Yüksək rütbəli zabitlərimizin ölümü qəzəb doğurdu - Nəcməddin Sadıqov dərhal kənarlaşdırılsın

14-07-2020, 16:56           
Yüksək rütbəli zabitlərimizin ölümü qəzəb doğurdu - Nəcməddin Sadıqov dərhal kənarlaşdırılsın
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edir. Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub.

Dominant.az xəbər verir ki, generalın və polkovnikin şəhid olması jurnalistlər tərəfindən birmənalı qarşılanmayıb.

Jurnalist Aygün Muradxanlı Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisinin vəzifəsindən uzaqlaşdırılmasını tələb edib: “Generalla polkovnikin koordinatlarını kim verib düşmən ordusuna? Nəcməddin Sadıqov dərhal vəzifədən kənarlaşdırılmalı, səfərbərlik elan edilməli, Azərbaycan torpağını qorumalıdır. Bu artıq savaş yox, dövlət müstəqilliyi məsələmizdir”.
Jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu da Dominant.az-a açıqlamasında həmkarı ilə eyni fikirdə olduğunu bildirib: “Nəcməddin Sadıqov ordumuzun qara yarasıdır. Ordudakı rüşvətin və korrupsiyanın başında o durur. O, ordudan kənarlaşdırılmalıdır. Cinayət işi açılmalıdır. İndiki halda bunu demək bilmirəm, nə dərəcədə düzgündür, amma həqiqət budur”.

Dominant.az-a danışan hərbi ekspert, jurnalist Üzeyir Cəfərov isə bildirib ki, real vəziyyətə görə hər hansı bir səfərbərliyə ehtiyac yoxdur: “Şükürlər olsun, təlim görmüş ordumuz var və indi döyüşə getmək istəyənlərdən az təcrübəyə malik deyil. Belə təklif verənlərin arzu və istəklərinə hörmətlə yanaşıram, ancaq yaxşı olar ki, hər kəs öz işi və sahəsi ilə məşğul olsun. Ordumuzun heç bir çətinliyi və ya problemi yoxdur. Azərbaycan Ordusu genişmiqyaslı əməliyyatlara başlamayıb, həmçinin kifayət qədər ehtiyat hərbçilərimiz var”.

Ü.Cəfərov N.Sadıqovla bağlı əsləndirilən tələblərə də münasibət bildirib: “İndiki vacib və həssas məqamda, döyüş gedən bir vaxtda heç bir dövlət belə qərar qəbul etmir və mən də bunun tam əleyhinəyəm. Bunun daha çox dövləti və hərbi əhəmiyyəti var. İstəməzdim ki, mənim sözlərimi başqa yerə yozsunlar. İndi bu məsələnin heç yeri və vaxtı da deyil. Həm də Ali Baş Komandan özü belə qərarları nə zaman verməyi tək qərarlaşdırır və həyata keçirir”.

Ü.Cəfərov ordumuzun general-mayoru və pokovnikinin şəhid olmasından da danışıb: “General Polad Həşimov çox təcrübəli və bacarıqlı komandirlərdən biri olub. O və şəhid olan zabitlər ön xəttdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olublar. Detalları Müdafiə Nazirliyi özü açıqlaya bilər. Hər hansı başqa sözə ehtiyac yoxdur. Onların da taleyi Şəhidlik zirvəsinə ucalmaq idi ki, Allah onlara bu məqamı qismət etdi. Hər kəsə nəsib olmayan bir ömür payıdır. Allah ruhlarını şad eləsin. Doğma və əzizlərinə səbr, dözüm arzulayıram”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.