Su problemi: Qurumlar xərcləri əhaliyə “yükləyəcək”?

28-07-2020, 18:06           
Su problemi: Qurumlar xərcləri əhaliyə “yükləyəcək”?
Ölkənin su təhcizatında ciddi problemlər yarandığı bir vaxtda su tariflərinin artırılacağı haqda xəbərlər yayılmaqdadır.
Bu da şübhəsiz ki, susuzluq problemi yaşayan əhalinin narahatlığına səbəb olur. Xatırladaq ki, Azərbaycanın əsas su təchizatçısı olan transsərhəd çayları Kür və Arzazın ölkəmizin ərazisinidə suyunun azalması həmin su höfzələrində yaşayan sakinlərin ciddi problemlə üzləşməsinə səbəb olub. Hazırda bəzi bölgələrdə içməli su maşınlarla daşınır, mal-qara, əkin sahələri isə susuzluqdan əziyyət çəkir.
Su təsərrüfatında olan durum bu yaxınlarda dövlət başçısı səviyyəsində keçirilən müşavirədə müzakirə olundu. Üzə çıxan məqamlardan biri də o oldu ki, illərdir bu sahəyə ayrılan vəsaitlər səmərəsiz formada istifadə olunub. Son zamanlar problemdən çıxış yolu kimi israfa yol verilməsinin qarşısının alınması məqsədilə suyun tarifinin artırılmasının mümkünlüyü barədə fikirlər səsləndirilir.
İqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, infrastruktur layihələrindən ən çox diqqətdən kənarda qalan təsərrüfat və içməli su sistemlərinin qurulması ilə bağlı layihələrdir: “Məlumdur ki, Azərbaycan həm elektrik, həm təbii qaz təchizatı ilə bağlı xaricdən milyardlarla dövlət təminatlı kreditlər alıb. Demək olar ki, hazırda ölkədə elektrik enerjisi və qaz təhcizatı ilə bağlı hər hansı problem mövcud deyil. Qeyd edim ki, “Azərenerji” ASC və “Azərişıq” üçün təxminən 3 milyarda manata yaxın vəsait ayrılıb. Lokal olaraq bölgələr üzrə müəyyən quyuların qazılması, kiçik su mənbələrinin tapılması üçün küllü miqdarda vəsaitlər ayrılıb. Hətta elə rayon var ki, bir quyunun qazılması üçün 42 min manat vəsait sərf olunub, məsələn, Bərdə rayonunda 10 quyunun qazılması üçün bu ilin yanvar ayından indiyədək 420 min manat vəsait sərf olunub. Təxminən 200 milyon manata yaxın vəsait kiçik, lokal layihələrin icrası üçün ayrılıb. Lakin çox təəssüf ki, ölkədə su təsərrüfatı və su təhcizatı ilə bağlı infrastrukturun qurulması üçün uzun illərdir ki, hər hansı araşdırma, strateji proqram ortaya qoyulmayıb”.
İqtisadçı deyir ki, problemlərin aradan qaldırılması üçün vəsaitlərin böyük bir hissəsini strateji layihələrin həyata keçirilməsi istiqamətinə yönəltmək lazımdır: “İlk nöbvədə su itkisinin qarşısı alınmalıdır. Məlumdur ki, Kür və Araz çayları vasitəsi ilə ölkənin Mərkəzi Aran və ətraf rayonlarının içməli su təminatı həyata keçirilir. 1970-ci illərin əvvəllərində qurulmuş suvarma sistemləri isə hazırda yararlı deyil. Dünyanın heç bir ölkəsində palçıq kanallar vasitəsilə əkin sahələrinə su verilmir. Bu ya boru xətləri, ya da beton kanallar vasitəsilə həyata keçirilir. Artıq 20 il bundan əvvəl həm Avropa, həm də dünyanın aparıcı ölkələrində su itkisinin qarşısını almaq məqsədilə bu cür layihələr həyata keçirilib. Azərbaycanın demək olar ki, əksər rayonlarında içməli və təsərrüfat suyu təhcizatı eyni kanallar vasitəsilə həyata keçirilir. Bu çox da böyük olmayan layihədir və bunu yaxın zamanlarda həyata keçirmək mümkündür. Dövlət iri investisiya proqramları həyata keçirməklə bu problemi maksimum aradan qaldıra bilər. Meliorasiya və Su Təsərrüfatı Cəmiyyəti ilə “Azərsu”-ya ayrılan təxminən 1 milyard vəsaiti kompelektləşdirmək və daha çox iqtisadiyyatda dönərli olan investisiya formasına gətirmək lazımdır ki, bu daha çox rentabelli olsun”.
Razi Abbasbəyli deyir ki, dövlətin iri investisiya layihələri həyata keçirilən zaman ilkin mərhələdə həm fermerlərə verilən təsərrüfat məqsədli suyun, həm də əhaliyə verilən içməli suyun tariflərinin qaldırılmasını gözləmək mümkündür: “Amma suyun qiymətini qaldırıb, vəziyyəti əvvəlki səviyyədə saxlamaq ədalətli olmaz.
Məsələn, kabelləşmə gedəndən sonra elektrik enerjisinin verilişi ilə bağlı problemlər aradan qalxdı və tariflər artırıldı. Azərbaycanın 5-6 ay ərzində pandemiya şəraitində yaşadığı bir vəziyyətdə heç bir iş görmədən tariflərin artırılması yolverilməzdir. İlk növbədə hədəf post-pandemiya dövründə həm içməli, həm də təsərrüfat su sistemlərinin yenidən qurulması üçün iri investisiya layihələrinin həyata keçirilməsi olmalıdır, ondan sonrakı 1-2 il ərzində su tariflərinin artırılması müzakirə edilə bilər. Amma bu gün həm içməli, həm təsərrüfat su təhcizat sistemləri bərbad vəziyyətdə olduğu halda, investisiya layihələrinin xərclərini pandemiyadan əziyyət çəkən əhaliyə “yükləməklə” ölkəni daha da ağır vəziyyətə salmaq olar”.
Xatirə Nəsirova
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.