Rusiyada 7 krım-tatar fəalına həbs cəzası verildi

17-09-2020, 07:48           
Rusiyada 7 krım-tatar fəalına həbs cəzası verildi
Çərşənbə günü Rostov-Donda yerləşən Cənubi Bölgə Hərbi Məhkəməsi, Rusiya hakimiyyəti tərəfindən "qadağan edilmiş terror təşkilatının fəaliyyətində iştirak etməkdə" günahlandırılan yeddi krım-tatar fəalını 13 ildən 19 ilə qədər həbs cəzasına məhkum edib.

Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, Krım Həmrəyliyi Platformasının bəyanatında belə deyilir.

Ukrayna Xarici İşlər Nazirliyi, Rusiya məhkəməsinin qanunsuz qərarı ilə əlaqədar kəskin etirazını bildirib.

“Bütün bu Ukrayna vətəndaşları müvəqqəti olaraq işğal olunmuş Krım Muxtar Respublikasının ərazisində qanunsuz olaraq saxlanılıb və beynəlxalq hüquqa zidd olaraq, Rusiya ərazisinə, Rostov-Don şəhərinə aparılıblar. Məhkəməyə qədərki istintaq və məhkəmə prosesi çoxsaylı prosessual pozuntularla və təqsirləndirilən şəxslərin ittiham olunduqları əməllərdə iştirak etməməsi barədə müdafiə tərəfinin verdiyi sübutlara tamamilə məhəl qoyulmaması şəraitində aparılıb. Bu biabırçı prosesin son nöqtəsi M.Belyalova 18 il, M. Asanova 19 il, T. İbrahimova 17 il, S. Saliyevə 16 il, S. Mustafayevə 14 il, E. Smailova 13 il və S. Zekiryayevə 13 il həbs cəzası verilməsi barədə məhkəmə qərarı oldu”, - deyə xarici siyasət idarəsinin bəyanatında bildirilir.

Xarici İşlər Nazirliyi Rusiya Federasiyası səlahiyyətlilərini məhkəmə qərarını ləğv etməyə və Marlen Asanovu, Memet Belyalovu, Sərvər Zekiryayevi, Timur İbrahimovu, Sərvər Mustafayevi, Seyran Saliyevi və Edem Smailovu, eyni zamanda qanunsuz olaraq həbsdə olan digər Ukrayna vətəndaşlarını dərhal azadlığa buraxmağa çağırıb.

Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə də müraciət edib. Onu həm milli, həm də beynəlxalq mexanizmlərdən istifadə edərək Krım yarımadası sakinlərinin hüquq və azadlıqlarının qorunması və sanksiyaların tətbiqi daxil olmaqla, Rusiya Federasiyasına təzyiqləri artırmaq üçün fəal səyləri davam etdirməyə çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.