərinizin olmaması mümkün deyil. Sadəcə, bir neçəsini danışmağınızı istərdik.

- Təbii ki, o cür müraciətləri yaddan çıxartmaq olmaz. Elə seçicilər olub ki, hər hansı məhkəmə işi ilə bağlı mənə müraciət edib. Birini danışım. Məsələn, bir dəfə seçicilərdən biri etdiyi səhvlə bağlı müraciət etmişdi. “Birinci dəfədir ki, belə bir hadisə törətmişəm. Etdiyim işin səhv olduğunu bilirəm. Sizdən ricam odur ki, məhkəmədən etdiyim işlə bağlı bağışlanmağımı xahiş edəsiniz”.

Təbii ki, bu cür məsələləri daha dərindən araşdırmışıq. Əgər müraciət edən vətəndaşın həqiqətən də günahı azdırsa və birinci dəfədir ki, belə səhv edibsə, o zaman bütün bunları nəzərə alıb kömək etmək məsələsini gündəmə gətirmişik. Elə seçicilər olub ki, torpaq məsələsi ilə bağlı müraciət edib. Biz də rayon icra hakimiyyətinə müraciət edən şəxsin torpaq almaq məsələsinin həll olunmasını xahiş etmişik. Onlar da kömək ediblər. Ümumiyyətlə, bu tipli müraciətlər və məsələlər çoxdur. Sadaladıqca bitən deyil.

- İcra başçısı ilə münasibətləriniz hər zaman yaxşı səviyyədə olub?

- Əlbəttə. Belə başa düşürəm ki, deputatla icra başçısının fikirləri üst-üstə düşmürsə, deməli, onlardan hansısa biri, başqa niyyətə xidmət edir. Bunu belə qəbul edirəm. Ona görə də hər zaman icra başçısı ilə tutduğumuz istiqamət eyni olub. Məsələlərə yanaşmamız da bərabər səviyyədə olub.

- İcra başçısından sizə şikayət edən seçiciləriniz də olmayıb?

- Qazax rayon icra başçısından o tipli şikayətlər daxil olmayıb. Amma ayrı-ayrı təşkilatlara gəlincə, deyə bilərəm ki, şikayətlər çox olub. Biz də həmin təşkilatlarla əlaqə saxlayaraq, vəziyyətin yaranma səbəblərini öyrənməyə çalışmışıq. Hətta seçicilərin şikayətlərinin həll olunması üçün kömək etmələri barədə tapşırıq da vermişik. Qazax rayon icra başçısı müraciət edən hər bir seçicini yüksək səviyyədə qəbul edir. Ona görə də tam əminliklə Qazax rayonunda elə bir problemin olmadığını deyə bilərəm.

- Siz həm də elm ocağına rəhbərlik edirsiniz. Odlar Yurdu Universitetinin rektorusunuz. Seçiciləriniz arasında adıçəkilən universitetə üz tutub övladlarının təhsil məsələləri barədə müraciət edənlər olubmu?

- O qədər çox şikayət və müraciətlər olub ki!... Nəinki şikayətlər hətta, bu işlə bağlı “mənə kömək edin” deyirlər. Bildiyiniz kimi, bəzi insanlardan fərqli olaraq yerim-yurdum bəllidir. Rayona gedəndə rayona, Bakıya gələndə isə universitetə hər hansı məsələlərlə bağlı müraciət edirlər. Elə seçicilərim olub ki, övladlarının xarici ölkələrdə təhsil almalarına köməklik etmişəm. Çünki qabiliyyətli uşaqlar da çoxdur.

- Müraciət və şikayətlərin yaş fərqi varmı? Yəni daha çox yaşlı, yoxsa gənc insanlar müraciət edir?

- Əslində, müraciətlərin, şikayətlərin yaşa dəxli yoxdur. Demək olar ki, cinsindən asılı olmayaraq hər yaşda müraciət edən seçicilər olur. Onlar problemi olduğuna görə müraciət edirlər və özləri üçün ümid yeri axtarırlar. Onu da əlavə edim ki, biz də deputatlığa namizəd olarkən seçicilərimiz qarşısında harada hüquqlarının tapdalanması halları ilə qarşılaşarıqsa, hər hansı məsələdə çətinlikləri olarsa, qanun çərçivəsində yardım əlimizi uzadıb kömək edəcəyimizə dair söz vermişik. Ona görə də hər bir seçicinin müraciəti müxtəlif məsələlərlə bağlı ola bilər. Demək olar ki, hər gün bizə müraciət edirlər.

- Qazax rayonu düşmənlə sərhəd rayonlarımızdan biridir. Məcburi köçkünlərlə bağlı hansı işləri görmüsünüz? Eyni zamanda, məcburi köçkünlərin müraciətləri nədən ibarət olur?

- Bildiyiniz kimi, Qazax rayonunun bir neçə kəndi işğal altındadır. Qazax rayonunda məskunlaşan məcburi köçkünlərlə bağlı qaldırdığım məsələ hökumət tərəfindən öz həllini tapıb. Ona görə də hökumətimizə bir daha təşəkkür edirəm. Qazax rayonunda beşmərtəbəli binalardan ibarət şəhərcik salınıb. Eyni zamanda, Qızıl Arzu kəndinin bərpası ilə bağlı cənab baş nazir imza atıb. O kənd işğal altındadır. Sadəcə, həmin kəndin təhlükəsiz hissəsinin bərpası öz əksini tapmaq üzrədir. Deputat seçildiyim ilk zamanlarda müraciətlər daha çox idi. Evlərinin dam örtüyünün olmaması, xarab olması, çətin vəziyyətdə yaşamaları ilə bağlı müraciətlər olurdu. Son zamanlar bu cür məsələlər qaydaya salındığından və onların daimi yaşamaları üçün qəsəbələrin salınması, kəndlərin bərpası məsələsi həll olunduğundan bu cür müraciətlər azalıb.

- Qazax rayonunda bu cür işləri yenidən görmək üçün növbəti 5 ildə deputat seçilmək fikriniz varmı?

- Növbəti dəfə deputat olmağım mənim istəyimdən asılı deyil. Əgər seçicilərim məni öz rayonlarının deputatı görmək istəsələr namizədliyimi verəcəyəm. Əksinə, seçicilərimin növbəti dəfə deputat seçiləcəyimdən narazılıqlarını hiss etsəm, o zaman iştirak etmək istəməzdim.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.