Nigar Yaqublu: "Nərgizin oğlunun atası varkən biz onu istəyə bilmərik"

30-04-2015, 10:16           
Nigar Yaqublu: "Nərgizin oğlunun atası varkən biz onu istəyə bilmərik"
“Komaya girəndə xəstəliyini dedilər... onunla bir yerdə mən də komaya düşdüm”

“2 gün qaldı. Görəsən, buraxacaqlar?” Müxalifət dəhlizlərində, qəzet redaksiyalarında, ciyərparası üçün qurulan yas çadırında bütün suallar Tofiq Yaqublunun azadlığı ətrafındadır. Hami gözləyir... Bircə Nigar Yaqubludan başqa: “Əlbəttə istəyirəm atam azadlığa çıxsın. Ancaq heç ümidim yoxdu. Həbs müddətində bircə dəfə ümidlənmişdim – yeni il əfvində. Siyahı çıxanda atamın adını axtarmışdım onda. Hamı deyir ki, Tofiq bəyi buraxacaqlar. Xeyli tanınan şəxs müraciət edib, Milli Məclisdə danışılıb. Ancaq mən gözləmirəm. İndi düşündüyüm, ağlımda olan Nərgizdi. Yalnız Nərgiz”.

Qonşu otaqda qadınlar Nərgizi oxşayır... Nigar davam edir: “9 aydı Nərgizi görmürəm. İndi də elə bilirəm, Rusiyadadı, indi watsapp-da nəsə yazacaq, gülməli bir video çəkib göndərəcək. Ərköyün bacım... Əslində bizim 1 yaş fərqimiz var. Ancaq evdə mənə həmişə deyiblər, sən böyüksən, filan işi sən gör, filan işin dalınca sən get. Uşaqlıqdan elə öyrəşmişik. Ona görə çoxları elə bilir bizim 3-4 yaş fərqimiz var. Bir problemi olan kimi, ya ata-anamızdan bir söz “keçirmək” istəyən kimi mənə elə bir “bacı” deyirdi ki, daha onun qabağında istəyini yerinə yetirməmək mümkün olmurdu”.

Söhbət Nərgizin ailə qurmasının üzərinə gəlir: “Bircə anam istəmirdi onun getməyini. O da ailəyə, uzaqlığa görə yox. Nərgizin yoldaşının anası ilə anam doğma xalaqızıdılar. Sadəcə, ana Nərgizin ərköyünlüyünə görə ehtiyat eləyirdi. Evdə biz onu ev-eşik qayğısı çəkməyə qoymamışıq. Anam deyirdi burda olsa, iş-gücünün bir ucundan da biz yapışarıq, uzaqda dolanarmı, görən? Ancaq çox xoşbəxt idi. Yazırdı ki, ana, mən fikirləşdiyimdən də çox xoşbəxtəm”.

Nigar deyir ki, Tofiq Yaqublu da Nərgizə elçi gələndə həbsxanadan xəbər göndərib ki, ürəyi necə istəyir, elə də eləsin: “Atanın həbsxanada evlilik məsələsinə baxışı dəyişdi. İçəridə zaman haqqında insanın anlayışı başqa olur. Düzdü, orda vaxt çox gec gedir. Ancaq həyat haqqında düşünməyə vaxt çox olur. İnsan anlayır ki, xırdaçılıq, maddiyyat üstündə didişmələr, illərlə bütün gücünü-qüvvəni bir məsələyə kökləmək havayıdı. Həyatı könlüncə yaşamaq lazımdı, çünki ömür qısadı. Mən həbsdə olanda ata bir yazı yazmışdı, orda bu fikirlər vardı. Nərgizə elçi gəldiyini biləndə elə dedi ki, uşaqlar nəyi nə cür istəyir, özləri qərar versinlər, evlənsinlər, xoşbəxt olsunlar, mənim etirazım yoxdu. Nərgizlə yoldaşı nişan üzüklərini də almağa özləri tək getmişdilər. Ailə içərisində mərasim elədik. Ancaq atanın içəridə olması toy məsələsində bizi bir az çətin vəziyyətdə qoydu. Yeznəm də ailənin tək oğludu. Onlar mütləq toy eləmək istəyirdilər. Ailələrimiz razılığa gəldilər ki, toy Tomskda olsun. Mənim ölkədən çıxmaq yasağım olduğu üçün gedə bilmədim. Anam getdi. Tomska gedən gündən nazını çəkirdilər. Fərəhlənən yerimiz bir Nərgiz idi. Toydan sonra yoldaşı ilə neçə ölkə gəzdi, gündə nə qədər şəkillər göndərirdi. Yayda gedəcəkdim yanına. Dedim, Nərgiz, o vaxta uşaq da olar, xalası da gələr. Nə planlar qurmuşduq...”

***

Nigar söhbət boyu bir dəfə də Nərgiz haqqında keçmiş zamanda danışmır: “Xəstələnməmişdən bir neçə gün qabaq dedi ki, elə yatmaq istəyirəm, heç gözüm açılmır. Biz düşündük ki, hamiləliyin son aylarıdır, belə ola bilər. Nə xəstəlik ağlımıza gəldi, nə də durumun ciddi olduğunu düşündük. Çünki ona çox qayğı göstərən bir ailənin içərisində yaşayırdı. Dedik ki, problem olsa, qızı götürüb həkimə aparacaqlar mütləq. Bizə məsələ ciddiləşəndən 4 gün sonra dedilər. Artıq xəstəxanada idi. Gündən-günə də vəziyyəti pisləşirdi. Komaya girəndə xəstəliyini dedilər. Elə onunla bir yerdə mən də komaya düşmüşəm. Nə yerdəyəm, nə göydə. Bilirdim ki, internetdə nə qədər informasiya var bu xəstəliklə bağlı. Ancaq oxumaq istəmirdim. Qorxurdum. Elə deyirdim, Nərgiz güclüdü, onsuz da çıxacaq vəziyyətdən. Yoldaşı isə oxuyurmuş. Nə qədər həkimlər gətirdi Nərgiz üçün. Haralardan hansı həkimləri, hansı dərmanları tapmadı ki? Amerikadan belə tapılmayan dərmanları tapdırdı, aldı. Deyir, xəstəliyin ciddiliyinə o da inanmırmış, Nərgiz elə sağlam, elə enerjili idi ki, kim fikirləşərdi o xəstədi? Hamiləlik dövründə neçə dəfə qan analizi verib – heç birində problem çıxmayıb. Xəstəlik çox gizli gedirmiş. Yoldaşı deyir, həkimlər hər dəfə konsiliumdan sonra hansı orqanın sıradan çıxdığını deyəndən sonra yenə o dəhşətli gözləmələr başlayırmış. İndi növbə hansı orqanındır? Yazıq nə gündədir...”

Qonşu otaqdan Maya xanımın ürəkdağlayan səsi gəlir: “Gözəl balam, gözəl gülən balam. Elə bil sakitcə yatmışdı. Hardan biləydim mən? 3 günün içində xəstələnər, gedərmi adam? Quş kimi əlimdən uçan Nərgizim. Bəlkə deyirəm, səni elə uzağa göndərməsəydim, səndən doyardım, ay bala”.

Nigar uşaqlıqlarından danışır: “O qədər videomuz var. Kənddə, Bakıda. Bizim ailədə kimin qanı qara olsa, kefini Nərgiz açırdı... Qəşəng geyinməyi xoşlayırdı. Bahalı geyim almağa imkanımız yox idi, ancaq çalışırdı zövqlə geyinsin. Səhər işə gedəndə görəydiz onu. Nə qədər paltar dəyişər adam? Deyirdim, ay qız day bəsdi, onsuz da hamısı yaraşır sənə. Elə ona görə nə qədər gecikirdi işə. Həyat doludu, yaşamağa həvəsli idi bacım”.

Bacısı deyir, Nərgiz jurnalistliyə meylli deyilmiş, ancaq “Yeni Müsavat”da işləyə-işləyə bu peşəni sevib: “Atanın yanına gedirdik, o da nə qədər tapşırıq verirdi, onu yazın, bunu ona göndərib, onu buna göndərin. Həmişə deyirdi, Nigar, ata deyənləri sən elə. “Yeni Müsavat”a gedəndə də bir az çəkinirdi, deyirdi ki, çətin olar, bacarmaram. Ancaq mühit xoşuna gəlmişdi. Dostlar sağ olsun, nə mən, nə də ata həbs ediləndən sonra ailəmizi tək qoymayıblar. Ona görə biz masanın üstünü həmişə qurulu saxlayırdıq. Nərgiz də işə əlində mütləq bir şey aparmalıydı – konfet, meyvə, tort, evdə nə olsa, otaq yoldaşlarıyla bölüşürdü. Səhər duranda görürdüm konfetqabı boşdu, Nərgiz, çantasını doldurub gedib işə. Orda zarafatla deyirdilər ki, Nərgiz, siz məhbus ailəsisiniz, biz sizə gətirməkdən, sən redaksiyaya konfet daşıyırsan. Əliaçıqdı. Mitinqlərdə uşaqları həbs edib maşınlara mindirən kimi gedib yaxınlıqdan dönər, ayran alıb pəncərədən onlara atırdı ki, yeyin, ac qalmayın”.

Nərgizin oğlunun da durumu gün-gündən yaxşılaşır, şükür. Nigar deyir, balaca Tomskda yaşayacaq: “Onlar üçün də çətindi. Ancaq atası varkən biz onu istəyə bilmərik. Yəqin bura da gətirərlər, bizdə də qalarlar. Yad adamlar deyilik ki...”

***

Yad, qohum, qonşu nə qədər adam gəlir Yaqublulara başsağlığı verməyə. Tofiq bəyin yanındayıq. Çadırda köhnə dostu, silahdaşı Arzu Səmədbəyli ilə oturub.

- Tofiq bəy, 2 gününüz qalıb. Yenə gedirsiz. İnşallah, müraciətlər cavabsız qalmaz. Dünən parlamentdə olanları izləyə bilmisiz?

- Bunu ağıllı və təmkinli cavab vermək üçün demirəm, - nə olacaqsa, olacaq. Mən belə qəbul edirəm. Dostlarım sağ olsun, ailəmiz üçün belə çətin günlərdə bizi tək qoymadılar. Mən bu günlər dostlarımızın nə qədər çox olduğunu gördüm. Hamısının bizim dərdimizə necə içdən yandığını gördüm. Sağ olsunlar. O qədər adam gəldi. Çoxlarını tanımıram, o qədər üzüntülüyəm ki, bəzisinin üzü tanış gəlir, adını xatırlamıram. Səhər lap tezdən Biləcəridən bir qadın gəlmişdi. Heç birimiz tanımırıq. İnternetdə oxuyub olanları. Deyir, evdə qala bilmədim, sizə başsağlığı verməyi özümə borc bildim. O qədər təsirləndim ki.

- Telefonla da başsağlığı verənlər oldumu sizə? Bəlkə də ürəyindən bura gəlməyi keçirənlər, ancaq şəraitə görə gəlməyə ehtiyat edənlər var...

- Mənim telefonum yoxdu. Həbs edilməmişdən işlətdiyim nömrələr Nərgizdə idi. Sonra heç bilmirəm necə oldu. Ev telefonumuza da çox zəng edənlər olub. Bizi dost bilənlər gəlir, zəng edir, təskinlik verir. Müharibə yoldaşlarım gəlmişdilər. Mən onlarla 20 ildən çoxdu görüşmürəm, müharibədən sonra heç bir əlaqəmiz olmayıb, bəzilərinin siması belə yadımdan çıxmışdı – yaşımızın da üstünə yaş gəlib. Yığılıb gəlmişdilər.

- Biz çox ümid edirik ki, sizi azad edəcəklər...

- Olsun. Tam səmimi deyirəm, mənim bu dəqiqə gözümdə əfv yoxdur. Bu haqda danışmaq, “çadır necədə qurulacaq”, “gələnləri yerləşdirə biləcəyikmi” kimi sıradan bir məsələ kimi görünür mənə. Bəlkə bir az keçəcək, başqa cür olacaq... Bəlkə həbsxanada Nərgizin yoxluğunu yaşamaq daha ağır, çətin olacaq. İndi bu haqda düşünə bilmirəm. Fikirlər məni bir yerə çıxarmır. Beynimdə ancaq Nərgizdi...

Aygün Muradxanlı, “Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.