İqtidar və müxalifətin Lökbatan dirənişi - Nə baş verir?..

8-11-2019, 09:39           
İqtidar və müxalifətin Lökbatan dirənişi - Nə baş verir?..
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının da mitinqlə bağlı müraciətinə Lökbatandakı futbol stadionunu ayırmaqla cavab verib. Müsavat Partiyası isə BŞİH-in bu cavabını qanunsuz sayıb və buna etiraz olaraq 12 noyabrda paytaxt meriyasının qarşısında piket keçirəcəklərini bəyan edib.

Beləliklə, iqtidar Lökbatanda təkid edir, müxalifət isə ora getməməkdə dirənir. Belə bir durum nədən yaranır? İqtidar nə üçün bu qədər təkid edir? Müxalifət sınaq üçün bir dəfə Lökbatanda keçirə bilməzmi mitinqi? İddialara görə, həmin ərazi əsasən narazı elektoratın çoxluq təşkil etdiyi ərazidir. Bunu nəzərə alıb mitinqi orada keçirmək olmazmı?

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, mitinq, yürüş, piket, nümayiş və sair kütləvi aksiyalar keçirmək hər bir vətəndaşın konstitusiya ilə qorunan hüququdur. BŞİH müxtəlif bəhanələr və texniki manevrlərlə faktiki olaraq bu hüququ məhdudlaşdırıb. BŞİH təşkilatçılara kütləvi aksiyalar keçirmək üçün elə şərtlər irəli sürür ki, bu, qadağa anlamına gəlir. Əslində son bir neçə ayda müxalifətin mitinq müraciətlərinə şəhərin mərkəzindən xeyli aralıda olan Lökbatan ərazisindəki meydanı göstərmək bunun ən bariz nümunəsidir: “İqtidarın nədən bu Lökbatan üzərində dirənməsinin səbəbləri var. Birinci səbəb, mərkəzdə keçiriləcək mitinqdən ehtiyatlanmaqdır. İkincisi, heç kəsə sirr deyil ki, hazırda iqtidar öz daxilində kadr dəyişikliyinə başlayıb və köhnə komanda ilə vidalaşma gedir. O da məlumdur ki, artıq on illərlə yüksək vəzifələr daşımış və bu müddət ərzində əllərində milyardlarla sərmayə toplamış oliqarx məmur elitasından qurtulmaq fəsadsız ötüşməz.

Onlar ya mövqelərini qorumaq, ya da ki, iqtidardan uzaqlaşdırıldıqları üçün qisas almaq üçün hansısa addımlar ata bilər. Bu addımlardan ən populyarı və effektlisi əllərindəki maddi və insan resurslarından istifadə edərək hazırkı iqtidarın müxaliflərinə dəstək verməkdir. Bu yolla onlar həm qisaslarını almış olarlar, həm də yeni yaranacaq şəraitdə özlərinə də yeni imkanlar yaratmış olacaqlar. Mən düşünürəm ki, hakimiyyət məhz bu faktoru nəzərə alaraq illərdir mitinq keçirilməsinə razılıq verdiyi ”Məhsul"u təmirə bağladı və mitinqlərin məkanını da şəhərdən çox uzaqda olan yerə təyin etdi. Onlar ehtiyat edirlər ki, vəzifələrini itirmiş oliqarx məmurlarla müxalifət arasında gizli razılıq əldə edilər, hakimiyyətə real təhlükə yaranar".

Müxalifətin dirəniş göstərməsinə gəlincə, partiya sədri hesab edir ki, burada həm siyasi, həm də nisbətən mənəvi məsələlər var: “Belə ki, hamımız gözəl bilirik ki, iqtidarın uzun illərdir yürütdüyü sərt siyasət nəticəsində, eyni zamanda müxalifətin özünün zaman-zaman buraxdıqları səhvlər nəticəsində bu gün Azərbaycanda müxalifətin real imkanları xeyli zəifləyib. Yəni müxalifət həm maddi-texniki, həm də sosial baza cəhətdən bu gün şəhərdən xeyli kənarda normal kütləvi aksiya təşkil edə biləcək gücdə deyil. Orada təşkil edəcəyi zəif mitinqdən alacağı zərbə, mitinq keçirməkdən imtina zamanı alacağından qat-qat çoxdur. Odur ki, heç bir müxalif partiya oraya getmək istəmir. Bu addımın ikinci və nisbətən mənəvi deyə biləcəyimiz səbəbi isə heç bir müxalifət partiyasının bu qədər əlverişsiz bir məkanda ilk aksiya keçirərək pis nümunə olmaq istəməməsidir. Çünki hansısa partiya Lökbatanda aksiya keçirsə, iqtidar bu faktı nümunə göstərərək digərlərinə də məhz o məkanı təklif edəcək. Dolayısıyla da orada ilk mitinq keçirmiş partiya uzun müddət qınaq obyektinə çevriləcək. Lökbatanda daha çox narazı elektoratın olduğu iddialarına gəlincə, ölkənin hər yerində bu məsələdə durum necədirsə, Lökbatanda da elədir. Lökbatanı əlahiddə saymaq yanlışdır”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.