Zakir Həsənovun İsrailin müdafiə naziri ilə görüşü və İrana zəngi - nə baş verir?

5-10-2022, 10:58           
Zakir Həsənovun İsrailin müdafiə naziri ilə görüşü və İrana zəngi - nə baş verir?
Azərbaycanın müdafiə nazirinin bir gündə baş tutan təmasları haqda ancaq versiyalar irəli sürmək olar...
Oktyabrın 3-də İsrailin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Nümayəndə heyəti Prezident İlham Əliyevlə görüşüb. Sonra Benyamin Qansın Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

General-polkovnik Z.Həsənov qonaqları salamladıqdan sonra hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

B.Qans hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycanla İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Maraqlıdır ki, elə həmin gün müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Bir gündə baş tutan bu görüş və telefon zəngi diqqət çəkir. İsrail və İranın münasibətlərini nəzərə aldıqda isə bu təmaslara diqqət daha da artır.

Qeyd edək ki, İsraillə Azərbaycan arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. İranın da bu əməkdaşlığa yumşaq desək, qısqanc münasibəti də bəllidir. Bu səbəbdən Azərbaycanın müdafiə nazirinin bu təmasları haqda ancaq versiyalar irəli sürmək olar. O da mümkündür ki, Baqeri ilə telefon zəngi sırf təsadüfdən, bəri başdan razılaşdırıldığı üçün eyni günə təsadüf edib. Bəlkə də Bakı iki dövlət arasında hansısa təmaslarda vasitəçilik edir və sairə...

Xatırladaq ki, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeri (Təbrizli və Azərbaycan kökənli) hərbi paradda birbaşa ad çəkərək Azərbaycanı təhdid edən cümlələr qurub.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hər iki dövlətlə əməkdaşlıqda Bakının maraqlı olduğunu qeyd etdi: “Eyni gündə bir-birinə düşmən olan iki dövlətin - İsrailin və İranın müdafiə sistemlərinə başçılıq edən şəxslərin Bakı ilə təmaslarını təsadüfü saymaq olarmı? İsrail Azərbaycan-İran əməkdaşlığından narahat deyil, bunu Azərbaycanın daxili işi sayır və qarışmır. İran isə əksinə, Azərbaycan-İsrail hərbi əməkdaşlığından aşkar narahatdır, bunu müxtəlif səviyyələrdə səsləndirməkdən çəkinmir, üstəgəl, Hüseyn Baqeri bir müddət əvvəl Azərbaycanla bağlı təhdid mahiyyətli açıqlama verib. Rəsmi Bakı İsraillə hərbi-texniki əməkdaşlığı bundan sonra da davam etdirməkdə və genişləndirməkdə maraqlıdır. Azərbaycan Ordusunun gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması əsas vəzifədir. Azərbaycan-İsrail hərbi əməkdaşlığı İrana qarşı yönəlməyib. Azərbaycan öz ordusunu ən müasir hərbi texnika ilə təchiz edir. Azərbaycanın aldığı silahlar yalnız Qarabağda və Ermənistanla təmas xəttində istifadə edilir. Buna baxmayaraq, Tehran Azərbaycan-İsrail hərbi əməkdaşlığını İran üçün təhlükə kimi qiymətləndirir. İran İslam Keşikçiləri Korpusuna yaxın saytlardan biri hətta belə bir xəbər yaymışdı ki, guya Azərbaycan Türkiyə və İsraillə əməkdaşlıq çərçivəsində İran ərazisinə silah keçirir. Əlbəttə, İsrailin İrana qarşı münasibəti məlumdur və İranda nüvə mərkəzlərində çalışan bir neçə alimin öldürülməsində İsrail kəşfiyyatının adı çəkilir. Ancaq nə Azərbaycan, nə də Türkiyə İranın daxili işlərinə qarışmırlar və Qərb dövlətləri, o cümlədən İsrailin İrana qarşı planlarında iştirak etmirlər. Bu barədə dəfələrlə açıqlamalar verilib. Ancaq Tehranın siyasi dairələrində fərqli düşünürlər. Zakir Həsənov Məhəmməd Hüseyn Baqeri ilə telefon söhbətində rəsmi Bakının arqumentlərini bir daha onun diqqətinə çatdırsa da, Tehranın şübhələrinin azalacağını söyləmək çətindir. Ancaq bu şübhələr Azərbaycan-İsrail hərbi əməkdaşlığın miqyasına mənfi təsir etməyəcək. İsrailin müdafiə naziri Bakıda prezident səviyyəsində qəbul olunubsa, deməli, Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsində maraqlıdır. Azərbaycan bundan sonra İsraildən müasir silahlar alacaq”.

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov İran faktoruna xüsusi diqqət ayırdı: “Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq yeni bir şey deyil. Bu əməkdaşlığın tarixi iki ölkə arasında digər sahələrdə də olduğu kimi uzun illərə dayanır və hər keçən gün daha da inkişaf edir. Azərbaycan uzun illərdir ki, İsrail istehsalı olan silah sistemləri üçün etibarlı müştəridir. Statistikaya baxsaq görərik ki, 2011-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 27 faizi İsrailin payına düşüb. 2016-2020-ci illərdə isə silah idxalının 69 faizi İsrailin payına düşüb ki, bu da həmin dövr üçün İsrailin ümumi silah ixracının 17 faizini təşkil edir. Hazırda Azərbaycanın istifadə etdiyi sistemlər arasında 2020-ci ildə Qarabağ savaşı zamanı kifayət qədər uğur qazanmış İsrailin kamikadze tipli "Harop" PUA-ları da var. 2018-ci ildə Azərbaycan İsraildən həm də kamikadze tipli “SkyStriker” PUA-ları da əldə edib. Və nəhayət, İsrailin Azərbaycandan başqa demək olar ki, heç bir ölkəyə satmadığı “Israel Aircraft Industries” şirkəti tərəfindən hazırlanan LORA uzun mənzilli “yer-yer” tipli operativ taktiki raketlər də Azərbaycan Ordusunun arsenalında olduqca layiqli yer tutur. Ümumiyyətlə isə qeyd edim ki, İsrailin arsenalında olan hava hücumundan müdafiə vasitələri, operativ taktiki raket kompleksləri və s. Azərbaycan üçün əlçatandır və Azərbaycan da bu imkanlardan istifadə edərək öz hərbi arsenalını dünyanın ən qabaqcıl silah texnologiyaları ilə zənginləşdirir.

İrana gəldikdə isə təəssüflə qeyd etmək lazımdır ki, keçən otuz il ərzində bizlər bu ölkədən İsrailin Azərbaycana verdiyi dəstəyin yüzdə biri qədər belə dəstək görmədik. Əksinə, hər fürsətdə Ermənistanı, ərazilərimizi işğal altında saxlayan, günahsız insanlarımızı qətlə yetirən, məscidlərimizi yerlə-yeksan edən ölkəni dəstəklədiyinə şahidlik etdik. Birinci Qarabağ savaşında Ermənistan ordusunun arsenalında İran istehsalı olan silah-sursatdan tutmuş, tibbi preparat və ərzağa qədər nə desən var idi və bunlar danılmaz həqiqətdir. Mən hələ Azərbaycanın raketlərə olan tələbatını qarşılamaq üçün İrandan “Şahab” raketlərini əldə etmək niyyətində olduğunu və bu məqsədlə rəsmi Tehrana olan müraciətə yox cavabı alındığını demirəm. İran indi də heç bir şəkildə Vətən müharibəsindəki qələbəmizi həzm edə bilmir və bunu açıq şəkildə dilə gətirməkdən də çəkinmir. Otuz il ərzində 132 kilometrlik İran-Azərbaycan sərhədinin düşmən tapdağında olduğuna bir dəfə də olsun etiraz etməyən İran indi hansısa sərhədlərin dəyişdirilməsinin yolverilməzliyindən danışır və ən yüksək səviyyədə təhdidlər yağdırır. Amma bütün bunlara baxmayaraq, Azərbaycan olaraq biz istənilən ölkə ilə ikitərəfli, bərabər səviyyəli münasibətlərə dayanan əməkdaşlıqda maraqlı olduğumuzu dəfələrlə bəyan etmişik. Bir neçə il əvvəl Azərbaycanla-İran arasında hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupu yaradılması, bu ilin yanvarın sonlarında Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İrana səfəri də bunun bariz nümunəsidir.

Konkret dünənki hadisəyə, yəni İsrailin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinə və elə həmin gün müdafiə naziri general-polkovnik Zakir Həsənovla Baqeri arasında telefon danışığına gəldikdə isə deməliyəm ki, burada qeyri-adi və təəccüblü bir şey yoxdur. Təəssüf ki, rəsmi məlumatlarda cənab Zakir Həsənovla Məhəmməd Baqeri arasında olan telefon danışığının kimin təşəbbüsü ilə baş tutduğu açıqlanmır. Amma istənilən halda, bu telefon danışığının İsrail müdafiə naziri ilə görüşdən sonraya təsadüf etməsi onu deməyə əsas verir ki, telefon danışığında İranın bu səfərdən narahat olmamasının gərəkliyi də müzakirə olunub. İsrail-Azərbaycan münasibətlərinin hər hansı bir üçüncü ölkəyə qarşı olmadığının dəfələrlə elan olunmasına baxmayaraq İran bu münasibətlərdən hər zaman narahat olub. Onu da qeyd edim ki, bu münasibətlərdən narahat olan iki dövlət varsa, onlardan biri İran, digəri isə Ermənistandır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.