Partiyaların təbliğat imkanları: kim hansı yolu seçəcək? - GƏLİŞMƏ

10-12-2019, 10:45           
Partiyaların təbliğat imkanları: kim hansı yolu seçəcək? - GƏLİŞMƏ
2020-ci il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində Milli Şura istisna olmaqla, müxalifət partiyaları iştirak edəcək. Hazırda müzakirə olunan məsələlərdən biri də müxalifətin təbliğat-təşviqat işini necə quracağı, tv, saytlarda çıxış imkanları ilə bağlıdır. Həmçinin partiyaların bu dönəmdə birlikdə, yaxud ayrı-ayrılıqda seçki mitinqləri keçirib-keçirməyəcəyi də maraq doğurur.

Seçkilərdə iştirak qərarı verən partiyalara bu suallarla müraciət etdik.

AĞ Partiya başqanı Tural Abbaslı dedi ki, ümumiyyətlə, mitinqlər, küçə yürüşləri, nümayişlər və hər növ kütləvi aksiyalar siyasətin ayrılmaz və önəmli bir parçasıdır: “Yəni bu gün dünyanın ən geridə qalmış siyasi sistemlərindən tutmuş ən mükəmməl demokratik cəmiyyətlərinə qədər hər kəs belə aksiyalardan istifadə edir. Ancaq mitinqlərin və ümumiyyətlə, aksiyaların ən xarakterik cəhətlərindən biri odur ki, onları öncədən planlaşdırmaq olmur. Ən güclü mitinqlər zamanında və şərait yetişdikdə buna uyğun təşkil olunanlardır. Yəni indidən mənim durub deməyim ki, biz AĞ Partiya olaraq belə aksiyalar edəcəyik və ya etməyəcəyik, bu, doğru olmaz. Hələ seçki prosesi indi başlayıb və nəyin necə olacağı müəmmalı olaraq qalır. Odur ki, bu sualın cavabı belədir: AĞ Partiya olaraq seçki prosesində görsək ki, mitinqlər üçün uyğun şərtlər və şərait formalaşıb, o zaman bunu edəcəyik, əks təqdirdə etməyəcəyik. O ki qaldı digər siyasi partiyalarla birlikdə ümumxalq mitinqlərinin keçirilməsinə, biz hər zaman müxalifətin koordinasiyalı şəkildə fəaliyyətinin tərəfdarı olmuşuq.

Tural Abbaslı: “Olacaqları öncədən planlaşdırmaq olmur”

Düzdür, bu məsələdə də siyasi vəziyyət nəzərə alınaraq, koordinasiyanın müxtəlif məzmun və forması üzərində qərar vermək olar. Ancaq əgər biz görsək ki, xalqımızın və dövlətimizin maraqları müxalifətin birgə mitinqlərini tələb edir, o zaman heç bir tərəddüd etmədən və heç bir ön şərt irəli sürmədən orada iştirak edəcəyik. Düşünürəm ki, indidən belə məsələlərdən danışmaq və müzakirə açmaq tezdir. Hələ proses davam etsin, baxaq görək zaman və şərtlər nəyi diqtə edəcək, nəyi gərəkdirəcək. O zaman artıq danışarıq”.

İqbal Ağazadə: “Dairə-dairə təbliğatın aparılmasına daha çox diqqət ayrılacaq”

Ümid Partiyasının sədri İqbal Ağazadə indidən bu suala cavab verməyin çətin olduğunu vurğuladı: “Seçki təbliğat kampaniyamızı hansı praktika və strategiya üzərində quracağıq, bunun üzərində işləyirik. Dairə-dairəmi, qapı-qapı prinsipi iləmi işləyəcəyik, yaxud kütləvi aksiyalarlamı? Bütün bunları zaman göstərəcək. İndidən bunu demək çətindir. Amma onu deyim ki, bu prezident seçkiləri deyil ki, ümumrespublika əhəmiyyətli tədbirlər keçirək. Dairə-dairə təbliğatın aparılmasına daha çox diqqət ayrılacaq. Seçicilər öz dairələrində seçicilərlə daha çox təmas qurmaq istəyirlər. Ona görə də daha çox bu təbliğata üstünlük veriləcək. Birgə fəaliyyətə gəlincə, Ümid Partiyası hər zaman digər siyasi qurumlarla funksional əməkdaşlıqda maraqlıdır”.

ADP sədri Sərdar Cəlaloğlu mitinqləri mümkünsüz sayır: “Düşünürəm ki, məhəllə-məhəllə gəzib, seçki təbliğatı aparmaq lazımdır. Burada genişmiqyaslı mitinqlər keçirməyə də bilərsən. Kim hansı metodu istəyirsə, onu da seçə bilər. Mənə elə gəlir ki, fərdi qaydada təbliğat aparmaq daha yaxşıdır. Müxalifətin seçkiöncəsi ümumi şəkildə mitinqlər keçirməsi mümkünsüz görünür. Çünki vahid bir blok şəklində seçkilərə getmirik. Əgər blok şəklində gedilsəydi, birlikdə mitinqlər keçirmək olardı. İndi sadəcə olaraq, dairələrdə namizədləri razılaşdıra bilərik ki, mümkün qədər bir müxalif namizəd olsun, yəni müxalifət öz-özünə alternativ olmasın. Burada nə dərəcədə razılaşacağıq, onu zaman göstərəcək. Bu məsələyə diqqət ayrılması vacib detallardan biridir. Hazırda görünən odur ki, siyasi partiyalar seçkilərə tək gedirlər. Blok yaratmaq üçün seçkilərə qalan müddət çox azdır. Gərək aylar öncədən blok elan olunardı”.

Əli Orucov: “Mitinq mövzusu bu gün üçün aktual deyil”

AMİP katibi Əli Orucov mitinqləri vacib saymır: “Əvvəlki seçki prosesləri indikindən fərqli formalarda keçirilirdi. 2002-ci il referendumunadək partiyalar parlament seçkilərində həm də proporsional qaydada iştirak etdiyindən kütləvi aksiyalara bir təbliğat vasitəsi kimi əl atılırdı. Yaxud da bir neçə partiya blok halında seçkilərdə iştirak edəndə də mitinqlər kütləvi təbliğat-təşviq tədbirlərində istifadə olunurdu. Lakin 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə ehtimal olunur ki, hər bir partiya müstəqil şəkildə qatılacaq və belə olan halda mitinqlərə ehtiyac qalmır. Çünki namizədlər təbliğat-təşviqatlarını fərdi qaydada öz dairələrində quracaqlar. Dairələrdə də 2-3 qapalı, yaxud da 2-3 açıq görüşlərin keçirilməsinə icazə veriləcək. Mən zənn etmirəm ki, seçkilərə qatılmaq həvəsi olan müxalifət partiyaları seçkiöncəsi birgə ümumxalq mitinqi keçirmək qərarı versin. Mitinq üçün hazırlıq işləri, təşkilati-maliyyə işləri görmək lazımdır. Qısa vaxtda bu kimi böyük həcmli məsuliyyətin və yükün altına girmək mənasızdır. Bunun əvəzində isə potensial və şanslı namizədlərin dairələrinin razılaşdırılması, müşahidəçilərin və məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təyin edilməsi kimi vacib məsələləri müzakirə edib razılaşdırmaq faydalı olardı. Həmçinin saxtalaşdırmanın qarşısının alınması üçün xalqın müqavimətinin təşkil edilməsinə nail olunmalıdır. Mitinq mövzusu bu gün üçün aktual deyil. Sonradan necə olacaq, təbii ki, proseslərin axarına uyğun dəyərləndirmə aparıla bilər”.

VHP-nin İcra Aparatının rəhbəri Samir Əsədli: “Biz görüşlərimizi hansı dairələr üzrə namizədlərimiz olacaqsa, o dairələr üzrə keçirəcəyik. Ümumrespublika üzrə hər hansı bir tədbir keçirmək barədə heç bir qərarımız yoxdur. Siyasi Şura təqvim planını təsdiq edib. Namizədlərin ilk mərhələdə imzatoplama kampaniyaları başlayacaq. Bu proses bitəndən sonra qeydə alınması mərhələsi olacaq və ondan sonra da hansı dairələr üzrə namizədlərimiz olacağı dəqiqləşəcək. O dairələr üzrə də açıq və qapalı görüşlər keçirəcəyik”.

Parlament partiyalarından sayılan BAXCP isə seçkilərdə iştirakla bağlı yeni qərar qəbul edib. Partiyanın sədr müavini Niyaməddin Orduxanlı 30 namizədin təbliğinə ciddi üstünlük verəcəklərini söylədi: “Azərbaycanda bu gün təkmandatlı seçki sistemi mövcuddur. Mojaritar seçki dairələri üzrə siyasi partiyalar deputat uğrunda mübarizə aparır. BAXCP İdarə Heyəti seçkidə iştirakla bağlı rəsmi qərar verdi. Partiya 30 nəfərlə seçki mübarizəsinə qoşulur. Namizədlərimiz cəmiyyətdə tanınmış nüfuzlu siyasətçilərdir. Partiya olaraq biz bütün imkanlarımızı 30 namizədin dairələr üzrə təbliğat-təşviqat işinin aparılmasına sərf edəcəyik. Çünki bizim namizədlər həm də namizəd olduğu dairələrdə kifayət qədər tanınmış şəxslərdir. BAXCP namizədlərinin təbliği üçün sosial şəbəkələrdən də geniş istifadə edəcəyik”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.