İşğalçı ölkə 1 nömrəli müttəfiqi Rusiyadan müharibə zamanı dəstək umur - GƏLİŞMƏ

9-11-2019, 11:45           
İşğalçı ölkə 1 nömrəli müttəfiqi Rusiyadan müharibə zamanı dəstək umur - GƏLİŞMƏ
Ötən ay İspaniya hökuməti Belçika hakimiyyətinə müraciət edərək, Kataloniya separatçılarının lideri, separatçılığa görə haqqında cinayət işi qaldırılan Karles Puçtemonu ölkəyə təhvil verməyə çağırmışdı. Əks halda iki ölkə münasibətlərində problem yarana biləcəyi barədə xəbərdarlıq etmişdi. Hələ ki katalon separatçılarının başçısı Belçikadadır. Bu, azmış kimi məlum olub ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyan da Belçikadadır.

Erməni mətbuatının yazdığına görə, Saakyan paytaxt Brüsseldə Ermənistan Ümumi Xeyriyyə Birliyinin (AOBS) Avropa ofisinin direktoru Nikola Tavityanla görüşüb. Görüşdə separatçılar üçün nəzərdə tutulan bir sıra proqramların icrası ilə bağlı məsələlərin müzakirə olunduğu bildirilir. İndi sual budur ki, görəsən Belçika hökuməti Saakyanı Bakıya təhvil verərmi?

Verməz. Əgər xristian separatçısını xristian İspaniyaya geri vermirsə, xristian Saakyanı tutub müsəlman-türk Azərbaycana göndərərmi?

Günlərdir elə bunu yazırıq ki, məhz dünyanın aparıcı paytaxtlarının, böyük güc mərkəzlərinin davam edən “ikili standart” siyasəti nəticəsində Dağlıq Qarabağ problemi kimi problemlər həllini tapmır. Çünki həmin mərkəzlər və paytaxtlar separatçılardan müstəsna olaraq, öz maraqları naminə, Azərbaycan kimi ölkələri təzyiq altında saxlamaq üçün istifadə edirlər.

Demək, çarə qalır özümüzə, öz gücümüzə, bir də Türkiyə timsalında bizə cani-dildən yaxın və sadiq olan müttəfiqlərimizə. Nə xoş ki, Azərbaycan öz hərbi qüdrətini, hərbi büdcəsini ilbəil artırır. Xarici KİV-lərin təhlilçiləri də artıq etiraf edirlər ki, Azərbaycan və Ermənistanın hərbi potensialı arasında fərq hər il birincinin xeyrinə böyüməkdədir. Onlardan biri də “Eurasianet.org” saytıdır. Sayt Qafqaz və Orta Asiyada gedən ictimai-siyasi prosesləri xüsusi diqqətdə saxlayır. ABŞ-ın siyasi dairələrinə bağlı olan bu media orqanında Ermənistan və Azərbaycanın hərbi xərcləri ilə bağlı gedən yazıda bir çox maraqlı məqamlar yer alıb.

Məsələn, Musavat.com-un məlumatına görə, sayt rəsmi mənbələrə istinadən yazıb ki, Azərbaycan 2009-2018-ci illərdə hərbi qüdrətini gücləndirmək üçün 24 milyard dollar xərcləyib. Ermənistan isə eyni vaxt kəsimində hərbi sahəyə 4 milyard dollardan bir qədər çox pul ayıra bilib. İsveç Krallığının paytaxtı Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute (SIPRI) hesabatına söykənən araşdırmada vurğulanır ki, neftlə zəngin olan Azərbaycan hərbi sahəyə Ermənistana nisbətdə 6 dəfə çox pul xərcləyir.

*****

İşğalçı ölkənin tək ümidi isə Rusiyadan güzəştli qiymətə aldığı silahlara, bir də elə Rusiyanın özünədir, yeni Qarabağ savaşında müttəfiqinin onu qeyd-şərtsiz Azərbaycandan müdafiə edəcəyinədir. Ancaq Rusiya bunu edə biləcəkmi, əgər Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın qanuni ərazisidirsə və bu ərazi Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasına daxil deyilsə?

“Rusiya Ermənistan qarşısında öz öhdəliklərini axıradək yerinə yetirir - o cümlədən KTMT və ayrıca götürülmüş 102 saylı Gümrü hərbi bazası çərçivəsində”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “168 jam” erməni nəşrinə müsahibəsində rusiyalı hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlanacağı halda KTMT öz nizamnaməsinə uyğun olaraq buna qarışmayacaq və özünü hansısa şəkildə büruzə verməyəcək: “Yeganə o halda KTMT reaksiya verə bilər ki, əgər Ermənistan ərazisi zərbələrə məruz qalsın. Zərurət halında İrəvan rəsmi şəkildə KTMT-yə müraciət etməlidir. KTMT-nin bütün üzvlərinin yerinə cavab vermək çətindir (quruma Rusiya və Ermənistandan savayı Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir - ”YM"), onlar belə bir köməyi verəcəklərmi ya yox, amma Rusiya KTMT çərçivəsində öhdəliklərini mütləq yerinə yetirəcək. Ehtimal edirəm ki, KTMT belə bir qərar verəcək ki, yalnız Rusiya müdaxilə eləsin. Yəqin ki, belə bir format işləyəcək".

Rusiyalı ekspert hesab edir ki, başqa hallarda, yəni müraciət olmazsa, KTMT-nin ixtiyarındadır ki, nə baş verdiyi barədə bəyanat yaysın və ya yaymasın.

Gümrüdəki 102 saylı hərbi bazanın potensialının niyə 2 dəfə artırılması illə bağlı suala cavab verən Xramçixin deyib ki, proses yalnız bitdikdən sonra qiymətləndirmə aparıla bilər. “Hazırkı məqamda yalnız onu deyə bilərəm ki, Rusiyanın Ermənistandakı hərbi bazaları köhnəlib. Yəqin ki, təzədən silahlandırmanın səbəbi budur, nədən ki, Ermənistan bazasında elə köhnə sistemlər var ki, Rusiyanın heç bir hərbi bazasında yoxdur. Rusiyanın özündə artıq çoxdan yenidən silahlanma başlayıb. Ona görə də burda da köhnə texnikanı əvəzləmək lazımdır. Bu - zəruri dəyişiklikdir, çünki Gümrüdə silahlar var ki, Rusiya silahlı qüvvələri daha onlardan istifadə eləmir. Hərbi baza modernləşdirilir və gücləndirilir ki, bu da nəticə etibarilə hərbi potensialı artırır”, - deyə analitik vurğulayıb.

Rusiya hərbi bazasının Ermənistandan çıxarılacağl barədə şayiələrə gəlincə, Xramçixin düşünür ki, bu, Ermənistanın daxili işidir. “Bu, tamamilə mümkündür, ancaq bundan sonra mənim fikrimcə, siz (ermənilər - ”YM") yüz faiz Qarabağsız qalacaqsınız. Ancaq bu sizin öz işinizdir", - deyə rusiyalı politoloq faktiki surətdə Ermənistanı hədələyib. Eyni zamanda, bununla Azərbaycan torpaqlarının işğalının arxasında real olaraq Rusiyanın dayandığını etiraf edib.

Bu, həmçinin konfliktin həllinə mane olan əsas gücün Moskva olduğunu bir daha təsdiqləyir. Nəhayət, Qarabağ məsələsində Ermənistanın deyil, Rusiyanın söz sahibi olduğuna şübhə saxlamır. Deməli, Azərbaycan ən əvvəl Moskva ilə anlaşmaq barədə düşünməlidir. Söhbət həm də hərbi əməliyyatlar variantında Rusiyanı neytral qalmağa razı salmaqdan gedir.

*****

Azərbaycan və Türkiyə isə Ermənistana hücum etməyə hazırlaşmır. Buna lüzum da yox. Başqa sözlə, KTMT-nin (Rusiyanın) konfliktə birbaşa müdaxiləsi üçün nə indi, nə də yeni hərbi əməliyyatlar zamanı hüquqi əsas olmayacaq, ona bəhanə verilməyəcək. Bakını yalnız öz ərazisini işğalçı-separatçı-terrorçulardan təmizləyib ərazi bütövlüyünü bərpa eləmək düşündürür.

Enində sonunda belə də olacaq. Sadəcə, Azərbaycan məqbul geosiyasi şərtlərin yetişməsini gözləyir. Lakin lokal hərbi əməliyyatlarla, addım-addım taktikası ilə torpaqlarımızı tədricən geri almağa indi də heç bir maneə yoxdur. Gələn il hərbi xərclərimiz üçün 21% artımın nəzərdə tutulması da ilk növbədə təcavüzkar tərəfə mesajdır ki, müharibə hələ bitməyib. Ermənistanla aparılan diplomatik danışıqların uzun zamandır ki, nəticəsiz qaldığı, rəsmi İrəvanın öz işğalçılıq siyasətindən imtina etməyəcəyi ilə bağlı verdiyi bəyanatlar fonunda bu artım müharibə hazırlığı yolunda Bakının daha bir ciddi addımıdır.

Bu mövzuda danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov gələcəkdə müdafiə xərclərinin daha da artırılmasını istisna etmədiyini bildirib (moderator.az). “Mən deməzdim ki, biz bunları hərbi əməliyyatlarla əlaqələndirməliyik. Lakin bu da aydındır ki, bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməkdir. Bu məsələdə ermənilərin atacağı addımlardan da çox şey asılı olacaq. Bəllidir ki, onlar danışıqlar yolu ilə torpaqları azad etmək niyyətində deyillər. Əgər onlar bundan sonra da bu mövqedə qalsalar, deməli, müharibə qaçılmazdır. Bunu nəzərə alaraq, Azərbaycan hökuməti bu addımları atır və gələcəkdə də atacaq. Güman edirəm ki, gələcəkdə müdafiəyə bundan da çox vəsait ayrılacaq”, - deyə Zülfüqarov qeyd edib.

Qarabağda müharibəni tətikləyəcəyi halda işğalçı Ermənistanı hansı aqibət gözlədiyi yetərincə aydındır. Seçim İrəvanındır: sülhü istəyəcəksə sülhü alacaq. Əks halda, Azərbaycanın böyük vətən savaşı qaçılmazdır... //musavat.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.