"Versələr alaram, şair adamam, amma, heç vaxt ummamışam.”"

7-07-2020, 09:25           
"Versələr alaram, şair adamam, amma, heç vaxt ummamışam.”"
Tanınmış şairə Cığatel İsaqızı ötənlərdə ATV-də “ZAURla GÜNAYdın” verilişinin qonağı olarkən şeirinə yazılan mahnılardan pul almadığını söyləyib. Həmin etirafdan sonra istər-istəməz sual hasıl olunur:

“Görəsən şeirlərinə üz tutanlar pul təklif etmir, yoxsa şairənin özü cömərddir?”

“Sherg.az” da məsləyə aydınlıq gətirmək üçün Cığatel xanımla əlaqə saxlayıb. O bildirib ki, həqiqətən də heç vaxt qonorar gözləməyib:
“Düşünməmişəm ki, yazdığım şeirdən pul qazanım. Şeirlərimə mahnıların bəstələnməyi məni xoşbəxt edib. ”

Şairə verlişdə dedikləri haqqında da danışıb:

“Efirdə Zaur Baxşəliyev sual verdi ki, “Ağ çiçəyim” və digər mahnılardan nə qədər qonorar almısan? Dedim ki, mahnıdan heç vaxt pul götürməmişəm. O ki qaldı “Ağ çiçəyim” mahnısını Elza xanım istəmişdi. Onu rəhmətlik İlhamə Quliyeva da oxudu. Elza Seyidcahan çox mahnılarımı ifa edib, şeirlərimə bəstələr yazıb. Onu da qeyd edim ki, maddi sıxıntılarım olsa da, şeirdən pul qazanmaq ağlıma gəlməyib. El oğlanlarım, el qızlarım var, şairi el dolandırır. Müğənni deyiləm pul qazanam. Əksinə, Elza xanıma şeirlərimə üz tutub, mahnılar ərsəyə gətirdiyi üçün təşəkkür etdim. Məsələn, Gülyaz, Gülyanaq bacıları, Gülüstan Əliyeva, Baloğlan Əşrəfov, Xatirə İslam, Mirələm Mirələmov, Eldar Ələkbərov mahnılarımı oxuyublar. “

C.İsaqızı tanınmış xanəndə Elnarə Abdullayevanın sonuncu oxuduğu mahnısının haqqını ödədiyini vurğulayıb:

“Zəng etdi ki, karantin dövrüdür, vəziyyət pisdir. Şeirlərindən birinə mahnı oxumuşam, sənə yüngülvari şirinlik etmək istəyirəm. Mən də zarafatla dedim ki, verməsəniz də olar, amma versəniz lap yaxşı... Məsələn, Baloğlan Əşrəfov mahnılarımı ifa edir, Aşıq Telli şeirlərimi səsləndirir. Cabbar Musayev, Könül Kərimova yaxın günlərdə birini oxuyublar. Hər ifa məni yaşadır. Sənətkarların, bəstəkarların, müğənnilərin şeirimə müraciət etmələri, yaradıcılığımı sevdiklərini göstərir. Onların sevgisi məni doyurur. Versələr alaram, şair adamam, amma, heç vaxt ummamışam.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.