Hindistan-Pakistan hərbi qarşıdurması: Dehlinin Pakistan ərazisinə nöqtə zərbələri böyük savaşa keçəcəkmi? - ARAŞDIRMA

27-02-2019, 00:25           
Hindistan-Pakistan hərbi qarşıdurması: Dehlinin Pakistan ərazisinə nöqtə zərbələri böyük savaşa keçəcəkmi? - ARAŞDIRMA
Sergey Manukov

EADaily.com,

Planetdə barışmaz görünən ziddiyyətlər var. Ən məşhur örnək yəhudilər və fələstinlilər arasındakı ziddiyyətdir. Deyəsən, XX yüzilliyin ortalarına qədər bir dövlət olmuş, sonra müstəqillik əldə etmiş və … münasibətləri aydınlaşdırmağa və vuruşmağa başlamış Pakistan və Hindistan arasındakı münasibətlər də bu kateqoriyaya aiddir.

Qısa mülayimləşmə

İslamabadda qonşu ilə dinc dialoq uğrunda çıxış edən İmran Xanın hakimiyyətə gəlişilə Hindistan və Pakistan arasında ötən ilin avqustunda başlanan münasibətlərin normallaşması cəmi yarımil çəkib. Hindistanın şimalında Cammu ştatında və Kəşmirdə nəticədə Hindistanın 44 polisinin həlak olduğu, son 30 ilin ən qanlı teraktı prosesi dayandırıb. Cümə axşamı, fevralın 14-də 22 yaşlı yerli sakin Adil Əhməd Darın sükan arxasında əyləşdiyi və partladıcı quraşdırılmış avtomobil Pulvama bölgəsində Mərkəzi Polis Rezervinin əməkdaşlarını aparan avtobus dəstəsinə çırpılıb. Cammu və Kəşmirin müsəlman bölümünün Hindistandan ayrılması və Pakistana birləşdirilməsi uğrunda çıxış edən “Caişi-Muhəmməd” (Məhəmməd peyğəmbərin ordusu – YeM) ekstremist islamçı qruplaşma terakta görə məsuliyyəti əlüstü öz üzərinə götürüb. Hindistanda iddia edildiyi kimi, Pakistanın qüdrətli İdarələrarası Kəşfiyyatının (ISI) yaratdığı bu təşkilatın fəaliyyəti ABŞ-ın basqısı altında İslamabad tərəfindən rəsmən yasaqlanıb, amma bununla belə, öz fəaliyyətini davam etdirir. 2016-cı ilin sentyabrında Kəşmirdə daha bir irimiqyaslı hücumu məhz “Caişi-Muhəmməd” təşkil edib. Libaslarını dəyişmiş dörd döyüşçü o zamam Uri şəhərciyi bölgəsində hərbi bazanın ərazisinə soxulub və 19 hind əsgərini güllələyib.

Pulvamadakı terakt Hindistanda tamamilə gözlənilən hiddət partlayışı doğurub. İstisna deyil ki, teraktın məqsədlərindən biri də bu idi. Məsələ burasındadır ki, Hindistanda mayda ümumhindistan parlament seçkiləri olmalıdır.

Hindistanın bütün telekanalları milli bayraqla örtülmüş tabutlardakı terakt qurbanlarının və həlak olanların ağlayan doğma və yaxınlarının kadrlarını saatbasaat fırladıblar. Bir milyardlıq ölkədə antipakistan aksiyaları dalğası guruldayıb. Bu, ayrı-ayrı yerlərdə Pakistandan çıxanlara və müsəlmanlara məxsus mağaza və evlərin talanına və polislə toqquşmaya çevrilib. Pakistanın keçmişdə məşhur kriketçisi, baş naziri İmran Xanın fotoşəkillərini divarlardan asmış bir sıra dəbdəbəli kriket klublarının sahiblərinin və pakistanlı aktyor və aktrisalarla işləməkdən imtina edən hind kinematoqrafçılarının reaksiyası səciyyəvidir.

Hindistanı qorxutmaq olmaz

Hindistan cəmiyyətinin reaksiyası gözlənilən olub. Hindlilər hökumətdən qəti hərəkətlər tələb ediblər. Yada salaq ki, Narendra Modi 2014-cü ildə seçicilərə bir çox başqa şeylərlə yanaşı Kəşmirdəki Pakistan təhlükəsinə həmişəlik son qoymağa söz verərək hakimiyyətə gəlib. 2016-nın sonu da yaddaşlardadır. Hindistanın baş naziri sentyabr teraktından sonra ekstremistlərin Hindistan və Pakistan arasında artıq birinci il deyil ki, faktiki sərhəd olan məhdudladırma xəttinin o biri tayındakı Pakistan Kəşmirindəki düşərgələrinə nöqtəvi və ya hindlilərin özlərinin dedikləri kimi, “cərrahi” zərbələr endirmək göstərişi verib. Hindistan kommandosu bir sıra əməliyyatlar keçirib və onlarla müsəlman ekstremistini məhv edib. O zaman Pakistanın iki əsgəri də həlak olub. Sağlam düşüncə üstün gəlib və o vaxt müharibədən yayınmaq mümkün olub.

İslamabadda Hindistan qoşunlarının 2016-cı ilin sonunda sərhədi keçdiyi haqda Dehlinin bəyanatını təkzib ediblər. Hindlilərə gəlincə, onlar bütövlükdə öz rəhbərlərinin hərəkətlərindən razı qalıblar. Amma, əlbəttə, daha qətiyyətli fəaliyyət, yəni müharibə tələb edən qızğın başlar da tapılırdı.

İndi durum 2016-nın payızındakından əsaslı fərqlənir. Hindlilər Narendra Modidən “cərrahi” cavab zərbələrindənsə daha qətiyyətli hərəkət gözləyirlər. Lakin Hindistan baş nazirinin seçimi təəccüblü şəkildə azdır.

Birinci növbədə təbiət hərbi cavaba qarşıdır. Dağlardakı qar yerdə böyük əməliyyatların keçirilməsini praktik istisna edir. Hətta ən yaxşı havada terrorçuların düşərgələrinə hava zərbələri isə yerli sakinlərin və Pakistan hərbçilərinin simasında əlavə itki törədər ki, bu da İslamabad tərəfdən kəskin cavabla nəticələnər.

Hindistan seçiciləri “qan” tələb etdiklərindən Narendra Modi bunu onlara vəd edib. Düzdür, “xain pakistanlılar”ın cəzalandırılmasının nə üsulunu, nə də tarixini göstərərək təhlükəsizlik güclərinin öz rəyləri əsasında ən qətiyyətli şəkildə və konkret şəraitə uyğun hərəkətə keçmək əmri aldıqları kimi ümumi sözlərlə kifayətlənərək özünə geri çəkilməyə yol qoyub.

Əlbəttə, terakt artıq baş nazir Modini qətiyyətsizlikdə ittiham edən Hindistan müxalifətinə əl verir. Terakt göstərib ki, terrorçuların Kəşmirdə nəzarət altında olduqları haqda baş nazirin bütün inandırmaları gerçəkliyə uyğun deyil.

Avtobusun partladılmasından sonrakı gün Hindistan hökumətinin Milli Təhlükəsizlik Şurasının növbədənkənar görüşü keçirilib.



Narendra Modi burada bir sıra kəskin bəyanatlar verib və özəlliklə deyib: “Terrorçuların və onların arxasında duranların və dəstəkləyənlərin diqqətinə çatdırmaq istəyirəm ki, böyük səhv buraxıblar. Siz buna görə çox baha qiymət ödəyəcəksiniz… Əlbəttə, indi hamımız və mən də kədər və dərin qəzəb içindəyik. İcazə verin, hamını əmin edim: ölkəmiz bu hücuma və bunun kimilərə çox sərt cavab verəcək. Hindistanı qorxutmaq olmaz”.

Hindistanın təhlükəsizlik qüvvələri fevralın 18-də teraktın təşkili və icraçı axtarmaq üçün YeM-in Pakistandan Hindistan Kəşmirinə atılmış başçılarından Kamranı həmin bölgədəcə güdərək məhv ediblər. Əməliyyat nəticəsində iki terrorçu məhv edilib və mayor daxil olmaqla dörd hind hərbçisi həlak olub.

Su və mis borular

Politoloqlar hesab edirlər ki, Modi, çox ehtimal ki, hansısa dramatik və zahirən sərt cavab seçimi üzərində duracaq ki, vətəndə dəstək əldə etsin. Amma Pakistana “göz əvəzinə göz” tipli münaqişə qızışdırmaq imkanı verməmək üçün cavab dəqiq hesablanacaq.

Tərəflər isə məsləhətləşmələr üçün səfirləri artıq geri çağırıblar. Özü də, təbii ki, bunu birinci Hindistan edib. Əlbəttə, Dehli təbliğat kampaniyasına başlayıb, lakin konkret nəticələr olmayacaq, çünki ər-Riyad və Pekin Pakistanın tərəfindədir. Əfqanıstanda durumu tənzimləmək üçün pakistanlılara ehtiyacı olan ABŞ da pərdəli şəkildə onları dəstəkləyir.

Pakistan üçün BMT Təhlükəsizlik Şurasında Hindistanın antipakistan təşəbbüslərinə blok qoya biləcək Çinin dəstəyi özəlliklə önəmlidir. Örnək üçün uzağa getmək gərək deyil.

Dehli fevralın 14-dən sonra Təhlükəsizlik Şurasında YeM-in qurucusu Məsud Azəri terrorçu kimi tanımağa ilk dəfə cəhd etməyib, amma Pekin keçmişdə dəfələrlə olduğu kimi bu təklifə veto qoyub.

Hindistan diplomatik üsullardan savayı iqtisadi üsullarla da hərəkət etməyə çalışır. Dehli artıq cümə günü fevralın 15-də Pakistanı 1996-cı ildən faydalandığı ticarətdə daha əlverişli ölkə rejimindən məhrum edib və eyni zamanda Pakistan mallarına tarifləri 200% qaldırıb. Bu təsir tədbiri də daha çox təbliğat xarakteri daşıyır, çünki Hindistan və Pakistan arasında ticarət böyük deyil və cəmi 2,8 milyard $ təşkil edir. O biri yandan, İslamabad bu “iynə”ni hiss etməyə bilməz, çünki ölkə indi xroniki maliyyə böhranındadır və Çinə, Səudiyyə vəliəhdinin səfərindən sonra isə Ərəbistan kreditləri və yatırımlarına çox ümid bəsləyir. İndi isə demək yetər ki, Pakistan Mərkəzi Bankının zirzəmilərindəki valyuta ehtiyatının həcmi 8 milyard dollara qədər azalıb. Hindistanın nəqliyyat və su resursları naziri Nitin Qadkarinin Pakistanın Hind hövzəsindən su təchizatının dayandırılması haqda 21 fevral bəyanatı da belə iqtisadi təsir tədbirlərinə aiddir. Hindistan Şahpur-Kandi su bəndinin və Hindin beş əsas qolundan ikisi olan Ravi və Beası bağlayan kanalın inşasını artıq təzələyib.

“Hökumətimiz Pakistana su tədarükünü dayandırmaq qərarı alıb, – Qadkari bildirib. – Biz su resurslarını şərqdəki çaylardan Cammu, Kəşmir və Pəncabdakı əhalimizə yönəldəcəyik”.

Su – Hindistan və Pakistanın münasibətlərindəki ən kəskin məsələlərdən biridir. Dehli və İslamabad 1960-cı ildə bölgənin Hind hövzəsini formalaşdıran altı çayının suyunun bölünməsi haqda saziş bağlayıb. Hind, Cəlam, Çinab Paksitana, Satlec, Ravi və Beas isə Hindistana qalıb. Hindistan artıq 2016-cı il teraktından sonra bu sazişə yenidən baxmaq niyyətini bildirib.

İslamabad Hindistanda ona çatan su həcmini azaldan bənd inşasından dəfələrlə gileylənib. Lakin Pakistanın su ehtiyatları naziri Həvaci Şumeyla hind həmkarının bəyanatına təəccüblü şəkildə sakit reaksiya verib. Onun sözlərinə görə, Dehlidə haqqında danışılan suyun Pakistana heç bir dəxli yoxdur.

Nüvə amili

Təbii, Pakistanın baş naziri İmran Xan və başqa ali vəzifəli şəxslər Pakistanın teraktda hər hansı əli olduğunu inkar edir və Dehlidən qəti sübutlar tələb edirlər. Ekstremistlərin bəyanatı olmasa da, JeM-lə bağlı hər şey aydın idisə, Dehlidə artıq partlayışdan sonrakı gün haqqında danışmağa başladıqları Pakistan ordusu və ISI-nin teraktda əli olduğunu sübut etmək çətindir. Ən azı, indi Hindistan tərəfində belə sübutlar yoxdur.



İmran Xan Hindistanla dinc dialoq uğrunda çıxış edir, amma hazırda bu ona sərt mövqe tutmağa mane olmayıb, çünki Dehli ilə münasibətlərdə zəifliyi Pakistanda ona bağışlamazlar.

“Əgər hansısa üsulla Pakistanın üzərinə hücum edə biləcəyinizi düşünürsünüzsə, – Pakistanın baş naziri milli televiziya ilə çıxış edərkən bildirib, – onda Pakistan cavab üzərində düşünməyəcək, sadəcə, cavab verəcək”.

İslamabada və birinci növbədə Pakistan paqonlularına əminliyi Donald Trampın Amerika qoşunlarının Əfqanıstandan çıxarılması haqda dekabr bəyanatı və ötən ilin payızından bəri ABŞ və taliblər arsında gedən danışıqlar verir. Pakistanlılar hesab edirlər ki, Vaşinqton İslamabadı iki-üç qabaqkı kimi terrorizmə qarşı zəif mübarizyə görə qızğın tənqid etməyəcək, çünki məsələ qoşunları Əfqanıstandan çıxarmağa yetəndə ABŞ-a onların yardımı gərək olacaq.

İslamad da diplomatiyanı işə salıb. Pakistan XİN başçısı Şah Məhmud Kureşi BMT baş katibinə Hindistanla münasibətlərdə gərginliyi zəiflətməkdə yardım xahişilə məktub yazıb.

“Diqqətinizi israrla bölgədə təhlıükəsizliyin gücləndiyinə çəkmək istəyirəm, – o yazır. – O, Hindistanın Pakistana qarşı güc işlətmək hədəsi üzündən pisləşib”.

Pakistanın baş diplomatı iddia edir ki, 14 fevral teraktını yerli sakin həyata keçirib ki, bu da həqiqətdir və Pakistan hökumətinin buna heç bir dəxli yoxdur, amma çoxları bunda dirəşməyə hazırdır.

Pakistan və Hindistan arasındakı münasibətlər bölgə münaqişəsi çərçivəsindən çıxır, çünki hər iki tərəfin nüvə silahı var. İslamabad birinci nüvə zərbəsi endirmək imkanından imtina etmir. Pakistan hökuməti ümid edir ki, bu, 1999-cu ildə Karqila bölgəsində sərhəddə silahlı münaqişənin gedişindəki kimi Dehlini genişmiqyaslı hücumdan çəkindirəcək. Yada salaq ki, İslamabad və Dehli bir il qabaq onlarda nüvə silahının olduğunu bildirib ki, bu da aralarındakı münasibəti avtomatik olaraq keyfiyyətcə yeni səviyyəyə keçirib.

Amma burası da var ki, Hindistanın qabağını almaqda nüvə amili bacarığı İslamabaddan göründüyü kimi də yəqin deyil. Modinin seçkilərdə qələbə şansı fevral teraktına qədər də mübahisəsiz deyildi, indi isə daha da azalacaq.

Əlbəttə, Pakistanda Hindistanın adi silahlardakı üstünlüyünü unutmayıblar. Onu ilk nüvə zərbəsindən imtina doktrinasını imzalamamağa vadar edən əsas səbəb də bu olub.

Habelə bunu da xatırlamaq lazım gəlir ki, Hindistandan fərqli olaraq Pakistanda nüvə silahı və çatdırılma vasitələri hərbçilərin tam nəzarətindədir və mülki hökumət onun işlədilməsinə heç cür təsir etmir. İstisna deyil ki, təbii ki, İslamabad adi silahlarla başlanacaq ciddi hərbi münaqişə halında hindlilərin üstün gəldiyini görərsə, onda Pakistan hərbçiləri nüvə silahı işlədə bilərlər, bundan sonra durum nəzarətdən çıxar.

Hər şey axır, hər şey dəyişilir

Əlbəttə, Hindistan və Pakistanın mülki başçıları, habelə bütün qonşular qətiyyətlə savaşa qarşıdır. İslamabaddan sonra Dehliyə baş çəkən və Pekinə yollanan Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın böyük səyahəti bununla bağlı lap yerinə düşüb. O, dinc tənzimlənmə üzrə danışıqlarda Səudiyyə Ərəbistanının vasitəçi kimi çıxış etməyə hazır olduğunu hər yerdə, birinci növbədə də Pakistan və Hindistanda deyib. Hindistan hökuməti başçısı hətta savaş başlamaq arzusuyla alışıb yansaydı, onun əl-qolunu təkcə əlverişsiz hava deyil, həm də geopolitik gerçəkliklər bağlayır.

Hətta 2016-cı il teraktında ötən iki il yarım boyunca geopolitik durumda çox şey dəyişilib. Məsələn, Asiyanın, deyək ki, Səudiyyə Ərəbistanı və Çin kimi başqa dövlətləri qabaqlar Hindistan və Pakistan arasında münasibətlərin sərt kəskinləşməsi zamanı tərəfsizliyi saxlayırdısa, inidi bu iki ölkə, özəlliklə Çin İslamabadla daha yaxın münasibətdədir. Qərb ölkələrinin, başlıca olaraq ABŞ və Böyük Britaniyanın da mövqeyi dəyişilib. Onlar qabaqlar belə gərgin anlarda vasitəçi kimi çıxış edirdi. İndi isə Vaşinqton və Londonun diqqəti həm daxili (Trampın Konqresdə rəqiblərlə mübarizəsi, Brexit), həm də başqa beynəlxalq problemlərə (Donald Trampın Kim Çen Inla ikinci görüşünə hazırlıq) yayınıb. Bu bildirir ki, onlar bütün mübahisəli məsələləri danışıqlar masası arxasında həll etməyə adi diplomatik çağırışlarla kifayətlənə bilər. Nəticədə Cənubi Asiyada özünəməxsus siyasi boşluq meydana çıxıb. Onun əsas nəticəsi konkret halda bundan ibarətdir ki, indi bundan sonrakı hadisələri proqnozlaşdırmaq əvvəlkindən xeyli çətindir.

Hindistan XİN-in 16 fevralda yayılmış bəyanatından irəli gəlir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton hindli həmkarı Acir Dovala zəng edib və günahkarları müttəhimlər kürsüsünə əyləşdirməyə söz verib.

Heç kim Hindistan və Pakistan arasında savaş istəmir, amma yalnız İran Paksitandan savayı özünün əsas bölgəsəl rəqibini – Səudiyyə Ərəbistanını da pisləyərək Dehlini sözsüz dəstəkləyib. Yada salaq ki, Pakistanın, düzdür, başqa təşkilatdan olan ekstremistləri Hindistanda fevralın 13-də, teraktdan bir gün qabaq İran və Pakistan sərhədində oxşar terakt həyata keçiriblər. 29 nəfər İslam İnqilabı Keçikçiləri Korpusunun avtobusuna çırpılan partladıcı bərkidilmiş avtmobildəki patlayışın qurbanı olub.

Rusiyaya gəlincə, indi Moskvanın son zamanlar fəal münasibət qurmağa başladığı həm İslamabadla, həm də ənənəvi müttəfiqi Dehli ilə dalaşmamaq üçün manevr etməli olur. Bir yandan, Hindistanın Kəşmirdə terrorizmi məhv etmək istəyini dəstəkləməmək qeyri-ardıcıl, hətta cəfəngiyyat olacaq, amma o biri yandan, Rusiya diplomatiyası, deyək ki, Tehran kimi İslamabadı birbaşa YeM-ə dəstəkdə ittiham etməyi özünə rəva görməz, çünki bu hətta birgə hərbi təlimlərin keçirilməsi daxil olmaqla belə çətinliklə yoluna qoyulmuş münasibətlərin pozulmasına gətirər. Yeri gəlmişkən, bunun əsas hədəfi beynəlxalq terrorizmlə mübarizədə işbirliyidir.

Moskvada Vaşinqtondakından az anlamırlar ki, Pakistan olmasa, Əfqanıstan böhranını tənzimləmək çətin olacaq. Bu arada, Rusiya Əfqanıstandakı sabitlik üçün də ABŞ-dan az maraqlı deyil.

İslamabadın Rusiya ilə münasibətləri yaxşılaşdırmağa marağı da göz qabağındadır. Moskva İslamabad üçün Pekinin hədsiz nüfuzuna qarşı əks-tarazlıqdır. Təbii, Pakistanda çox gözəl anlayırlar ki, Pakistanın Çinlə “hər havada dostluğu” Pekində təqdim etməyə çalışdıqları qədər təmənnasız və fədakarcasına deyil. Səmalar ölkəsinin bölgədə öz milli maraqları yetərincədir, özü də bunun bəziləri pakistanlıların özlərinin maraqlarına qarşıdır.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.