KQB əməkdaşı FTB və MKİ agentlərini necə “verbovka” etdi...

30-01-2019, 01:39           
KQB əməkdaşı FTB və MKİ agentlərini necə “verbovka” etdi...
Viktor İvanoviç Çerkaşin 1932-ci ildə Kurskda doğulub. Sovet kəşfiyyatçısı olub, KQB-nin I Baş İdarəsində xidmət edib.

Kəşfiyyatçının ən uğurlu əməliyyatı 1985-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yüksək çinli nümayəndəsi Oldriç Eymisi SSRİ xeyrinə əməkdaşlığa cəlb etməsi olub. Buna görə SSRİ-də ən yüksək orden - Lenin ordeni ilə təltif olunub. 2004-cü ildə Çerkaşinin ABŞ-da “Casusluğun ukratoru” memuarı işıq üzü görüb və bu faktiki böyük qalmaqala səbəb olub.

Teleqraf.com bu məşhur kəşfiyyatçının dosyesini təqdim edir:

Çerkaşin KQB əməkdaşı ailəsində doğulub. Daha sonra mühəndis diplomu alıb. 1952-ci ildə - Stalinin SSRİ-yə rəhbərlik etdiyi dövrdə KQB-də işə götürülüb. Həmin ildə Leninqradda instituta daxil olaraq xarici dil öyrənməyə başlayıb. Burada məşhur kəşfiyyatçı Oleq Kaluqinlə tanış olub və dostluğu uzun illər sürüb. İnstitutu bitirdikdən sonra KQB-də əks kəşfiyyat işinə keçib. 6 ilini KQB-nin II Baş İdarəsində əsasən Britaniya kəşfiyyatının SSRİ-dəki fəaliyyətinin qarşısını almaqla keçirib.

1962-ci ildə kapitan Çerkaşin MKİ və İngiltərə üçün işləyən ikili agent, polkovnik Oleq Penkovskinin ifşa edilməsində fəal iştirak edib. Bundan sonra KQB-də 14-cü şöbəyə keçirilib. Burada əsasən xarici kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Eyni zamanda idarə rəisinin müavini vəzifəsinə qədər qalxıb.

1965-1970-ci illərdə Livanda xidmət keçib. Daha sonra onun ABŞ-a göndərilməsi məsələsi meydana çıxıb.

1979-1987-ci illərə qədər SSRİ-nin ABŞ-dakı səfirliyində işləyib. Faktiki ABŞ-da Sovet kəşfiyyat şəbəkəsinin rezident müavini olub. Onun ən uğurlu işi MKİ-nin məxfi informasiyalarına çıxış imkanı olan Oldric Eymisi əməkdaşlığa cəlb etməsi olub. Oldric faktiki olaraq MKİ-də SSRİ və Şərqi Avropa bölməsinin əks-kəşfiyyat şöbəsinin rəhbəri vəzifəsində çalışıb. ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) analitik bölməsinin əməkdaşı Robert Xanssen də məhz Çerkaşinin vasitəsilə “verbovka” edilib. Bu şəxslərin hər ikisi özləri Çerkaşinə əməkdaşlıq təklif ediblər.

Məhz MKİ və FTB-də bu iki “quyruğun” ələ keçməsi KQB-yə imkan verib ki, ABŞ kəşfiyyatının 12 casusunu SSRİ xüsusi xidmət orqanlarında ifşa edə bilsinlər. Həmçinin ABŞ və Qərb koalisiyasına işləyən bəzi sovet xüsusi xidmət orqanlarının əməkdaşları da bu iki “quyruğun” informasiyaları sayəsində ifşa edilib.

ABŞ-da fəaliyyəti zamanı Çerkaşin əsasən siyasi və elmi-texniki, kəşfiyyat sahəsində işləyib. General Stanislav Androsovun rəhbərlik etdiyi bu qrup əsasən siyasətçilər, zabitlər, ictimai xadimlər, jurnalistlərlə yaxşı əlaqələri yaratmaq, Amerika kəşfiyyatına çıxış bağları qurmaq istiqamətində işləyib.

Birinci qrup əsasən ABŞ Dövlət Departamentində, Konqresdə və SSRİ ilə siyasətin formalaşdırıldığı digər strukturlarda informasiya mənbəsi axtarışında olub.

İkinci qrup isə elmi-texniki kəşfiyyat əməkdaşlarından ibarət olub. Onlar ABŞ-ın silahlanması, yeni növ silahların görünüşü, hərbi texnika ilə bağlı məxfi informasiyalar toplayır, ABŞ-ın hərbi kosmik proqramları haqqında məlumatlar əldə etməyə çalışırdılar.

Viktor İvanoviç Çerkaşin qeyd edirdi ki, ABŞ-da FTB xarici müşahidə həyata keçirirdi. Hansı ki, bu müşahidələr səfirliyin yanında qurulurdu. Casusların və potensial casusların üzə çıxarılmasına xidmət edən bu müşahidələr eyni zamanda SSRİ səfirliyinin əməkdaşlarının davranışlarını nəzarət altında saxlamağa xidmət edirdi. Ancaq bu müşahidələr total deyil, ümumi xarakter daşıyırdı.

Çerkaşin fəaliyyəti dövründə ABŞ-dan savayı Livan, Hindistan və Almaniyada da kəşfiyyat fəaliyyəti həyata keçirib.

1991-ci ilin avqustunda Moskvada QKTP-nin uğursuz qiyamından sona Çerkaşin KQB-dən gedir. Qeyd edilir ki, onun KQB-dən getməsinin səbəbi əslində bu idarənin sədr müavini Vladimir Kryuçkovla yaranan fikir ayrılıqları idi ki, bunun da tarixi 1987-ci ilə gedib çıxırdı.

1994-cü ildə Çerkaşin “İst Bridj Bank” quraraq biznes fəaliyyətinə keçir. Bu işdə ona isveçrəli biznesmen dostu Piter Vilxehelm dəstək olur. Sonradan məlum olur ki, bank vasitəsilə kapitalın qanunsuz ixracı həyata keçirilir. Sonra Çerkaşin şəxsi “Alfa-Puma” mühafizə şirkətini yaradır.

2004-cü ildə ABŞ-da Çerkaşinin “Casusluğun kuratoru” memuarı nəşr olunur.

2005-ci ildə 72 yaşlı Çerkaşin şəxsən ABŞ-a yollanır və memuarını Casuslar Muzeyinə təqdim edir. Burada keçirilən təqdimatda MKİ-nin nümayəndələri, habelə Çerkaşinin keçmiş dostu Oleq Kaluqin də iştirak edir.
Çerkaşinin memuarı 2005-ci ildə Böyük Britaniyada əsl casus qalmaqalına səbəb olur. Buna səbəb Oleq Qordievski haqqında yazılanlar idi. Çerkaşin iddia edirdi ki, KQB əməkdaşı Qordievski Mİ5 tərəfindən casusluğa cəlb edilib, hətta Londona qaçdıqdan sonra Eymisi ələ verməyib.

Məlumat üçün qeyd edək ki, SSRİ KQB-nin tarixi boyu bəlkə də əlinə keçirdiyi ən ciddi “quyruq” Oldric Eymis olub. Çünki bu şəxsin “verbovka” edilməsi sovet kəşfiyyatına imkan verib ki, onun daxilində MKİ, FTB, Mİ5 kimi xarici kəşfiyyatlara xidmət edən şəxsləri ifşa edə bilsin. Oldric Eymisin verdiyi informasiyalar əsasında SSRİ xüsusi xidmətinin onlarla general və polkovniki vətənə xəyanətdə ittiham olunub.

Qeyd edək ki, hazırda 87 yaşı olan KQB polkovniki Çerkaşin Rusiyada yaşayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.