Ukrayna seçkilərindən azərbaycanlı siyasətçilərin çıxardığı nəticələr – nümunə, yoxsa...

23-04-2019, 11:39           
Ukrayna seçkilərindən azərbaycanlı siyasətçilərin çıxardığı nəticələr – nümunə, yoxsa...
Ukraynada aprelin 21-də keçirilən prezident seçkilərinin ikinci turunda Vladimir Zelenski qalib gəldi. Ukrayna xalqı seçimini etdi; rəsmi Forbes milyarderi, prezident Pyotr Poroşenko siyasətdən uzaq aktyora böyük səs fərqi ilə məğlub oldu. Poroşenko bütün əlaqə və bilgilərini xələfinə ötürəcəyini, müxalifətdə mübarizə aparacağını bəyan etdi.

Beynəlxalq birlik Ukraynadakı seçkiləri demokratiya nümunəsi olaraq qəbul edib.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Zelenskinin yeganə üstünlüyü o idi ki, nə qədər əcaib səslənsə də, siyasətçi deyil. Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasətçilərdən bezmişdilər, çünki verilən vədlər yerinə yetirilməyib. Ona görə də vətəndaşlar yeni simaya üstünlük verməyə qərar verdilər.

Politoloqun sözlərinə görə, biz Zelenskinin Cənubi Qafqaz və Azərbaycan siyasəti haqqında da düşünmək məcburiyyətindəyik: “Ukrayna GUAM-ın üzvü kimi Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Ukraynanın keçmiş prezidentlərinin Azərbaycana müsbət münasibətləri olub və Azərbaycanın dəyərini anlayırdılar. Petro Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Yeni prezidentin də bu əlaqələri davam etdirməsi vacibdir. Bunu Zelenskiyə onun müşavirləri və təyin edəcəyi yeni xarici işlər naziri də anladacaq. Onlar Zelenskinin Azərbaycana ilk rəsmi səfərini də hazırlayacaqlar. Əsas odur ki, Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil etməsinə baxmayaraq, yeni prezident ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin”.

Politoloq Şahin Cəfərli isə bildirdi ki, seçkinin ilkin nəticələri bəlli olduqdan dərhal sonra prezident Poroşenkonun məğlubiyyətini etiraf edərək rəqibini qələbə münasibətilə təbrik etməsi Qərb demokratiyasında rast gəldiyimiz çox müsbət hadisədir və Ukrayna demokratiyasının gələcəyi baxımından əla presedent yaradır.

Bəs Ukraynada keçirilən seçkilərdən Azərbaycan siyasi qüvvələrinin əxz etməli olduğu nələr var? Seçkinin bu cür nəticələnməsinin Ukrayna və digər postsovet respublikalarındakı siyasi proseslərə təsiri olacaqmı?

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, Ukraynadakı seçkilər demokratiyanın göstəricisidir. Burada başqa heç nə axtarmağa ehtiyac yoxdur: “Hakimiyyət məğlub olanda belə, rahatca geri çəkilə bilir. Biz bunu Ukraynada gördük. Ukraynada keçirilən seçkilər bizim ölkəmiz üçün nümunədir. Bu cür nümunəni qəbul etmək, bu nümunədən öyrənmək lazımdır. Hakimiyyət də yaxşı olar ki, o nümunəni öyrənsin. Ukrayna seçkilərinin nəticələrinin digər postsovet ölkələrində siyasi proseslərə, cəmiyyətlərə təsiri olacaq. Bir gün digər respublikalarda da eyni proses olacaq”.

VİP sədri Əli Əliyev bildirdi ki, Ukraynadakı seçkilərdən hər kəs nəticə çıxarmalı, müəyyən məsələləri əxz eləməli, dərs çıxarmalıdır: “Bəlli oldu ki, xalq hər işə qadirdir, demokratiya olduqda pul və hakimiyyət də köməyə gəlmir. Siyasətdə müstəsnalıq yoxdur, adi artist də seçkidə qalib gələ bilər. Ukrayna seçkiləri dünya demokratiyası nümunəsində keçirildi. Azərbaycan müxalifətinə ”inkriminasiya" olunan vahid namizəd, müxalifətin birləşməsini müşahidə etmədik. Buna baxmayaraq, müxalifət namizədi seçkini gurultu ilə uddu. Seçkinin gedişinin təminatı Poroşenkonun, yəni hakimiyyətin qanunçuluğa, demokratiya prinsiplərinə, dövlətçilik maraqlarına sayğısından qaynaqlanır. Seçki saxtakarlığı müşahidə edilmədi, müəllim və həkim komissiya üzvlərinin alt paltarlarında bülleten tutulmadı, polis seçkinin nəticələrinə müdaxilə etmədi, komissiya üzvləri həbs olunub məntəqələrdən çıxarılmadı, nəinki total, kiçicik karusellər belə müşahidə edilmədi.

Ukrayna seçkilərinin nəticələrinin postsovet məkanına təsirini bir qədər sonra biləcəyik. Ukrayna Rusiya irəliləyişinin ön cəbhəsidir. Miqyasına görə Rusiyaya müqavimət göstərə biləcək məhz Ukrayna dövlətidir. Ukrayna prezidenti bu siyasəti müəyyən edəcək şəxsdir. Əgər rəsmi Kiyev bundan sonrada Rusiya siyasətini davam etdirəcəksə, bunun ən azı bizə faydası var. Çünki ön səngərdə demokratiyanın mühafizəsində ukraynalılar durub".

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, Azərbaycan müxalifətinin Ukraynadan və ya bir başqa dövlətdən nəyisə öyrənməli olduğunu düşünmür. Çünki hər dövlətin özünün siyasi dəngələri, dünyada tutduğu geosiyasi və geoiqtisadi yeri fərqlidir. Həmçinin burada xalqların milli xarakterləri və siyasi proseslərə baxış bucaqları da fərqlidir: “Odur ki, məncə, hər dövlət, hər xalq siyasi səhnədə öz dəst-xəttini tapmalı və o istiqamətdə hərəkət etməlidir. Yəni bu uzun illər bizə bir daha sübut etdi ki, demokratiyanı kopyalayaraq eksport etmək mümkün deyil. Gərək onu xalq qəbullansın, özününküləşdirsin və ən əsası orada özündən bir parça görsün. Mən həmçinin düşünmürəm ki, Ukraynadakı seçkilərin nəticələri nə Azərbaycana, nə də ki, postsovet ölkələrinə xüsusi təsir etsin. Çünki artıq siyasi münasibətlər o qədər daşlaşıb ki, burada nələrisə dəyişmək çox çətindir. İstər Rusiya-Ukrayna, istərsə də Ukrayna- Avropa-Amerika münasibətləri bir seçki ilə dəyişə bilməz. Konkret Azərbaycana gəldikdə isə biz 2005-ci ilin ”Narıncı inqilab"larından başlayaraq ta “Ərəb baharı”na qədərki bütün proseslərdə xalq olaraq nələrsə gözlədik. Sübut olundu ki, bu gözləntilər qətiyyən doğru deyilmiş. Bizdə baş verə biləcək bütün siyasi proseslərin mənbəyi xalqdır, xalq olmalıdır. Odur ki, mənim heç bir xüsusi illüziyalarım yoxdur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.