“Ramiz Mehdiyev xalqı aşağılamaq məqsədilə ilə Hafiz Hacıyevi, Araz Əlizadəni seçkilərdə namizəd etdi”

3-08-2020, 16:12           
“Ramiz Mehdiyev xalqı aşağılamaq məqsədilə ilə Hafiz Hacıyevi, Araz Əlizadəni seçkilərdə namizəd etdi”
Akademik Ramiz Mehdiyev özünü Dövlətinə, Xalqına, rəhmətlik Heydər Əliyevə, Prezident İlham Əliyevə can yandıran, sədaqətli adam kimi təqdim edir. Onu yaxşı tanıyanlar isə növbəti qeyri-səmimiliyini görürlər. Dediklərimi qısa da olsa faktlarla göstərməyə çalışacam.



Dövlətinə, Xalqına sədaqətli insan son 20 ili başçılıq etdiyi Dövləti və Xalqı bu günə salmazdı. R.Mehdiyev son 20 ildə dövlət idarəçiliyini, cəmiyyətin formalaşmasını, insan psixologiyasını ən yaxşı biləndir. Heç kim bu günkü nəticəni onun bacarıqsızlığı, bilməməzliyi ilə izah edə bilməz. Bu gün cəmiyyətdə hökm sürən siyasi, ictimai, hüquqi dünyagörüşü məhz o formalaşdırıb. Məhz onun səyi nəticəsində təhsil, elm, mədəniyyət, hüquq məhv edilib. Vəziyyətin necə olduğunu konkret faktla göstərmək üçün bircə onu deyim ki, bir nəfər də elmlər doktoru müdafiəsi R.Mehdiyevin xeyir-duası olmadan təsdiq edilməyib.



İlk dəfə onun "Vətən eşqi"ni 22 fevral 2001-ci ildə Qarabağ Əlillərinə divan tutulanda gördüm. Sonralar çox hadisələrin özüm şahidi olmuşam. Rəhmətlik Sirus Təbrizlinin yaratdığı YAP-dan qovulması da gözümün önündə baş verdi. Bir daha təkrar edirəm, rəhmətlik H.Əliyev xəstələnəndən, təxminən 2000-ci ildən başlayaraq son 20 ili ölkəni faktiki olaraq R.Mehdiyev idarə edib. Ölkənin ictimai, siyasi, iqtisadi həyatı göz önündə olduğundan onun üzərində dayanmaq istəmirəm. Bircə faktı qeyd edim. Məhz R.Mehdiyev bu xalqı aşağılamaq məqsədilə ilə hafiz hacıyevləri, araz əlizadələri Prezident seçkilərində Prezidentliyə namizəd etdi.



Bəyanatında R.Mehdiyev xaricdən səslənən müxalifətçilərin radikal ifadələrinin yolverilməz olduğunu deyir. Bəli, mən də bununla razıyam. Bu acizlikdən, mədəniyyətsizlikdən xəbər verir. Son hadisələri diqqətlə izləyən biri kimi deyim ki, həmin ifadələrin rüşeymi Bakıda formalaşdı. O dövrlər müxalifətə qarşı təhqiredici hərəkətlər olanda fikrimi bildirib demişəm ki, buna yol vermək olmaz, sonda bu gün hakimiyyətin etdikləri bumeranq kimi onların özünə dönəcək. O dövrlər bu hərəkətlərin başında dayanan R.Mehdiyev, icraçı isə Əli Həsənov idi. Bu gün yenə xaricdəkiləri qıcıqlandırmaq üçün akademik bilərəkdən onlara hədə-qorxu gəlir. Kim-kim, amma R.Mehdiyev bir filosof, ideoloq kimi çox yaxşı bilir ki, istənilən hədə-qorxu əks effekt verir.



R.Mehdiyev qeyd edir ki, "hazırkı siyasi şəraitdə bizim hər birimizin yalnız bir düşməni var – işğalçı Ermənistan! Bütün enerjimiz və gücümüz bu düşmənlə mübarizəyə yönəlməlidir". Çox gözəl fikirdir. Onda məni bir sual maraqlandırır. Bilə-bilə ki, işğalçı Ermənistanın açarı Rusiyanın əlindədir, nə üçün bu 20 ildə çox sıcaq münasibətlərdə olduğu Rusiyanın ən ali rəhbərləri ilə bu problemin çözülməsində bir addım belə atmadı?! Əksinə, onların göstərişi ilə Azərbaycanı inkişafa aparacaq hər şeyi, birinci növbədə vətəndaş cəmiyyətini, milli kadrları, siyasi səhnəni məhv etdi, müxalifəti parçalayıb bir hissəsini saxtalaşdırdı, digərini isə radikallaşdırdı. Burada bir faktı da qeyd edim. 2010-cu ildə Qarabağ hadisələrini ilk dəfə hərtərəfli araşdırıb "Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı" kitabını yazdıqdan sonra Azərbaycan Respublikası Prezidenti İ.Əliyevə məktubla müraciət etdim. Onun tapşırığı ilə Boş Prokuror Zakir Qaralov Sumqayıt hadisələri ilə bağlı cinayət işinin başladıldığını elan etdi. Təhsil naziri Misir Mərdanov kitabla tanış olduqdan sonra onun orta və ali təhsil ocaqlarında tədris olunmasını vacib saydı, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Mədəniyyət naziri Əbülfəs Qarayev film çəkiləcəyini dedi, Xarici İşlər naziri Elmar Məmmədyarov kitabları xarici səfirliklərə paylamaq üçün məndən kitab istədi. Az müddət sonra şəxsən R.Mehdiyevin göstərişi ilə hər şey donduruldu. Qarabağ probleminin ilk dəfə hərtərəfli araşdırıldığı kitabımın əvəzinə R.Mehdiyevin başçılığı ilə "Sumqayıt hadisələri" kitabı yazıldı, o cür də film çəkildi və hadisələr kökündən təhrif olundu.



Akademikin bəyanatının "siyasi əqidə məsələsi" hissəsi də mücərrəd, çoxmənalı və mübahisəlidir. R.Mehdiyev rəhmətlik H.Əliyevə sadiqliyindən dəm vurur. Əlbəttə, dövlət idarəçiliyi, filosofiya, psixologiya məsələsində özümü ona heç şagird də saymıram. Mənim üçün uzun illər sirr olan bir məsələni Sizinlə də bölüşürəm. Bu gün özünü H.Əliyevə sadiq sayan, ölkənin baş ideoloqu, baş filosofu, baş psixoloqu, 700 minlik YAP ordusuna faktiki rəhbərliyi həyata keçirən R.Mehdiyev rəhmətlik H.Əliyevi 17 il ərzində xalqa, xüsusən gənclərə necə təqdim edib? Sizləri bilmirəm, özümün mətbuatı oxuduqca gəldiyim qənaət odur ki, H.Əliyev kondisioner, xolodilnik və başqa bir neçə zavod, fabrik, vaxtilə Lenin adına olan (indiki H.Əliyev adına) sarayı və başqa tikililərin inşasının müəllifi olub. Ancaq bunların hamısı insanı böyük ictimai, siyasi xadim, böyük şəxsiyyət kimi yox, prorab (iş icraçısı) kimi təqdim etməyə yararlıdır və gələcək nəsillər bu günkü mətbuatı oxuduqca o qənaətə gələcəklər. Bu illər ərzində təbliğ edilən hal H.Əliyevin 1993-cü ildə hakimiyyətə gəlib xaos hökm sürən bir ölkəni stabil bir Dövlətə çevirməsi və Bakı-Ceyhan xəttinin çəkilməsi olubdur. Əminəm ki, R.Mehdiyev bilməmiş deyildi ki, bu iki hala da hakimiyyətlərini itirmişlər don geyindirə biləcəklər.



Əvvəldən də qeyd etdiyim kimi özümü heç vaxt R.Mehdiyevlə müqayisə etmirəm. Ancaq mənim, sadə bir hüquqşünasın rəhmətlik H.Əliyevin hələ sovet hakimiyyəti dövrü milli təəssübkeşliyindən, Azərbaycan xalqının gələcəyi ilə bağlı etdiklərindən bildiklərimin az bir hissəsini Sizə təqdim edirəm. Qeyd edim ki, aşağıda sadaladığım hallar SSRİ dönəmində milli təəssübkeşliyin qadağan olunduğu vaxtlarda baş verib.



- 1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən H.Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması üçün azərbaycanlı gəncləri Moskvanın və SSRİ-nin digər aparıcı ali məktəblərinə təhsil almağa göndərdi.



- 1978-ci ildə Azərbaycan SSRİ Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapdı.



- Bakı sovet hakimiyyəti dövrü mərkəzdən (Moskva) bilərəkdən yürüdülən siyasət nəticəsində demək olar ki, tam beynəlmiləl şəhərə çevrilmişdi və burada bütün güc qeyri-azərbaycanlıların əlində cəmləşmişdi. Bakıya kənardan qeydiyyata düşmək qadağan idi və ancaq burada qeydiyyatda olanlar hesabına böyüyə bilərdi. Hakimiyyəti dövründə H.Əliyev Bakıda böyük yaşayış massivləri salaraq Azərbaycanın müxtəlif regionlarından Bakıya köçürmələr həyata keçirmiş, nəticədə Bakı əhalinin çoxluğunu azərbaycanlıların təşkil etməsinə nail olmuşdur. Keçmiş Gəncə şəhər partiya komitəsinin birinci katibi olmuş Həsən Həsənovun şəxsən mənə söylədiyi bir faktı da Sizinlə bölüşüm. O vaxtlar Kirovabad adlanan, indiki Gəncə şəhərinin iki rayona bölünməsi prosesi gedəndə H.Əliyev birinci katib olan H.Həsənova tapşırıq verir ki, şəhər iki yerə elə bölünməlidir, nəticədə hər ikisində azərbaycanlı əhali çoxluq təşkil etsin, çünki o dövrkü qaydalara uyğun olaraq çoxluq təşkil edən əhalinin nümayəndəsi rayonun birinci katibi, yəni başçısı seçilirdi. Normal bölgüyə əsasən Gəncə çayının sağ və sol hissələrində iki rayon yaradılmalı idi. Lakin belə olan halda İkinci Hissə adlanan yerdə çoxluq erməni, rus milliyətində olmalı idi. Buna yol verilməməsi üçün anormal bir bölgü aparılıb ki, hər iki rayonda əhali çoxluğu azərbaycanlılar olsun. Nəticədə Nizami və Kəpəz rayonlarının çayın hər iki tərəfində ərazisi əmələ gəlib. Gəncədə yaşayanlar bunu yaxşı bilərlər və bu gün də seçkilər dönəmi həmin qarışıqlığın əziyyətini çəkirlər.



- Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu Cəmşid Naxçıvanski adına liseyin yetirmələridir. Hərbi lisey 19 aprel 1971-ci ildə, yəni H.Əliyevin respublikaya rəhbərliyi dövrü yaradılmışdır. Məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı verilir. Bu, həmin general Naxçıvanski idi ki, 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən casusluqda günahkar hesab edilib və əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edilib və hökm dərhal icra edilib.



- 1982-ci ilin yanvarın 14-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış məqbərənin açılışı olub. Qeyd edim ki, ona qədər Şuşada bir dənə də azərbaycanlıya ucaldılmış abidə olmayıb. Bu da bilərəkdən yürüdülən siyasətin nəticəsi idi. Şəhərin girəcəyində erməni qızının simvolik heykəli, Şuşanın mərkəzində isə Nelson Stepanyanın heykəli var idi. Məhz H.Əliyev dövründə Şuşada Üzeyir Hacıbəyovun heykəli qoyuldu, muzeyi açıldı, Natəvanın, Bülbülün heykəlləri qoyuldu, nəhayət, Şuşada Vaqifin böyük məqbərəsi ucaldıldı.



- Yenə 1982-ci ildə H.Əliyev tərəfindən Hüseyn Cavidin nəşi Azərbaycana gətirilir və böyük hörmətlə Naxçıvanda dəfn edilir, ona Məqbərə ucaldılır.



- SSRİ rəhbərliyində təmsil olunan Ukraynanın rəhbəri Vladimir Şerbitski büro iclaslarının birində qeyd edir ki, Ukrayna əhalisinə görə Azərbaycandan bir neçə dəfə çoxdur, ancaq mədəniyyət sahəsində Sosialist Əməyi Qəhrəmanlarının sayına görə isə azdır. Bu da H.Əliyev dönəmində olub. Bir dəfə də Moskvanın Birinci katibi Viktor Qrişin H.Əliyevi Azərbaycanda millətçilik toxumu səpməkdə ittiham edib.



Bu siyahını uzada da bilərəm. Məhz bu hərəkətlərinə görə ermənilər öz himayədarları vasitəsilə H.Əliyevi SSRİ rəhbərliyindən uzaqlaşdırmağa can atırdılar və sonra M.Qorbaçovun köməyi ilə buna nail oldular.



Əminəm ki, R.Mehdiyev H.Əliyevin milli təəssübkeşliyini əks etdirən faktları, burada yazdıqlarımdan da çoxunu bilir. Ancaq nə üçün H.Əliyevə sadiq olan şəxs məhz onun Xalqa münasibətini əks etdirən bu halların 20 il müddətində başçılıq etdiyi mətbuatda təbliğinə yol verməyib?! Bunların təsadüfi olmasına qəti inanmıram. Onu da yaxşı bilirəm ki, sadəcə burada sadaladığım faktlar rəhmətlik H.Əliyevin tikdiyi yüzlərlə zavod, fabriklərdən, qoyulan heykəllərdən də artıq hörmət və məhəbbət gətirərdi. Yazının uzun alındığından burada yekunlaşdırıb qeyd edirəm ki, bu halları bilərəkdən etməyən şəxsin H.Əliyevə, İ.Əliyevə sədaqətindən danışması riyakarlıqdan başqa bir şey deyil.
Aslan İsmayılov
Tanınmış hüquqşünas
pravda.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.