Etirazın anatomiyası, və ya Yeni İctimai Sazişın labüdlüyü. (Düşünmək üçün)

12-07-2020, 16:45           
 Etirazın anatomiyası, və ya Yeni İctimai Sazişın labüdlüyü. (Düşünmək üçün)
Azərbaycanda klassik müxalifət son 20 ildə (2000-ci ildən sonra) öz dəst-xəttini, demək olar ki, tam itirdi. Xarizmatik liderlər ətrafında qurulan siyasi təşkilatlar ideoloji olmasa da məhz liderlerinin “performansına” bağlı ayaqda qala bilirdilər. Siyasi liderlərin də öz üslubu, dili, məsələlərə yanaşma tərzi və ən maraqlısı, bir-birləri ilə intriqaları olduğuna, rəqabət apardıqlarına görə daha kreativ ideyalarla çıxış edirdilər. Sonra xaizma itməyə, liderlər yaşlanmağa başladılar, bir-birləri ilə 90-cı illərin əvvəlindən başlayan rəqabət artıq siyasi düşmənçiliyə, bir-birinin acığına hərəkət etməyə dönüşdü. Eyni “şineldən” çıxan və ideoloji olaraq “kasıb” siyasi partiyalar Əliyevlərlə, bu sistemlə mübarizə aparmaq yerinə bir-birləri ilə mübarizəyə üstünlük verdilər. Hətta bir-birlərinin “ayaqlarını tapdalamaq” üçün zaman-zaman hökumətlə gizli, bəzən isə açıq işbirliyinə getdilər. Amma həmişə “drijor çubuğu” məhz hakimiyyətin əlində idi – bir tək 2003-cü ildə tarixi şans yarandı, amma o şansı da müxalifətdaxili rəqabətə və düşmənçiliyə qurban verdilər.
Teref.az yazır ki, Natiq Cəfərlinin yeni mqaləsi belə başlayır.
Sonra klassik müxalifətin “təqlid” dövrü başladı – Ukrayna hadisələri baş verəndə “narıncı” oldular, Gürcüstanda hadilərdən ilhamlanaraq güllə-çiçəklə gəzdilər, 2005-ci ildən sonra isə ciddi bir susqunluq yarandı. Çünki ölkəyə böyük neft pulları gəldi, hökumətlə vətəndaş arasında yazılmamış sosial saziş imzalandı – hökumət müxtəlif mənasız, amma baha layihələrlə neft pulunun kiçik bir hissəsinin əhali arasında bölüşdürülməsinə başladı, yuxarı məmur təbəqəsi isə böyük pullara görə siyasi sadaqət andı içdi və loyallıq bağı yarandı. Büdcədən müxtəlif layihələrə xərclənən hər 100 manatın 30-40 manatı birbaşa korrupsiyaya yem olurdu, 40-50 manatına işlər görülürdü (bu zaman da yüzminlərlə vətəndaş birbaşa və dolayı yolla pul qazanırdılar), yerdə qalan 10-20 manatı isə multiplikativ effektlə xalq arasına yayılırdı. Qısa sxem: Məsələn, körpü tikilir, 100 manat pul ayrılır, 30-40 manatı bəribaşdan iri məmurlar vasitəsi ilə həzm edilir – həmin iri məmurlar da bu vəsaitin 20-30 manatını xaricə çıxarırdılarsa da, 10-20 manatını da ölkədə xərcləyirdilər (Restoranlar, bahalı maşınlar, bağbanlar, dayələr, xidmətçilər, repititorlar, bərbərlər, maşın təmirçiləri və yuyanları, məşuqalər və onların xərcləri və s.), 40-50 manatına real işlər görülürdü, bu zaman işçilər maaş alırdılar, material alınırdı), yerdə qalan 10-20 manatını isə subpodratçı şirkətlər qazanırdılar, tikinti materiallarını satanlar xeyir görürdü (beton, şeben, daş, armatur və s.), körpüyə beton daşıyan sürücülər, həmin maşını təmir edənlərə, təkərini yamayanlara pay düşürdü, sürücünü saxlayıb pul alan YPX qazanırdı, tikintiyə yaxın kafelər yemək satırdılar – bütün bu kəsm özünə ayaqqabı-paltar alırdı, onlar qazanırdı, ərzaq-dərman alırdılar, onlara da pay düşürdü – Xülasə, 2005-ci ildən sonra hamının başı pul qazanmağa qarışdı, xalq ilə hökumət arasınsa sosial saziş işləməyə başladı. Ölkədə yeni tikililərdə yaşayanların sayı artdı, avtopark yeniləndi, insanların güzaranı yaxşılaşdı, xaricə gedənlərin sayı çoxaldı – bir sözlə, hökumət bir yandan, camaat da bir yandan neft pulunun verdiyi havayı xoşbəxtliyi yaşamağa başladılar. Bu illər ərzində iqtisadiyyatda keyfiyyət dəyişikliyi olmadı, kəmiyyət isə artdı.

2010-cu ildən sonra klassik müxalifətin “təqlid” davranışı geri döndü – Ərəb baharı başlayanda az qaldılar zuy tutub oynamağa ki, bəs görün də, ərəblər də öz diktarorlarını devirdilər, biz qaldıq. O zaman situasiyanı təhlil edən, bu hadisələrin fəsadlarını izah edən bir qurum yox idi – hamı küyə düşmüşdü. Çox qısa zamanda hökumət bir az qorxdu, bəzi immitasiya addımları atdı, sonra neft yenidən yüksəldi hər şey yaddan çıxdı.

2015-2016-cı ildə ilk dəfə olaraq hökumətlə camaat arasında olan sosial saziş pozuldu – 3 devalvasiya (bəli, məhz 3 dəfə oldu, 2 dəfə gecə yarası, sonuncu isə “sürünən və günlərə yayılan”, 1.55-dən 1.70-ə qalxan devalvasiya) sazişi pozdu. Müxalifət camiyası üçün unikal şans yarandı ki, bu məsələni önə çəkib yeni həll yolları təqdim edib önə çıxsın – amma alınmadı, populizm və düşünülməmiş “boykot” siyasəti buna mane oldu. 2015-ci il parlament seçkilərini yenə boykot etdilər, halbuki 1-ci devalvasiya olmuşdu, ölkə 2-ciyə “hamilə” idi, o zaman İlqar Məmmədov türmədə olmasına baxmayaraq biz çağırışlar etdik, vətəndaşları seçkiyə kökləməyə çalışdıq, anlayırdıq ki, hökumətin qorxulu röyası məhz seçkilərdə aktivlikdir. Amma nə fayda – düşünülməmiş “boykot” qərarı hökumətə dərman oldu.
Sonra 2018-ci il prezident seçkiləri gəldi, iqtisadiyyatda az da olsa sabitlik var idi, amma “saziş” hələ də pozulmuşdu. REAL-ın namizədi hələ də türmədə idi, yenə çağırışlar etdik ki, şans var, kimi istəyirsiniz namizəd verin, hamılıqla dəstəkləyək, seçkini fürsətə çevirək. Olmadı, yenə “boykot”, yenə də hökumətə sərf edən qərar, 2020 seçkilərini də özünüz gördüz, bu haqda danışmağa lüzum görmürəm.

Klassik müxalifət yenə də “təqlid” modundadı – harada etiraz olursa həmən mövzuya tullanırlar, araşdırmadan, mənasını bilmədən örnək verməyə çalışırlar. Son günlərdə də eyni yanaşmanı görürük – Serbiyada etirazlar var, görürsən ki, bunu örnək göstərirlər, amma analiz etmirlər ki, orada aləmi qatan Kremldir, Avropanın tam ortasına qarışıqlıq salıb öz siyasətini, seçkilərdəki məğlubiyyətinin acığını çıxır. Eyni qayda ilə dünyada olan bütün etirazlara yanaşırlar – heç bir analiz olmadan örnəklər göstərmək xəstəliyi davam edir.
Bu gün məmləkətdə illərdir davam hökumət-vətəndaş sosial sazişi bitib, daha nə pul var, nə böyük layihələr, nə də qazanc imkanları. Hökumətin də ideoloji bazası, inandırıcı hekayəsi yoxdur ki, yeni “sosial kontrakt” təklif edə bilsin. Əslində bu yeni bir məsələ deyil, insanlıq və bəşəriyyət tarixi örnəklərlə, teoriyalarla, böyük mütəfəkkirlərin kitabları ilə doludur. Hobbes, John Locke, Rousseau “ictimai sazişin” kodlarını çoxdan açıblar. Bu gün məmləkətin gələcəyi “təqlid” siyasətindən, düşünlülməmiş “etirazçılıqdan” deyil də, yeni, elmi, siyasi, sosioloji, iqtisadi ictimai sazişdən keçir. Bunun üçün isə ilk öncə yeni hüquqi baza – Yeni Konstitusiya lazımdır.

Bu yeni sazişin bağlanması üçün biz – REAL Partiyası əlimizi daşın altına qoymağa, bilik və bacarıqlarımızı istifadə etməyə hazırıq. Yetər ki, bütün siyasi təşkilatlar buna hazır olsunlar - ən əsası isə indiki hökumət köhnə “ictimai müqavilənin” müddətinin bitdiyini anlasın və yeni sazişə açıq olsun...
Natiq Cəfərli
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.