“Bunu 50 dəfəyədək endirmək olar, başqa yol yoxdur”

13-12-2019, 11:42           
“Bunu 50 dəfəyədək endirmək olar, başqa yol yoxdur”
Bu il Azərbaycanda hüquqi və fiziki şəxslərin elektron qeydiyyatı sistemi tətbiq olundu. Cari ilin 1 dekabr tarixinə ölkədə qeydiyyata alınan vergi ödəyicilərinin ümumi sayı 1,55 milyon vahid ötüb. Onlardan 139 666 min nəfəri (13.2%) hüquqi şəxslər və digər strukturlar olub. İlin əvvəlindən ticarət strukturlarının 71,4% -i (10.474) elektron formada qeydiyyata alınıb.

Bəs vergi xidmətlərində elektron qeydiyyatın faydaları nələrdir? Bu islahatların dövlət büdcəsi gəlirlərinin artımına necə təsir edir? Kölgə iqtisadiyyatı ilə mübarizə və iqtisadiyyatda şəffaflıq məsələsində nə dərəcədə rol oynayır?

Bununla bağlı iqtisadçı Qadir İbrahimli ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan ekspert bildirib ki, bu islahatlar nəticəsində artıq kölgə iqtisadiyyatının bir qisminin büdcəyə daxil olur:

“Elektron vergi qeydiyyatı çoxdan həyata keçirilir. Ancaq bir məsələ var ki, vergi ödəyəcilərinin sayı ilə real vergi ödəyicilər arasındsa fərq var. Tutaq ki, müəssisələr qeydiyyatdan keçir, amma onların hamısı fəaliyyət göstərmir və yaxud da fiziki şəxslər var ki, həmişə iş fəaliyyətləri olmur. Bu məsələ də yaxşı olar ki, aktiv vergi ödəyicilərinin sayını ayrıca təsnif etsinlər. Bu daha real statistika olar.

Bu ilin islahatların yekun statistikası hələ yanvar ayında bəlli olacaq. Ancaq 11 ayın statistikası göstərir ki, vergi daxil olmalarında artımlar var. Bu özü yaxşı bir tendensiyadır. Bu da onu göstərir ki, artıq kölgə iqtisadiyyatının bir qismi vergiyə cəlb olunub. Amma hesab edirəm ki, tam deyil. Çünki Azərbaycanın vergi potensialı daha böyükdür. Bu islahatlar yaxşı olardı ki, daha da dərinləşdirilsin. Kölgə iqtisadiyyatının tam sıfırlanması dünya praktikasında yoxdur, lakin bunu minimuma, yəni bunu 50 dəfəyədək endirmək olar. Başqa bir yol yoxdur. Çünki büdcədə artımlar, yəni pensiya və əmək haqqı artımları var”.

Xatırladaq ki, oktyabrın 23-də Prezident İlhan Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən kölgə iqtisadiyyatı məsələsinə də toxunub. Dövlət başçısı deyib ki, bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi:

"Deyə bilərəm ki, islahatlar yaxşı nəticələr verir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Yəni bu nə deməkdir? Yəni bu, yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar.

Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabına hesablanacaq? Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki, ən azı on minlərlə insan indi demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir.

Ona görə bu sahə çox ciddi diqqət tələb edir, çox ciddi addımlar atılmalıdır. Əminəm ki, İqtisadiyyat Nazirliyi bu məsələnin öhdəsindən gələcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.