QARABAĞDA BMT PROTEKTORATI MÜMKÜNDÜRMÜ?

5-08-2020, 13:26           
 QARABAĞDA BMT PROTEKTORATI MÜMKÜNDÜRMÜ?
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri vəzifəsini icra etmiş səfir Riçard Hoqland “Amerikanın səsi”nə müsahibəsində bir neçə önəmli məqama toxunub.

Birincisi, Riçard Hoqland bu sualı səsləndirib: “Güc tətbiqi təmas xəttində deyil, Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verdi. Bu, niyə indi baş verdi? Bax, hələ heç kimin cavablandırmadığı əsas sual budur”.

Göründüyü kimi, toqquşmanın Dağlıq Qarabağ istiqamətində deyil, Ermənistan-Azərbaycan sərhəddində baş verməsi amerikalı diplomatı ciddi düşündürüb. Təcrübəli diplomat Riçard Hoqland anlamamış deyil ki, Azərbaycanın əsas hədəfi Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirmək deyil, işğal altındakı torpaqları azad etməkdir. Ona görə də əslində Hoqland qoyduğu suala cavabı və sərhəddəki təxribatı hansı tərəfin törətdiyini təxmin edir.

İkincisi, Riçard Hoqland bildirib ki, Minsk Qrupu hazırda öz missiyasını həyata keçirə bilmir. Hoqlandın sözlərinə görə, Minsk Qrupu gərginliyi azaltmaq və status-kvoya qayıtmaq üçün çox səy göstərib: “Ancaq onun təəssüf ki, məsələni həll etmək iqtidarında olmadığını hiss edirəm”.

Üçüncüsü, Hoqland gecikmiş etirafını səsləndirib: “Minsk Qrupu, sadəcə, öz vəzifəsinin öhdəsindən gələ bilmir. Buna görə də BMT prosesə aktiv şəkildə qoşulmalıdır. Şəxsən mən hesab edirəm ki, məsələ BMT-nin probleminə çevrilməlidir və yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə təşkilatın protektoratlığı altına buraxmaqdır. Sonradan, illər sonra, emosiyaların sakitləşəcəyi vaxtda hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcək üçün istəklərini ifadə edə bilərlər”.

Riçard Hoqland illərdir Azərbaycanın səsləndirdiyini təkrarlayıb, yəni münaqişənin həlli ilə BMT məşğul olmalıdır. Hoqland ayrıca, münaqişənin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi dörd qətnamə, müəyyən həll yollarını təklif edən Madrid prinsipləri əsasında həll edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Beləliklə, Hoqland açıq etiraf edib ki, ATƏT-in Minsk Qrupu münaqişəni həll edə bilməyəcək. Minsk Qrupunun həmsədri vəzifəsində çalışan diplomatın etirafı Azərbaycan rəsmilərinin, siyasi ekspertlərinin və cəmiyyətinin dediyinin təsdiqidir.

Hoqlandın BMT ilə bağlı fikirlərini isə iki hissəyə bölmək lazımdır. Birinci hissə Azərbaycanın maraqlarına cavab verir. Problemlə BMT məşğul olmalı, 4 qətnamə əsas götürülməli və münaqişə “Madrid planı”nda göstərildiyi kimi mərhələli şəkildə həll olunmalıdır. Ancaq Hoqlandın “Dağlıq Qarabağı qeyri-müəyyən müddətə təşkilatın protektoratlığı altına buraxmaq lazımdır” fikri dəqiqləşdirilməlidir. Dağlıq Qarababağda BMT protektoratı o zaman mümkündür ki, “mərhələli həll” planı işəs düşsün, yəni Dağlıq Qarabağa aidiyyatı olmayan rayonlar boşaldılsın və azərbaycanlılar bu bölgələrə, o cümlədən Şuşaya qayıtsınlar. Bunlar olmadan Dağlıq Qarabağın BMT protektoratı altına alınması işğalın uzanmasına yol açacaq.

“Atlas” Araşdırmalar Mərkəzi
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.