MTN-in ölüm və işgəncə ilə bitirdiyi insan taleləri və ya Deputat və MTN-nin rayon idarəsinin rəisi qardaşı oğullarının həbsinə niyə susdular
3-11-2015, 23:46
MTN-in ölüm və işgəncə ilə bitirdiyi insan taleləri
Prezident İlham Əliyevin 17 oktyabr sərəncamı sanki “qurbağa gölünə atılan daşı” çıxardı və xora start verildi. Bu sərəncam hakimiyyətin rəsmi və qeyri-rəsmi təsir dairəsində olan çap və elektron medianı17 oktyabra qədər və ondan sonrakı dönəmə böldü. Son11 ildə Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyi barədə susan KİV-lər yarışa girdilər. Əlbəttə, heç kim bu media orqanlarına qadağa qoya bilməz. Ancaq zaman vardı həmin media orqanları MTN-nin müxalifət partiyalarına, sahibkarlara, fəal gənclərə, azad jurnalistlərə,yaxud müxtəlif dini cərəyanların daşıyıcılarına qarşı apardığı əməliyyatlardan yazanları təkzib edirdilər.
O zamanlardan biri də 2008-ci ilin mayı idi. Həmin vaxt “Bizim Yol” qəzetinin 15,16, 17 may saylarında “Səidin dəstəsi: “aşkar” gizlinlər” adlı araşdırmam dərc olunanda əksəriyyət nələrin baş verdiyini anlamadı. Çünki Eldar Mahmudovun “kəsdiyi başa sorğu-sual” olmadığı həmin dövrlər Milli Təhlükəsizlik Nazirliyinin bir qrup dindar, amma qərbyönlü gəncə qarşı keçirdiyi əməliyyatın qanunsuzluğu və ən əsası xüsusi xidmət orqanlarına üzqaralığı gətirən primitivliyini aşkar etmişdim.Mənim özümə isə qəzet rəhbərliyinin araşdırmanın dərcinə icazə verməsi təəccüblüydü. Bütün təzyiqlərə baxmayaraq “Bizim Yol” qəzetinin rəhbərliyi bu riskə getdi.
Bütün bunlar dünəndə qalıb, ancaq 14 gəncin 13-ü hələ həbsxanadadır. 1974-83-cü illərdə doğulan Said Dadaşbəyli, Mikail İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbəliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov AR Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28.2. ( yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),180.3.1. (Soyğunçuluq. Mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham olunaraq, 8-14 il arası azadlıqdan məhrum edildilər. Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici şirkətlərdə çalışırdı.
MTN-nin ölümlər gətirən əməliyyatı
2007-ci ildə telekanalların təqdimatından belə bəlli olurdu ki, Azərbaycanda bir qrup gənc dövlət çevrilişi hazırlayırmış. General Eldar Mahmudovun rəhbərlik etdiyi nazirlik bu çevrilişin qarşısını alıb. Amma olayı sübut etmək MTN-ə asan başa gəlmədi.
Haşiyə: O zaman gənclərin ittiham olunduğu 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama) maddəsi əhatəli qabardılmırdı. Amma istintaq materiallarında gənclərin dövlət çevrilişi etdiyi bildirilirdi. Bu barədə sonra.
Əməliyyatı hazırlayanların əksəriyyəti 17 oktyabrdan sonra ya işdən çıxarılıb və yaxud həbs olunub. Beləliklə, MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyev, istintaqı aparan Nadir Mustafayev və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin xüsusi qəddarlıqları məhkəmədə səslənsə də, heç bir araşdırma aparılmadı. Konkret olaraq, gənclərdən Emil Məmmədov işgəncə nəticəsində öldü. Amma hakim Ənvər Seyidovun qapalı keçirdiyi məhkəmədə bu qətl heç sorğu-sual da olunmadı. Sadəcə, Ənvər Seyidov 2007-ci ilin dekabrında məhkəmə prosesi zamanı gənclərin valideynləri ilə görüşdə “Bilirəm, o cavanların heç bir günahı yoxdur, mən onların üzlərinə baxa bilmirəm. Nə etmək olar? Səbr edin, üç ildən sonra prezidentimiz özü onları azadlığa buraxdıracaq”- deməyə özündə cəsarət tapdı. İstintaq və məhkəmənin gedişinin nəticəsi isə ötən 8 ildə gənclərin yaxınlarına baha başa gəldi. Onlardan bəziləri övladlarının günahsız həbsinə dözməyib dünyasını dəyişdi. 14 il azadlıqdan məhrum edilən Cahangir Kərimovun atası Ramiz Kərimov, Rəşad Əliyevin anası Səmayə Əliyeva, Emil Mehbalıyevin atası Nurəddin Mehbalıyev, Səid Dadaşbəylinin nənələri artıq həyatda yoxdurlar.
Deputat və MTN-nin rayon idarəsinin rəisi qardaşı oğullarının həbsinə susdular
Həbs olunanlar arasında Azərbaycan Həmkarlar Konfedrasiyasının sədri Səttar Mehbalıyevin qardaşı oğlu Emil Mehbalıyev də vardı. Həmin dövrdə Emil Mehbalıyevin digər əmisi Faiq Mehbalıyev MTN-nin Binəqədi rayon İdarəsinin rəisi idi, hazırda isə Suraxanıda idarə rəisidir. Amma nə Səttar Mehbalıyev, nə də Faiq Mehbalıyev qardaşı oğullarının qanunsuz həbsi barədə danışmadılar. Hətta qardaşları Nurəddin Mehbalıyevin ölümü də onların sükutunu pozmadı. Əməliyyat zamanı maraqlı olay da baş vermişdi. Əməliyyatçılar Emil Mehbalıyevin evində axtarış apararkən xəbər tutublar ki, olduqları mənzil Faiq Mehbalıyevin qardaşınındır. Bunu eşidən kimi axtarışı dayandıraraq, evi tərk ediblər.
“Rəis alınmır, tapa bilmirik”
Səid Dadaşbəylinin qaynatası Rasim Kazımov bildirir ki, yeznəsinin evində axtarış zamanı seyfi də aparıblar: “Seyfdə mənim 100 min dollarım və qızımın 50-60 min manat qiymətində olan qızıl və brilyantları olub. Bunların heç biri qaytarılmadı. Əsas özbaşınalıq axtarışın məhkəmə hokmü göstərilmədən və vəkilin iştirakı olmadan həyata keçirilməsi idi. Yalnız məhəllədə olan bir "bomj"u şahid qismində gətirmişdilər. Axtarış aparanların qeyri-peşəkarlığı Səidin maşınına narkotik qoyulmasında özünü büruzə vermişdi, deməli, bunlar maşının maqnitofon hissəsinə narkotik qoyublar, o da içəri düşüb, tapa bilmirdilər. Əməliyyatçılardan biri hər 3-5 dəqiqədən bir harasa zəng edib “rəis alınmır, tapa bilmirik” deyə məlumat verirdi. Rəisin onlara “necə qoymusunuz ki, tapa bilmirsiz” deyə qışqıra-qışqıra söylədiklərini biz də eşidirdik. Nəhayət, qardaşım dözməyib onlara maqnitofonun içinə qoyduqları narkotiki çıxarıb verəndə, adamların üzlərinin qızarması belə utandıqlarını göstərdi”.
“Müsadirə olunan maşınımı 15 min verib geri aldım”
Rasim Kazımov əlavə etdi ki, Səidin 12 kompüterini aparıblar, 6-sı ofisindən, qalanını atasının və öz evindən götürüblər: “Yaxud onun sürdüyü, amma mənim olan 25 min manatlıq “Hyundai-tucson” maşınımı apardılar. Məhkəmə hökmündə əmlak müsadirə olunması qeyd edilmişdi, 2008-ci ilin mayında 15 min verəndən sonra maşını qaytardılar. Təsəvvür edin ki, 25 minlik maşınımız 15 min verib geri aldıq, daha qanuna riayət etmək nədi, heç nə...Yaxud DİN-də qeydiyyatda olan tüfəng apardılar, sonradan Yasamal Rayon Polis İdarəsindən bir neçə dəfə çağırıb tüfəngi qaytaracaqlarını vəd etsələr də, tapmadıqlarını dedilər”.
14 il azadlıqdan məhrum olunan Mikayıl İdrisovon anası Lyuba İdrisova bildirir ki, onların da evində axtarış heç bir məhkəmə qərarı göstərilmədən keçirilib. Evdən 5100 dollar, 3500 avro, DİN-də qeydə alınmış 1 tüfəng və noutbuk aparılıb. Eləcə də “Hyundai-tucson” avtomobilini aparıblar: “Sonradan bizdən 10 min dollar alıb qaytardılar”.
Axtarış zamanı 1 kompüteri müsadirə olunan Rasim Əliyevin anası İradə Kərimova bildirir ki, oğlu bu dövlətə təhlükəydisə, necə olur ki, özü indiyə qədər Neft-Kimya Prosesləri İnstitutunda təhlükəsizlik sektoruna cavabdehdir?
Axı nə baş vermişdi ki, MTN hətta iki dövlətin münasibətlərinə xələl gətirən bəyanat yaymışdı?
2007-ci ilin dekabrın 14-də MTN-nin yaydığı bəyanatda Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqla, xarici ölkəyə kömək göstərməklə dövlətə xəyanət etmiş bir qrup şəxsin ilin əvvəlində ifşa olunaraq zərərsizləşdirildiyi bildirilirdi: “Müəyyən edilmişdir ki, Bakıda yerləşən «Azeri M-İ Drillinq Fluids» ABŞ-Azərbaycan birgə müəssisəsində təchizat üzrə koordinator işləyən Səid Dadaşbəyli dini ekstremizm ideyalarını rəhbər tutaraq Azərbaycanda hakimiyyəti zorla ələ keçirib, dünyəvi dövlət quruluşunu dəyişdirməyi və şəriət qanunları ilə idarə olunan hakimiyyət qurmağı qarşısına məqsəd qoyub. O, bunun üçün həmfikirləri Ceyhun Əliyev, Cahangir Kərimov, Mikayıl İdrisov, Rasim Kərimov, Rəşad Əliyev, Fərid Ağayev, Emil Möhbalıyev, Samir Qocayev və Bəybala Quliyev ilə əlbir olub “North İmam Mehty Army” (“İmam Mehdinin Şimal Ordusu”) ingilis sözlərinin baş hərflərindən ibarət “NİMA” adlı, konspirasiya üsullarından istifadə edən, özünün tabeçilik və idarəçilik strukturuna malik dini-ekstremist və cinayətkar yönümlü gizli təşkilat yaradıb. S.Dadaşbəyli hakimiyyət orqanlarının zorla ələ keçirilməsi üçün bu və ya digər ağır cinayətlərin törədilməsi məqsədilə təşkilat üzvlərinin müvafiq hərbi təlimlər və xüsusi fiziki hazırlıq keçmələrinin zəruriliyini nəzərə alaraq, fondun hesabına onların Günəşli qəsəbəsində yerləşən Qarabağ Veteranları Cəmiyyətində və Azərbaycan Respublikası DİN-in güllə atıcılığı tirində hərbi, habelə bu qurumun İdman Cəmiyyətində fiziki hazırlıq məşqləri keçmələrini təşkil edib. Həmçinin, müəyyən maliyyə vəsaiti müqabilində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı da məqbul sayan S.Dadaşbəylinin razılığı əsasında təşkilatın üzvləri İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran İslam İnqilabının Mühafizə Korpusu – “SEPAH” ilə məxfi əməkdaşlıq edib. Belə ki, təşkilatın rəhbəri Səid Dadaşbəylinin razılığı ilə 2005-2006-cı illərdə, müxtəlif vaxtlarda Ceyhun Əliyev və Cahangir Kərimov İranın Qum, Tehran, Rəşt və Məşhəd şəhərlərinə səfər etmiş, burada həmin ölkənin xüsusi xidmət orqanının konkret əməkdaşları ilə tanış olmuş, onların ABŞ, İsrail və digər Qərb dövlətlərinə qarşı, habelə Azərbaycanın Qərbə inteqrasiyadan çəkindirilməsi və ölkəmizdə şəriət qanunları ilə idarə olunan rejimin qurulması istiqamətində mübarizə aparılmasının zəruriliyi barədə fikirləri ilə həmrəyliklərini bildirmişlər. Bu təklifləri qəbul edən Ceyhun Əliyev və Cahangir Kərimov xarici xüsusi xidmət orqanının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib, bu barədə yazılı iltizam alınaraq, onlara “Mustafa” və “Həsən” təxəllüsləri verilib. Bundan sonra Ceyhun Əliyevə və Cahangir Kərimova İranda topoqrafik xəritələrdən, kiçik və iriçaplı silahlardan, partlayıcı qurğulardan istifadə, onların konkret obyektlərə yerləşdirilməsi qaydaları, həmçinin məxfi müşahidə aparmaq və müşahidədən yayınmaq üsulları üzrə nəzəri və praktiki təlimlər keçirilib”. Bəyanatda Səid Dadaşbəyli, Ceyhun Əliyev və təşkilatın digər üzvü Rasim Kərimovun ABŞ, İngiltərə və İsrailin Azərbaycanda müxtəlif fəaliyyət sahələrinə dair ümumilikdə 150-dən artıq məlumatı və materialları İran xüsusi xidmət orqanına çatdırdığı qeyd edilir. “Buna görə Ceyhun Əliyevə və Cahangir Kərimova həmin xüsusi xidmət orqanının əməkdaşları tərəfindən ümumilikdə 10 min 300 ABŞ dolları məbləğində pul verilərək müvafiq qəbzlər alınmışdır”.
MTN XİN-i çətin duruma salmışdı
MTN-nin açıqlamasından bir neçə gün sonra İranın Bakıdakı səfirliyi etiraz bəyanatı yaydı. Səfirlik MTN-nin əməliyyatını “Səidin dəstəsi” adlı gülünc bir görüntü nümayişi kimi qeyd edərək bildirmişdi: “əsassız ittihamlar irəli sürməklə Azərbaycan dövlətini ABŞ dövlətinin İran İslam Cumhuriyyətinə qarşı siyasətilə eyni istiqamətə yönəltmək; Dini icmaların fəaliyyətinə nəzarət edən qanunun yaxın gələcəkdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müzakirə ediləcəyinə dair bəzi xəbərlərin yayıldığı bir zamanda şiəliyi terrorizmə bənzətməklə dini dəyərlərin və təfəkkürün inkişafı və dərinləşməsi prosesinin ləngidilməsi istiqamətində İslam ilə terrorizmin eyniləşdirilməsinə yönəlik Qərb siyasətlərinə uyğun çərçivələr yaratmaq üçün lazımi psixoloji atmosfer yaratmaq; İki öllkənin xalqı arasında azad gediş-gəliş üçün lazımi siyasi və hüquqi zəminlərin yaradıldığı bir halda Azərbaycan xalqının İrana və müqəddəs şəhərlərə səfəri üçün problem yaradacağına inandırmaq yolu ilə bir dinə, mədəniyyətə və dəyərlərə malik olan iki qonşu xalq arasında azad gediş-gəliş və inteqrasiya prosesində fasilə yaratmaq məqsədi daşıyır”.
Diplomatlar isə mətbuatı ittiham etdi
Bəyanatda qeyd edilirdi ki, bu ssenarini hazırlayanlar səhvə yol verib, yaxud qəsdən Azərbaycan dövlətini zəif bir dövlət kimi qələmə vermək istəyiblər: “Çünki tanınmayan və sosial bazaya malik olmayan 15 nəfərdən ibarət cinayətkar dəstənin dövlət çevrilişi niyyətində olduğu bildirilib. Yəqin ki, bu addım bir tərəfdən Azərbaycan dövlətinin iqtidarına aşkar təhqir, digər tərəfdən isə sosial bazaya malik olan dini icmalara zərbə endirmək üçün məqsədyönlü plandır”.
Elə həmin ərəfədə Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov İran Xarici İşlər Nazirliyinə çağırılıb. Onu İran XİN-in MDB ölkələri və Qafqaz üzrə baş direktoru Murtəza Səfəri qəbul edib. “Tehran Tayms” qəzeti yazırdı ki, M.Səfəri “Azərbaycanın bəzi KİV-ləri və bəzi dövlət orqanları tərəfindən” İrana qarşı irəli sürülən “əsassız iddialar”ı tənqid edib. Diplomat bu cür ittihamlarla bağlı Azərbaycan rəsmilərinin İrandan rəsmi şəkildə üzr istəməsini də tələb edib. Ancaq o zaman məhkəmə qapalı keçirildiyindən çap və elektron KİV yalnız MTN-nin məlumatlarını yayırdı. Maraqlı məqam o idi ki, səfir Abbasəli Həsənov “iki ölkə münasibətlərinin pozulması nə dövlət məmurlarına, nə mətbuata gərəkdir” deməklə MTN-nin də “bostanına daş atmışdı”. Eynilə İranın Bakıdakı səfiri Nasir Hamidi Zare də Azərbaycan XİN-ə çağrılmışdı və onu müavin Vaqif Sadıqov qəbul etmişdi. Həmin görüşdən sonra nazir Elmar Məmmədyarov “İran tərəfi fakt istədi, biz də fakt verdik” deyə bildirdi. Ancaq səfirliyin görüş barədə yaydığı açıqlamada fəqli mənzərə idi. Bildirilirdi ki, görüşün sonunda Vaqif Sadıqov “Səid Dadaşbəyli” dəstəsi ilə əlaqədar məsələdə İran İslam Respublikasına vurulan əsassız ittihamlara dair izah verilməsi haqda İran tərəfinin xahişinə toxunub: “Nazir müavini deyib ki, rəsmi Bakı istənilmiş məlumat və materialları tənzimləyərək, rəsmi şəkildə Tehrana təqdim edəcək”. Fikir verin, birinci, nazir faktları təqdim etdiyini deyir, müavini isə edəcəklərini. İkinci, Tehranın Bakıdakı səfirliyi ölkəsinə vurulan əsassız ittihamları gündəmə gətirərək izahat istəyib. Üçüncü, MTN İran xüsusi xidmət orqanlarının Azərbaycanda dövlət çevrilişi hazırlamaq planının aşkarlıdığı haqda bəyanat yaydığı zaman XİN dövlətlərarası münasibətlətin inkişafından danışır. Bu, o demək idi ki, MTN-nin əməliyyatı XİN-ni yalan məlumat yaymaqla çətin duruma salmışdı.
Bir-birini tanımayanların birgə dövlət çevrilişi
MTN-in həbs etdiyi gənclərin çoxu bir-birini tanımırdı. Məsələn, dəstənən rəhbəri kimi təqdim edilən Səid Dadaşbəyli Rəşad və Faiq İsmayılov qardaşlarını, Mübariz Süleymanovu tanımırdı. Ümumiyyətlə, bu işdə elə gənclərin adına rast gəlinir ki, təəccüblənməyə bilmirsən. Məsələn, tanınmış iş adamı İsgəndər Xəlilovun bacısı oğlu Samir Aslanovun məhkəmənin 17 oktyavr 2007-ci il tarixli iclasında ibtidai istintaqa verdiyi ifadələrindən imtina etsə də, 2 gün sonrakı prosesə gələrək, səhv etdiyini bildirmişdi. 2 günə nə baş verdi ki, Samir Aslanov öz mövqeyini dəyişdi? Yaxud “Azəriqaz” Səhmdar Cəmiyyətinin 3 işçisi NİMA üzvü kimi həbs olunsa da, sonradan sərbəst buraxıldı. Onlardan Azər Dadaşovun prosesdə “məsləhət veriləndən sonra belə ifadə verdim” açıqlaması “Azəriqaz” işçilərinin azad olunmasının səbəbini aydınlaşdırır. Adlarını xatırlatdığımız sonuncular da S.Dadşbəylini tanımırdılar.
MTN psixi xəstədən agent kimi sitifadə edib
Hələ həbs olunmazdan əvvəl S.Dadaşbəylinin elektron poçtuna 19 yaşlı Ramin Əliyevdən məktub daxil olub. Məktubda “sən BTC-ni partlatmaq istəyirsən, əgər mənə 5 min dollar verməsən, bu barədə hamıya danışacam”- deyə hədələyici fikirlər yer alıb. Məktubu alan günü S.Dadəşbəyli MTN-nə müraciət edib, nazirlikdən ona narahat olmamağı və araşdıracaqlarını bildiriblər. İki gün sonra cavab almayan S.Dadaşbəyli özü araşdırma apararkən məlum olub ki, R.Əliyevin anası onun qızının dayəsi olub və onun özü də Dadaşbəylilər ailəsində tez-tez olurmuş. Vəkil Elçin Qəmbərov Ramin Əliyevin MTN agenti olduğunu və sonradan onun Səid Dadşbəylidən 300 dollar tələb etdiyini bildirir: “Əsas məqsəd o idi ki, Səidi Raminə pul verən yerdə həbs etsinlər. Amma MTN gözləmirdi ki, Səid nazirliyə rəsmi müraciət edəcək. Halbuki, nazirliyin bu müraciəti araşdırması vacib idi".
Senssasiya doğuran məqam R.Əliyevin psixi xəstə olması idi. Bu, Nəsimi Rayon Hərbi Komissarlığının polkovniki Qismət Cəfərovun 25 oktyabr 2007-ci il tarixdə Elçin Qəmbərovun sorğusuna cavabında üzə çıxmışdı. Beləliklə, MTN-nin psixi xəstədən agent kimi istifadə etməsi aşkarlanır.
DİN-nin tirində dövlət çevrilişinə "hazırlıq"
İttiham aktında gənclərin DİN-nin tirində atıcılıqla məşğul olaraq dövlət çevrilişinə hazırlıq görülməsi yer alıb. Əslində, bu ittiham həm də MTN-nin DİN-ə qarşı ittiham idi. Amma məhkəmədə ifadə verən tirin rəisi Aydın Məmmədov təqsirləndirilənlərin bəzilərinin tirdə atıcılıqla məşğul olduğunu təsdiqləsə də, onu da əlavə etmişdi ki, hamı gəlib pulunu verib, tirdə atıb gedirdi: "10 manat verib bir neçə güllə atırdılar”. Bununla belə həmin məqam ittiham aktından çıxarılmadı.
Səid Dadaşbəyli-“hizbullahçı”, “fəthçi”, “həmasçı”, hizbul-təhrir”çi, yaxud mason idimi?
Sadaladığımız cərəyanların düşüncə tərzini bir adamın daşıması haqda xəbər oxucunu təəccübləndirər, ya da absurd görünər. Amma Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqlərinin savadları nəticəsində bu ittihamların bir nəfərə yönəldilməsi mümkün olmuş və məhkəmə də ittiham aktına daxil etmişdi. Hələ prosesin başlanğıcında onu vəhhabilikdə də ittiham edirdilər, güman ki, sonradan hansısa ağıllı adam bunun gülüş doğuracağını müstəntiqlərə anlada bilib. Nəhayət, bütün bunlarla bərabər o, SEPAH-la əməkdaşlıqda ittiham olunurdu. Vəkil Elçin Qəmbərov məhkəmə prosesi zamanı dövlət ittihamçısının bu yöndə təsdiqləyici sübut gətirmədiyini, ancaq hakimin ittihamları təsdiqlədiyini qeyd edir: “Başqa bir məqam, ittiham aktında Ceyhun Əliyevin və Cahangir Kərimovun İran xüsusi xidmət orqanlarından 10 min dollar almasını təsdiqləyən nə telefon danışığı, nə hərəkətin çəkilişi, nə də digər maddi sübutlar ortalığa qoyuldu. Guya, bunlar min manata fotoaparat alıblar ki, BTC-nin marşrutunu çəkib İran xüsusi xidmət orqanlarına təqdim etsinlər. Məhkəmə istintaqı zamanı bütün bunların üstündən sükutla keçildi. MTN gənclərə CM-nin 274-cü maddəsini - "dövlətə xəyanət" maddəsini irəli sürmüşdü. Axı bu adamlarda hansı dövlət sirri ola bilərdi ki, dövlətə xəyanət edib, başqa dövlətin maraqlarına işləsinlər?!
Nəhayət, 2007-ci ildə Azərbaycanda dövlət çevrilişi olubmu?
Əlbəttə, hər birimizi bu sualın cavabını bilirik. Ancaq Eldar Mahmudovun müstəntiqlərinin “əməliyyatı” nəticəsində məlum olub ki, S.Dadaşbəyli 2007-ci ildə dövlət çevrilişi edib, amma hakimiyyətin digər qolları sonradan iqtidarı ondan alıblar. Absurdun, yaxud avantüranın tapıntısı heyrət doğursa da, ortada ittiham aktı var.
Avropa Məhkəməsi və vəkilin hədələnməsi
Valideynlər övladlarına verilən cəzadan Avropa Məhkəməsinə şikayət edirlər, hətta Almaniyadan vəkil də tuturlar. Amma 2013-cü ildə təzyiqlər nəticəsində vəkil Markus Bundjensi geri çəkilir. Bu barədə onu əvəz edən vəkil Karolona Taranın Dadaşbəyli ailəsinə göndərdiyi məktubda bildirilib. Karolona Tara vəkil Markus Bundjensin oğlunu universitetdən çıxartmaq, özünün isə maşını yandırmaqla hədələndiyini qeyd edib. Düşündürücüdür, deyilmi?!meydan tv/