Büdcədə cəmi 48 quruş vardı – Mustafa Kamal Paşanın Qurtuluş Savaşı

19-05-2019, 21:32           
Büdcədə cəmi 48 quruş vardı – Mustafa Kamal Paşanın Qurtuluş Savaşı
Türkiyə yazarı Hasan Aydın "Milliyət” qəzetində "Mübarizənin 100 ili”nə həsr olunmuş yazı yazıb. Yazıda Türkiyə Cümhuriyyətinin hansı çətinliklə qurulduğu, Mustafa Kamal Atatürkün mübarizəsi haqqında maraqlı bilgilər verib.

"Sherg.az” yazının maraqlılığını nəzərə alaraq oxucular üçün həmin məqaləni dilimizə çevirərək təqdim edir:

-Mustafa Kamal, 27 dekabr 1920-ci ildə Ankaraya gəldi. Qərargahını "Ziraat Məktəbi”ndə qurdu. Mustafa Kamalın Ankaradakı ilk günlərində mübarizəni təşkilatlandıran şəxslərin maliyyə problemləri başlamışdı. Mazhar Müfit Kansunun bir gün ziyarətinə Ankara Müftüsü Rıfat Börəkçi Əfəndi gəldi. Kansu təlaşlandı: "İndi Müftü Əfəndiyə qəhvə hazırlamaq lazımdır. Qəhvə var, amma şəkər yoxdur. Mənim iki parça şəkərim var, onu da masanın gözündə saxlamışdım. Şəkərli qəhvə istəsə nə edəcəm? Siqaret də vermək lazım olsa bəs?”.
Həmin vaxt şəkər çox baha idi. Kansu "Müftü Əfəndi sizin bir az sıxıntıda olduğunuzu öyrəndik. Az da olsa yardım etməyi özümüzə vəzifə sayırıq” – deyib söhbətə giriş etdi. O, otaqdakı kassanı göstərərək, "pulumuz var” dedi. Halbuki, kassanın içində cəmi 48 qəpik var idi. Müftü Əfəndi isə, həmin gün, Ankaranın imkanlı adamlarından topladığı min lirəni milli mübarizədə istifadə edilməsi üçün Kansuya verdi.

YOXLUQLA SAVAŞ...

Məclis 23 aprel 1920-ci ildə Ankarada bu şərtlər altında ilk toplantısını keçirdi. Məclis binası olaraq, Ulusda yerləşən, "İttihad və Tərəqqi Cəmiyyəti”nin klub binası kimi tikilən bina seçilmişdi. Ancaq binanın tikintisi hələ ki, bitməmişdi. Ankara camaatının səyləri nəticəsində tikinti tamamlanaraq, Qurtuluş Savaşını idarə edəcək ilk Məclisin iclaslarının keçiriləcəyi məkana çevrildi.

Millət vəkillərinin oturacağı stullar məktəblərdən gətirildi. Evlərdən, mağazalardan qərargaha odun sobaları gətirildi. Mebellər dövlətə aid məkanlardan, çıraqlar çayxanalardan alındı. Ankara camaatı evlərindən xalçalarını verdi. Camaat evinin damından kərpicləri söküb gətirdi. Bununla Məclis binasının damı düzəldildi. Məclis ilk iclasını 127 millət vəkili ilə keçirə bildi.

MUSTAFA KAMAL PAŞA HAQQINDA EDAM QƏRARI...

Milli mübarizəyə dəstək olmaq üçün ziyalılar gizlicə Ankaraya gələrkən, digər yandan İstanbuldakı Hərb Divanı, Mustafa Kamal Paşa haqqında edam qərarı verdi.
Yunanların böyük hücumu, 23 avqust 1921-ci ildə başladı. Sakaryanın arxasında yerləşən Türk ordusu, üstün olan düşmənə qarşı əfsanəvi müqavimət sərgilədi. Sakarya müharibəsi ilə yunanların hücumu dəf edildi. Yunan hərbiçiləri Afyon – Əskişəhər istiqamətində müdafiə xətti qurdu. Sakarya müharibəsindən sonra Mustafa Kamal Paşaya Məclis tərəfindən marşal rütbəsi ilə, Qazilik adı verildi. Məclisdə özünəinam bərpa olundu və hücum üçün səslər yüksəldi. Ancaq Mustafa Kamal, realist və səbirli idi. Kamal Paşa təxminən bir il müddətində ordunu gücləndirmək üçün çalışdı. Sovetlər Birliyindən silah yardımı alındı. İstanbuldakı gizli təşkilatların qəhrəmanları tərəfindən qaçırılan silah-sursat, dəniz yolu ilə İnəboluya, oradan da Ankaraya gətirildi. Qurtuluşun Ordusu, 186 min əsgərdən ibarət böyük gücə çevrildi. Yunan silahlı qüvvələri 220 minlik şəxsi heyətə malik olmaqla yanaşı, silah baxımından yenə də üstün idi. Mustafa Kamal, 17 avqust 1922-ci ildə Ankaradan gizlin şəkildə çıxdı. Sonradan xeyir-duasını aldığı anasına da cəbhəyə getdiyini deməmişdi.

Baş komandanın Ankaradan getdiyi bilinməsin deyə, "Anadolu” Agentliyində Mustafa Kamal Paşanın 1922-ci ilin avqustunda Çankayada çay qonaqlığı verəcəyi xəbəri yayıldı. Mustafa Kamal isə, əvvəlcə Konyaya, ordan da Akşəhərə keçdi. Son hazırlıqları gördükdən sonra Şuhutu keçərək, gecəyarı Kocatəpəyə gəldi. 26 avqust 1922-ci ildə, səhər tezdən Kocatəpədə Mustafa Kamalın yanında "Xoca Paşa” dediyi Fevzi Paşa ilə İsmət Paşa var idi. Kocatəpəinin düz qarşısında yunan ordusunun mərkəzi qüvvələri vardı. Yunan ordusuna mərkəzdən güclü hücumla, müdafiəni yarmaq planlaşdırılmışdı. Yəni ordunun mərkəzinə sürətli basqın... Saatlar səhərə yaxın 04:30-u göstərdiyində, Afyon türk topçusunun davamlı atışları ilə sarsıldı. Müharibə 4 gün boyunca, çox çətin keçdi. 30 avqustda "Meydan Müharibəsi” qazanıldı. İzmirə qədər qovulan yunan ordusu məhv edildi. Canını sağ qurtaran yunan əsgərləri isə dəniz yolu ilə Anadolunu tərk etmək məcburiyyətində qaldı.

"SİZİN KİMİ KOMANDİRLƏRİ, ZABİTLƏRİ, SIRAVİLƏRİ OLAN MİLLƏTİN, YAD ƏLLƏRDƏ QUL VƏ KÖLƏ OLMASI MÜMKÜN DEYİL. ZƏFƏRİN MAYASI SƏNDƏDİR”

Baş komandan Mustafa Kamal, Sakarya qələbəsindən sonra 20 sentyabr 1921-ci ildə "Nəfərlərə” başlığı altındakı bayram teleqramı ilə əsgərə belə səsləndi: "Qurtuluş üçün etdiyiniz bu savaşdan əvvəl sizi başqa müharibə meydanlarında da tanımışdım. Dünyanın heş bir ordusunda ürəyi səninkindən daha təmiz, daha sağlam bir əsgərə rast gəlinməyib. Hər qələbənin mayası səndədir. Hər zəfərin ən böyük payı sənindir.

İmanınla, itaətinlə, heç bir qorxusu olmayan dəmir kimi pak qəlbinlə düşməni məğlub edən böyük əməyin üçün minnət və şükranımı söyləməyi özümə ən əziz borc bildim. Sizin kimi komandirləri, zabitləri, sıraviləri olan millətin, yad əllərdə qul və kölə olması mümkün deyil. Türkiyə Böyük Millət Məclisinin, mənə verdiyi yeni rütbə və Qazi adı sizə həm də aiddir. Millətin verdiyi bu rütbə ilə yüksələn ordu, ən şərəfli və güclü ordudur. Sizin qəhrəmanlığınızla, sizin göstərdiyiniz fədəkarlıqlar bahasına qazanılan böyük qələbələrə görə, millət tərəfindən təqdir edilərək verilən Qazi adını və marşal rütbəsini, bütün hərbi həyatımın ən böyük iftixarı olaraq daşıyacam. Cənab Allah tutduğumuz qurtuluş mübarizəsi yolunda şərəfli silah dostlarıma, onları pak edən kübarlığın, comərdliyin, qəhrəmanlığın haqqı olan qurtuluşu nəsib etsin”.

"MUSTAFAM QƏLƏBƏ QAZANMADAN DÖNMƏ”

Nəzihə Arazın "Mustafa Kamalla 1000 Gün” kitabında, Atatürkün anası Zübeydə xanımla bağlı bu ifadələr yer alır:

"Mustafa Kamalın əmiri Əli Çavuş içəri girdi:

- Məni çağırmısan ana?

- Oğlum hardadı Əli? Mustafam hara getmiş olar?

Əli başını aşağı salmışdı:

- Çaya getdi ana. Çay qonaqlığına Sənə də elə demişdi axı...

- Yalan! Mən bilmirəmmi oğlum hara gedib? Anayam mən. Cəbhəyə getdi. Ürəyim belə deyir. Amma o hara getdiyini kiminsə bilməsini istəməz. Buna görə də Mustafama məktub yazmışam.

Əli çaşqın halda soruşur:

- Məktubmu yazdın?

Zübeydə xanım eynəyini düzəldir və yazdıqlarını oxumağa başlayır:

-Mustafam, bilirəm gəlməyəcəksən. Çay qonaqlığına gedirəm dedin. Amma molla anan haraya getdiyini bilir. Sən cəbhəyə getmisən. Mənim ürəyim bunu bilir. Bil ki, sənin üçün dua edirəm. Mustafam qələbə qazanmadan dönmə. Mən səni gözləməyi bilirəm”.

-Əli al bu məktubu, hardadısa Mustafamı tap ona ver. Tap onu, anladınmı?!

ANAM BİZƏ DUA ET!

Mustafa Kamal Əli Çavuşun ona çatdırdığı məktubu bir də təkrar oxuyub cibinə qoydu. Sonra iki əlini yanındakı gənc yavəri Salihin çiyinlərinə qoyub dedi: "Nə oldu, lal-kar oldunuz?! Narahat olmayın uşaqlar, cibimdə anamın xeyir duası var. Artıq sizə sirrimi aça bilərəm. İndi buradan birbaşa cəbhəyə gedirik. Hücumu başladacağıq. Öncə Tuz gölü istiqamətindən Konyaya, oradan da birbaşa cəbhəyə... Konyada etməli olduğumuz önəmli işimiz var. Ayın 20-də də yenə Akşəhərdə olmalıyıq”.

Kocatəpədə gün doğur. Sonsuz bir səssizlik hökm sürür. Mustafa Kamal bir daşın üzərində oturur. Arxasında ayaq üstə dayanan ordu komandanlarından Bəkir Sami, Fevzi və İsmət paşalar var. Mustafa Kamal danışmır, sadəcə düşünür. Birdən göyləri yaran, səssizliyi pozan top atəşi başlayır. Sanki yer-yerindən oynayır. Kocatəpə ara-sıra işığa qərq olur. Sanki bir amfeteatrdır. Mustafa Kamal ayağa qalxaraq, danışır:

"Rəbbim! Yunanların qazanmasını mənə göstərmə! Onlar qazanarsa, göy qübbəsi başıma yıxılsa daha yaxşıdı. Anam! Bizə dua et!”.

EGE CƏBHƏSİ...

Yunan işğalına qarşı "Kuvayi Milliyə Gücləri” Ayvalıq, Berqama - Soma, Akhisar, Salihli, Aydın - Nazilli cəbhələrində mübarizə apardı.

ŞƏRQ CƏBHƏSİ...

Qərb cəbhəsindəki müharibənin eynisi, Anadolunun hər yerində baş verdi. 19 maydan etibarən təşkilatlanma ilə Qaradənizdə "Pontus dövləti”nin hücumları Topal Osman kimi qrup liderləri tərəfindən dayandırıldı. 1920-ci ildə ermənilərin Oltunu işğal etmələri və gürcülərin 25 iyulda Artvini almaları səbəbindən, Kazım Qarabəkir komandanlığında ordu birlikləri 28 sentyabr 1920-ci ildə hücuma keçdi. 29 sentyabr 1920-ci ildə Sarıqamış, 30 oktyabrda Qars, 7 noyabrda da Gümrü türk əsgərləri tərəfindən geri alındı. 18 noyabr 1920-ci ildə aparılan danışıqlardan sonra, 2-3 dekabr gecəsi "Gümrü Sülh Anlaşması” imzalandı. Milli hökumətin imzaladığı bu ilk müqavilə ilə ölkənin Şərq sərhədləri bəlli oldu.

GÜNEY CƏBHƏSİ...

Fransızların Adana, Urfa, Maraş ve Antepi işğal etmələri qarşısında yerli əhali müqavimət göstərməyə başladı. Fransızlar ermənilərlə işbirliyinə gedərək müstəmləkə siyasəti aparmağa cəhd etməyə çalışarkən, bu illərdə Türk Milli Qüvvələri qurulub təşkilatlandı. Cənubda Çukurova, Antep, Maraş ve Urfa cəbhələrində isə Xalq işğalçılara qarşı dastan yazdı.
Mustafa Kamal Paşanın bu mücadiləsi yaxında Türkiyə dövlətinin qurulacağını göstərirdi.

Hazırladı: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.