Fəzail Ağamalıdan Siyavuş Novruzova cavab: "Onun Mehdiyevlə bağlı fikirlərinin mənə dəxli yoxdur"

3-08-2020, 20:45           
Fəzail Ağamalıdan Siyavuş Novruzova cavab: "Onun Mehdiyevlə bağlı fikirlərinin mənə dəxli yoxdur"
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov son hadisələrlə bağlı modern.az saytına geniş müsahibə verib. Həmin müsahibədə deputat Prezident Administrasiyanın keçmiş rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi son zamanlar sərt tənqid edən şəxslərin “bostanına daş atıb”.
Sitat: “Vaxtilə onun qarşısında ikiqat əyilənlər indi haqqında xoşagəlməz sözlər deyirlər. Vaxtilə onun əlini öpənlər bu gün danışmağa başlayıb. Mən bunların hamısının şahidi olmuşam”.
Qeyd edək ki, R.Mehdiyevi ən sərt tənqid edənlər sırasında Ana Vətən Partiyasının sədri, S.Novruzovun deputat həmkarı Fəzail Ağamalı ön sırada gəlir. YAP funksionerinin dedikləri ilə bağlı onun mövqeyini aldıq.
F.Ağamalı “Yeni Müsavat”a açıqlamasında dedi: “Hörmətli həmkarım Siyavuş Novruzovun bu günlərdə modern.az saytına vermiş olduğu müsahibədə Ramiz Mehdiyevlə bağlı jurnalistin ona ünvanladığı sualda söyləmiş olduğu fikirlərin mənə qətiyyən dəxli yoxdur. Bunu tam məsuliyyətlə deyirəm. Əminəm ki, Siyavuş Novruzova da bəllidir ki, o sözlərin mənə aidiyyatı yoxdur. O sözləri deyəndə də tamamilə əminəm ki, Siyavuş Novruzov məni nəzərdə tutmayıb. Ona görə ki, 2001-ci ildə dəfələrlə deyildiyi kimi, xatırlatmağa məcburam ki, o zaman ulu öndərimizin səhhətində problemlər yarananda Ramiz Mehdiyev Kremlin ciddi dəstəyi ilə prezident olmaq istəyirdi. Bütün imkanlarını səfərbər etmişdi. Özünü Azərbaycanın gələcək prezidenti görürdü. Bununla bağlı 2001-ci ilin səhv etmirəmsə sentyabr ayında “Neytral” qəzetinə müsahibə vermişəm. Sonradan həmin qəzet Ramiz Mehdiyevin xüsusi səyi ilə bağlandı. Həmin müsahibədə bütün məqamlara aydınlıq gətirdim. Ramiz Mehdiyevi separatçılıq və xəyanətdə günahlandırdım. Bunu əsaslandırıb, ittiham etdim. Bununla bağlı bir ilə yaxın həmin dövrdəki qəzetlər geniş şəkildə bu məsələnin ətrafında müzakirələr açdılar. Ondan sonra təbii ki, mənə qarşı Ramiz Mehdiyevin böyük təzyiqləri və təhdidləri o hakimiyyətdən gedənə qədər oldu. 2001-ci ilə qədər onunla mənim aramda çox rəsmi münasibətlər var idi. Çox nadir hallarda onunla görüşürdüm. Görüşümüz də çox rəsmi alınırdı. Əlbəttə 2001-ci ilə qədər münasibətlərimizdə hər hansı bir gərginlik yox idi. Dediyim kimi, həmin müsahibədən sonra aramızda həqiqətən ciddi problemlər yaşandı. Yaxınlarda “Korrupsiya və rüşvətxorluq pramidası” adlı müəllif yazımda bu mövzuya növbəti dəfə məhz ona görə qayıtdım ki, Ramiz Mehdiyevin əməllərinə bir daha aydınlıq gətirilsin. O, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarılandan sonra yenə də özünün əvvəlki ambisiyaları ilə ölkədə gedən ictimai-siyasi yeniliklərə və islahatlara mane olmağa çalışırdı. Bir vətəndaş olaraq dövlətçiliyimizə, istiqlalımıza, ulu öndərimizin qurmuş olduğu dövlətə, ölkə prezidentinə və onun siyasətinə uzun illərdən bəri dəstək verən bir partiya sədri kimi bu məsələləri önə çəkdim. 2001-ci ildən başlayaraq, o, Prezident Administrasiyanın rəhbərliyindən gedənə qədər aramızda çox güclü soyuq küləklər əsirdi. Mənə qarşı kifayət qədər təhdidlər yaranırdı. Partiyamın ofisinə qədər o əlimdən aldırdı. Bunu heç yerdə demədim. Ayrı-ayrı təhdidlər oldu. Mənə ən böyük təzyiqlər oldu. Fəaliyyətimə çox böyük maneələr yaradılırdı. Ancaq Allahın böyüklüyünə şükürlər olsun ki, o, öz məqsədinə sona qədər çata bilmədi. Olan budur”.


Partiya sədri bu mövzunu qapadır: “Bir daha bu mövzuya qayıtmaq istəmirəm. Sizə də, sizin timsalınızda dəyərli jurnalistlərə də demək istərdim ki, demək istədiklərimi bütövlükdə həmin müəllif yazımda demişəm. Sonradan bu və ya bunabənzər fikirləri jurnalistlər önə çəkib mənə sual verəndə məcbur olmuşam ki, bir daha bəzi məsələlərə aydınlıq gətirəm. Mənə elə gəlir ki, artıq fikirlərimi kifayət qədər söyləmişəm. Bundan sonra bu mövzunun üzərində dayanmaq istəmirəm. Sadəcə olaraq, bir daha xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan dövlətçiliyinə bu və ya digər şəkildə mane olmağa çalışan, dövlətçiliyimizin zəiflədilməsini qarşısına məqsəd qoyan, ayrı-ayrı dövlətlərin “beşinci kolon”u kimi ölkəmizdə fəaliyyət göstərib, Azərbaycanda gedən proseslərə mane olmağa cəhdlər göstərənlərə qarşı istər xaricdə, istərsə də, daxildə olsun, öz iradəmi ortalığa qoyacam. Bu mənim prinsipal mövqeyimdir. Mövqeyimdən heç zaman çəkinmək fikrində deyiləm. Ramiz Mehdiyevlə bağlı artıq dediklərimi demişəm. Bununla da öz tərəfimdən bu məsələyə nöqtə qoyuram. Əgər qarşı tərəf bu və ya digər formada mənə qarşı təzyiqlər, təhdidlər, hədə-qorxu, şər-böhtan kampaniyası apararsa, yenə də onların qarşısında durmaqda hər hansı bir problem görmürəm. Hər şeyə hazıram. Amma bir daha təkrar edirəm ki, Ramiz Mehdiyev mənim üçün bitmiş bir mövzudur”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.