Ayətullah Məkarim Şirazi “Sərxoş eşq”ə möhürünü vurdu:"ŞƏMS TƏBRİZİ HAQQINDA FİLM CAİZ DEYİL"

25-09-2019, 07:13           
Ayətullah Məkarim Şirazi “Sərxoş eşq”ə möhürünü vurdu:"ŞƏMS TƏBRİZİ HAQQINDA FİLM CAİZ DEYİL"
Əziz Rzazadə

Strateq.az



İranın nüfuzlu şiə alimi Ayətullah Məkarim Şirazi rejissor Həsən Fəthinin “Sərxoş eşq” serialının çəkilişini indidən “qeyri-caiz” elan edib.

İran-Türkiyə birgə istehsalı olacaq filmi ətrafında xeyli vaxtdır ki, böyük mübahisələr və əleyhdarlıq kampaniyası gedir.

Bu gün Qum Elmiyyə hövzəsinin fəqihlərindən biri – Ayətullah Məkarim Şirazi də müraciətlərə əsasən, məsələyə münasibət bildirib.

Onun dəftərxanasından yayılan bəyanatda deyilir: “Rəsmi xəbər agentliklərinə istinadla, dövlət büdcəsindən istifadə edərək Şəms Təbrizi barədə milli televiziya serialının çəkilişinə dair xəbərə çox təəssüf edirik”.

Daha sonra bəyanatda qeyd olunur ki, “bu şəxsin fəsadlı əqidəsi və sufilik inancları sapqın və xəbis olub. Şəms “Məqalələri” (“Məqalat”) kimi tanınan əsərində Peyğəmbər qızına təhqir yer alıb”.

Ayətullah Məkarim Şirazi “Sərxoş eşq” seralının gələcəkdə İslam Respublikası üçün təhlükəli nəticələr doğuracağını vurğulayıb: “Qum mədrəsəsinin alimi kimi, bu təhlükəli mövzunu ən qısa müddətdə dayandırmalıyıq. Təsəvvüf cərəyanını təbliğ etdiyindən bu iş icazəli (caiz) deyil və bundan çəkinmək lazımdır”.

İran və Türkiyə ortaq istehsalı olan, rejissor Həsən Fəthinin “Sərxoş eşq” filmi Cəlaləddin Rumi (Mövlanə) və Şəms Təbrizinin dostluğundan bəhs edir. Filmin ssenari müəllifi Fərhad Tohidi və Həsən Fəthidir.

İlkin razılaşmaya əsasən, çəkiliş heyəti tanınmış türk və İran rejissorları və aktyorlarının qarışığı olacaq.

İranlı aktyor Şahab Hüseyninin kinolentdə Şəms Təbrizinin rolunu oynayacağı gözlənilir. Aktrisa Parsa Piruzfar də çəkilişə dəvət alıb.

Filmin çəkilişləri əsasən Konyada aparılacaqdı. Lakin sonradan Xoy şəhərinin də adı hallanmağa başlayıb.

Həsən Fəthinin çəkməyə hazırlaşdığı “Sərxoş eşq” filmi barədə xəbərlər yayılandan bəri orta əsr tarixi şəxsiyyətlərinin milli mənsubiyyəti barədə yeni mübahisələr üçün əsas yaranıb.

“Türkiyə illərdir Mövlanəni müsadirə etməyə çalışır və indi Həsən Fəthinin Türkiyə kapitalı ilə çəkdiyi film layihəsi bu İran şairi ilə bağlı böyük narahatlıqlar doğurub”. Bunu sentyabrın 23-dəki sayında İranın “Ferhixteqan” qəzeti yazıb.

Qəzetin “Mövlanənin Türkiyəyə satışı?” adlı baş məqaləsində filmə bir çox etirazlar, o cümlədən Cəlaləddin Rumi və Şəms Təbrizidən bəhs edən filmdə cəmi bir neçə iranlı aktyora rol verilməsinə etiraz bildirilib.

“Ferhixteqan” qəzetinin iddiasına görə, türk prodüsserlərin tələbi ilə filmdə Rumi obrazını türk aktyor canlandırmalıdır.

Filmin ssenarisində Rumi və Şəmsin qədim əlyazmalarda qeydə alınan tərcümeyi-halından sapmalar da narazılıq doğurub.

Xatırladaq ki, bir müddət əvvəl İstanbulda orta əsrlər alimi Əbunəsr Farabinin ev-muzeyinin açılışı da oxşar mübahisələr doğurmuşdu.

Sufi cərəyanının sapıqlığı barədə Məkarim Şirazidən də əvvəl fitva verilib. Məsələn, onun çağdaşı Ayətullah Nuri Həmədani.

Təsəvvüf və ilk növbədə, Şəms Təbrizi ilə bağlı mübahisəli açıqlamalara gəlincə, bu, İranda yeni dalğa deyil.

2017-ci ildə Mədəni Tədqiqatlar İnstitutunun rəhbəri Hüseyəli Qobadi Şəms Təbrizi türbəsinə daha çox diqqət yetirmənin vacibliyini qeydə edərək deyib ki, “İŞİD-in Türkiyə kimi bir ölkədə yarana bilməməsinin səbəblərindən biri də bu ölkədə sufi ədəbiyyatının olmasıdır…

Hətta Ədalət və İnkişaf Partiyası və tədris proqramlarında təsəvvüf ədəbiyyatı elementləri var. Şəms və Rumi kimi mistiklərin irsinə, İŞİD-in meydana çıxması kontekstində yanaşılmalıdır. Bundan əlavə, Mövlanə mirası Əhli-Beyt sevgisini digər dinlərin ardıcılları arasında yaymaqda da təsirli ola bilər. Məsələn, Ruminin Aşuraya romantik və fövqəladə bir baxışı var və Aşura haqqında ən gözəl qəsidə Şəmsə məxsusdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.