Felgenhauerdən Tovuz təxribatına sensasion yanaşma

14-07-2020, 12:13           
Felgenhauerdən Tovuz təxribatına sensasion yanaşma
İş müharibəyə doğru gedir və bəlkə də o artıq qaçılmazdır.

Axar.az xəbər verir ki, bunu “Rosbalt” saytına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib. O, müharibənin Qarabağ konfliktinin həll edilməməsi və onu həll etmək üçün heç bir perspektivin olmaması ucbatından başlaya biləcəyini söyləyib:

“Hazırda iki variant var. Ya savaş olmalıdır, ya da dondurulmuş konflikti davam etdirmək lazımdır. Bu tip dondurulmuş konfliktlər adətən müharibəyə gətirib çıxarır. Bu, Kiprdəki Türkiyə-Yunanıstan qarşıdurması deyil, hansı ki, 1973-cü ildən bəri burada heç kim atəş açmır. Bu, İsrail-Livan sərhədindəki konfliktdən də pisdir. Ona görə ki, burada anlayırlar ki, nəsə baş versə, bu, heç bir tərəfə yaxşı olmayacaq. Ermənistan-Azərbaycan məsələsində isə biz fərqli mənzərə görürük”.

Felgenhauer hazırda NATO, Avropa, Amerika, Çin və digərlərinin Ermənistanla Azərbaycanı düşünəcək halda olmadıqlarını deyib:

“12-13 iyul toqquşmalarından idarəolunmaz eskalasiya başlaya bilər. Müharibə təhdidi burada mövcuddur və onun yeni ciddi partlayışı qaçılmazdır. Əgər heç nə edilməsə, partlayış olacaq. Buna Moskva, Vaşinqton, Ankara, Tehran qoşulanda isə artıq çox gec ola bilər”.

Rus hərbi ekspert, həmçinin, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünün əsasən İsraillə bağlı olduğunu bildirib:

“İsrail həqiqətən Bakını heç də pis silahlandırmayıb. Bakıya Rusiyanın təqdim edəcəyindən daha müasir silahlar verilib. Bəlkə də Azərbaycan Ordusundakı silahlar keyfiyyətinə görə Rusiyanı da üstələyir. Məsələn, burada müasir PUA-ları göstərmək olar. Belə ki, İsrail bizə öz dronlarını Pentaqonun icazəsi olmadığı üçün satmadı, amma Azərbaycana satdı. 2016-cı ildəki Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu erməniləri keyfiyyətcə üstələdi. Azərbaycanlılar İsrail PUA-ları ilə bərabər Rusiyanın “Buratino” sistemlərini erməni mövqelərinə qarşı istifadə etdilər. Ermənilər üçün bu şok idi. Onlar o zaman kifayət qədər ciddi itkilər vermişdilər”.

Ekspert Ermənistan ordusunun 80-ci illərin sovet ordusunu xatırlatdığını söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.