"İçərişəhər"lə bağlı rəsmi açıqlama verildi: Heç bir söküntüdən söhbət gedə bilməz
25-04-2019, 12:57
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidməti Kiçik qala küçəsindəki tarixi abidə ilə bağlı həqiqətin nədən ibarət olduğunu açıqlayıb
Hazırda İçərişəhərdə heç bir tikinti işləri aparılmır. Bu barədə Sputnik Azərbaycan-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən bildirilib. Əlavə olaraq qeyd edilib ki, əksinə, qala divarlarına bitişik tikilmiş tikili sökülərək oradan uzaqlaşdırılır.
"İçərişəhər"də tikinti işləri
Son günlər sosial şəbəkələrdə yayılan "İçərişəhər"dən çəkilmiş şəkillər Bakı sakinləri arasında ciddi müzakirələrə və narahatlığa səbəb olub. Kadrlarda qala divarlarının Kiçik Qala küçəsindəki hissəsinin yeni tikinti aparmaq məqsədilə söküldüyü göstərilir.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi son günlər sosial şəbəkələrdə yayılan şayiələrə son qoymaq və əhalini yeni layihə ilə tanış etmək məqsədilə KİV nümayəndələri üçün İçərişəhərə press-tur təşkil edib.
Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşına bildirilib ki, hazırda Kiçik Qala küçəsində bir çox illər əvvəl tikilmiş restoranda təmir-bərpa işləri aparılır.
"İçərişəhər"də tikinti işləri
"Heç bir tikinti işi aparılmır, əksinə, biz restoranın qoruğun divarları üzərində tikilmiş hissəni oradan qaldırırıq. Buna görə də, adamlar narahat olmasınlar. Bu işlər heç bir halda tarixi abidəyə hər hansı zərər vurmayacaq. İndi metal konstruksiyalar ona görə quraşdırılır ki, onların qala divarları ilə təması olmasın, əksinə ondan müəyyən məsafədə aralı olsun. Bütün bu konstruksiyalar yüngül materiallardan hazırlanır. Bir sözlə, hamı rahat ola bilər" - deyə İdarədən bildiriblər.
İdarədən onu da deyiblər ki, köhnə restoranın yerində şəhər sakinləri və turistlər üçün bağlı tipli yay kafe-terrası tikiləcək.
Sosial şəbəkələrdə son günlər yayılmış informasiyalar "İçərişəhər"in mahir bilicisi olan Rahib Azərini də özündən çıxarıb. Onun sözlərinə görə, təəssüf ki, bir çox hallarda insanların çoxu problemin mahiyyətini və işin əslini bilmədən dərhal yenilikləri tənqid etməyə və müzakirəyə çıxarmağa başlayırlar.
Rahib Azəri
"İçərişəhər canlı orqanizmdir. Orada bütün zamanlarda müxtəlif layihələr həyata keçirilir, bərpa işləri aparılır, həmçinin bir çox restoranlar təmir edilir. Çoxları deyir ki, "Qədim şəhər"də həddindən artıq kafe var. Amma bildiyiniz kimi, ora təkcə şəhərimizin sakinlərinin deyil, turistlərin də sevimli məkanlarından biridir. Axşamlar buradakı restoranlarda bir dənə də olsun boş yer tapmaq mümkün deyil. Hətta onların bir çoxunun qapısı ağzında növbə yaranır. İnsanlar bura təkcə gəzməyə deyil, həm də nahar və şam etməyə gəlirlər" - deyə Azəri bildirib.
"İçərişəhər"də tikinti işləri
Təmir-bərpa işlərinin son tarixi hələlik məlum deyil.