Ermənistanda qalmaqallı istefalar: Paşinyan meydanda tək qalır - GƏLİŞMƏ

18-09-2019, 09:38           
Ermənistanda qalmaqallı istefalar: Paşinyan meydanda tək qalır - GƏLİŞMƏ
Ermənistan prezidenti Armen Sərkisyan dünən Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın vəzifədən azad edilməsi haqda sərəncam imzalayıb. Bundan bir gün qabaq baş nazir Nikol Paşinyan mətbuat konfransı vaxtı Artur Vanetsyanı istefaya göndərdiyini açıqlamışdı.

Ermənistan konstitusiyasına görə, hökumət üzvləri baş nazirin təqdimatı əsasında prezident tərəfindən təyin edilir. “Qraparak” qəzeti hökumətdəki mənbəyə istinad edən xəbər verib ki, Paşinyan bu vəzifəyə dostu Vaqe Kazaryanı təyin edə bilər. Həmin vəzifəyə gətiriləcək şəxslər arasında keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın da adı çəkilir.

*****

Xatırladaq ki, Artur Vanetsyan Qarabağ məsələsində az qala, Paşinyandan da mürtəce mövqeyi ilə fərqlənirdi. Təkcə belə bir faktı yada salmaq yetər ki, bu ilin əvvəllərində işğal altındakı Füzuli rayonunda olan Vanetsayn Azərbaycana “bir qarış torpağın da qaytarılmayacağını”, əksinə, Arazboyu ərazilərin məskunlaşdırılacağını və ora Ermənistandan yol çəkiləcəyini bildirmişdi.

“Atlas” Araşdırmalar Mərkəzinin bu mövzuya həsr olunan təhlilində istefanın səbəblərinə toxunulub: “Vanetsyanın öz sözlərinə görə, qərarların necə gəldi verilməsi, hədəflərin qarışıqlığı onu istefa verməyə vadar edib. Keçmiş MTX direktoru onu da deyib ki, aparılan siyasət zabit andına uyğun deyil. Vanetsyanın son cümləsi ”Dayanın!" ifadəsi ilə bitir. Bu, Paşinyan hakimiyyətdə olduğu dövrdə ən ciddi və rezonans doğuran istefadır. Vanetsyan istefası ilə bağlı nə deyibsə, həmin sözlər Nikol Paşinyana aiddir. Onun “dayanın” çağırışı da Paşinyana ismarışdır".

Bəs görəsən, Paşinyan nəyi dayandırmalıdır? Baş nazir nə edib ki, kəşfiyyata başçılıq edən birisi hesab edib ki, baş nazir mövcud siyasəti ilə Ermənistanı uçuruma aparır?

Mərkəzin təhlilində bu ilin may və iyun aylarında Paşinyanla Vanesyan arasında baş verən qiyabi dialoqa diqqət çəkilir: “Paşinyan mətbuat konfransında demişdi ki, ”məxməri inqilab"dan əvvəl keçmiş hakimiyyətin təmsilçiləri Milli Təhlükəsizlik Xidmətində bir sıra sənədləri məhv ediblər. İtən sənədlərin sayından və məzmunundan heç kimin məlumatı yoxdur. Paşinyan bunu cinayət adlandırmışdı. Buna cavab olaraq Vanesyan bildirmişdi ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən 2008-ci ilin mart hadisələri ilə bağlı itən sənədlərdən xəbəri var, ancaq bu informasiyanı açıqlaya bilməyəcək. Vanetsyan Milli Təhlükəsizlik Xidmətindən sənədlərin itməsi faktı ilə bağlı cinayət işi başlamayacağını da vurğulamışdı".

Təhlildə Paşinyanla Vanesyan arasında ixtilaf olduğu vurğulanır: “Görünür, ixtilafa 2008-ci il hadisələrinə fərqli baxışlar səbəb olub. Paşinyan bütün vasitələrlə 2008-ci il hadisələrində əli olan bütün siyasətçiləri və hərbçiləri məsuliyyətə cəlb etmək istəyir. Vanetsyan isə bunun əleyhinə olub. Belə çıxır, Artur Vanetsyan eks-prezident Robert Köçəryanın da həbsdə qalmasının əleyhinədir. Digər tərəfdən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edən birisi Rusiyanın müvafiq orqanları ilə sıx əməkdaşlıq etməlidir. Artur Vanetsyanın 2002-ci ildə Rusiyanın Federal Təhlükəsizlik Bürosunun (FTB) Akademiyasında ixtisasartırma kursu keçdiyini xatırlatmaq yerinə düşər. Paşinyanla Vanetsyan arasındakı fikir ayrılığına Rusiya amili də səbəb ola bilərdi”.

*****

“Artur Vanetsyanın dünən qəfildən istefa verməsi onunla baş nazir Nikol Paşinyan arasında Qarabağa dair yaranmış ixtilaflarla bağlı ola bilər”. Virtualaz.org xəbər verir ki, belə versiya erməni KİV-lərində irəli sürülür. Artur Vanetsyan demarş xarakterli bəyanatla çıxış edərək bu vəzifədə qalmasını “zabit şərəfi ilə uyğun gəlməyən” məsələ adlandırıb. Və istefasının “ayıldıcı mesaj” olduğunu vurğulayıb.

Ermənilərə bağlı “Regnum” agentliyinin baş redaktoru Modest Kolerov isə hesab edir ki, Vanetsyanın istefası ilk iri istefadır və Paşinyanın hökumətində baş vermiş böyük çatdır. “Bu, baş nazir üçün çox pis və kədərli hadisədir”, - deyə o qeyd edib. Hərçənd Kolerov Artur Vanetsyanın Qarabağa dair yaranmış ixtilaflara görə istefa verməsini o qədər də ağlabatan saymır. Çünki onun yaydığı bəyanatda Qarabağ mövzusuna dair hər hansı eyham yoxdur.

*****

Bu arada yerli mediada müdafiə naziri David Tonoyan və Ermənistanın baş polisi Valeri Osipyanın da istefaya göndəriləcəyi barədə xəbərlər yer alıb. Heç bir hərbi təhsili olmayan və orduda xidmət keçməyən müdafiə naziri Tonoyan daha çox Azərbaycanı yeni ərazi işğalı ilə hədələməsi ilə yadda qalıb. Özü də bunu o, ABŞ-da səfərdə olarkən, yerli erməni icması ilə görüşü zamanı bəyan etmişdi. Bununla Tonoyan onsuz da dalanda olan kövrək sülh danışıqlarını bir az da dalana itələyib. Ölkənin baş polisi Valeri Osipyanın taleyinə gəlincə, sirr deyil ki, inqilabdan sonra Ermənistanda polisdən narazılıq azalmaq əvəzinə artıb.

“Ermənistan polisi, faktiki, iflic olub. Açılmamış cinayətlər çoxluq təşkil edir. Hüquq-mühafizə orqanları özünün profilaktik funksiyasını da yerinə yetirə bilmir. Cəmiyyət hər yerdə polisdən məyus durumdadır. Nəticədə ölkədə ”məhkəməsiz cəzalandırma" sistemi (“samosud” - “YM”) geniş yayılmaqdadır".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər 1in.am portalında dünən getmiş məqaləndəndir. Müəllif Sərkis Arsruni bu mövzuda daha sonra yarır ki, təkcə Osipyanın istefası ilə də problemlər yoluna qoyulmayacaq. “Çünki problem daha dərindir və yalnız kadr dəyişikliyi ilə həll oluna bilməz. Hüquq-mühafizə orqanları isntitusional səviyyədə post-inqilab reallıqlarına adaptasiya olunmalı, təcili şəkildə onların parlamentə hesabat-asılılığı təmin olunmalıdır. Əks halda, o, inqilab komandası üçün ”apendiks"ə çevriləcək", - deyə o, qeyd edib.

*****

Maraqlıdır ki, Paşinyanın komandasında baş verən qalmaqallı kadr istefaları baş nazirin ABŞ səfərinə sayılı günlər qaldığı dönəmə təsadüf edir. Bu mənada baş verənlərin təsadüfi olub-olmadığı məsələsi ortaya çıxır. Hər necə olmasa, ABŞ Paşinyandan il yarımdır təkcə islahatlar məsələsində deyil, Qarabağ məsələsində də ciddi irəliləyiş gözləyir. Çünki hesab edilir ki, məhz bu yolla Ermənistan Rusiyanın hərbi-siyasi orbitindən uzaqlaşa, bölgədə müharibə riski minimuma enə bilər.

Bundan ötrü Nikol Paşinyan peşəkar, konstruktiv baxışlı kadrları öz ətrafına toplamalıdır, nəinki “qırğıları”. Bu, dünyaya, baş nazirin böyük maliyyə dəstəyi umduğu Qərbə yaxşı bir mesaj olardı. Elə Paşinyanın özünün də konkret olaraq Qarabağ məsələsində konstruktivizmə köklənməsinin və Bakı ilə dil tapmaq üçün real addım atmasının vaxtı çatıb. Əks təqdirdə, Ermənistanda siyasi təlatümlər, o sırada inqilablar və iqtisadiyyatın çöküşü davam edəcək. Ölkədə müharibə xofu və onun acı nəticələrindən biri kimi kütləvi köç səngiməyəcək.

Paşinyan, nəhayət, öz seçimini eləməlidir. Qarabağda böyük savaş, yoxsa sülh? Bu da onun seçimindən asılı olacaq...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.