"Akademiyada hazırda çox ciddi problemlər mövcuddur" - Reaksiyalar...
25-10-2019, 09:55
Oktyabrın 23-də ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilən akademik Ramiz Mehdiyev ölkə başçısının başqa bir sərəncamı ilə Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə təsdiq edildi. Sərəncamda göstərilib ki, Ramiz Mehdiyev AMEA-nın ümumi yığıncağında prezident seçilib.
Bəs AMEA üzvləri Ramiz Mehdiyevin prezident seçilməsinə necə baxırlar?
“Yeni Müsavat”a danışan fəlsəfə doktoru, təhsil eksperti Etibar Əliyev bildirdi ki, Ramiz Mehdiyev əslində AMEA üçün yad adam deyil: "O, fəlsəfə sahəsində akademikdir və indiyə qədər də xeyli kitabları dərc edilib. Ramiz müəllim filosofdur. Onun seçilməsini müsbət qəbul edirəm. Akademiyada hazırda çox ciddi problemlər mövcuddur. Ən əsası da odur ki, işçilərin əmək haqqı kifayət qədər aşağıdır. Hər hansı bir rəhbərin üzərinə mövqeyindən asılı olmayaraq, işçilərin sosial müdafiəsini təşkil etmək düşür. Düşünürəm ki, Ramiz müəllim hüququndan istifadə edərək, akademiyanın işçilərinin əmək haqlarının əsaslı şəkildə yüksəldilməsinə nail ola biləcək. Akademiyanın institutlarının maddi-texniki bazası həddindən artıq zəifdir. Bu problemləri yalnız yüksək nüfuza malik şəxs həll edə bilər. Təəssüflər olsun ki, indiyədək aparılan tədqiqatların, yazılan monoqrafiyaların demək olar ki, tətbiqi yoxdur. Bunlarla yanaşı, alimlərə sərbəstlik verilməli, AMEA-nın kitabxanasından tutmuş, otaqların kompüter və digər İKT alətləri ilə təminatına şərait yaradılmaqla infrastruktur gücləndirilməlidir. Aspirantlara düşən mənzillərin AMEA-nın yüksək vəzifəli məmurları tərəfindən zəbt olunması məsələsi həllini tapmalıdır.
AMEA-nın əməkdaşlarının xarici ölkələrdə staj keçmələri və tədqiqatlar aparmaları geniş vüsət almalıdır. Bu qurumun İşlər İdarəsinin fəaliyyəti ciddi yoxlanılmalıdır. AMEA-nın institutları ölkədə dissertasiya alveri ilə məşğul olan “ocaqlara” çevriliblər. Plagiatlığın həddi-hüdudu yoxdur. Bunların qarşısı ciddi şəkildə alınmalıdır. Akif Əlizadənin gətirdiyi “raybalizm” ciddi özgələşmə yaradıb. Əlizadə ilə əməkdaşlar arasında kəskin uçurum yaradılmışdı. Bu amillər tədqiqat mühitinə ciddi zərbə vurub və böhranı daha da dərinləşdirib. Düşünürəm ki, bütün bu problemlər AMEA-nın nüfuzuna xələl gətirib və bu səbəblərdən qurum vaxtaşırı olaraq tənqidlərə məruz qalıb. Ramiz müəllim bu problemləri həll edə bilsə, akademiyanın tarixində parlaq prezident kimi qalacaq".
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Yeni Müsavat”a dedi ki, Ramiz Mehdiyevin AMEA-ya prezident seçilməsi akademiyanın inkişafında mühüm rol oynaya bilər: "Təəssüf ki, akademiyanın durumu inkişafdan xeyli geri qalıb. Ölkə başçısının siyasi iradəsi ondan ibarətdir ki, Azərbaycanda bütün istiqamətlərdə inkişafın lokomotivi olsun. Təəssüf ki, akademiya indiyə qədər bu istiqamətdə öz sözünü deyə bilməyib. Düşünürəm ki, yeni seçim həm alimlər, həm cəmiyyətin, ölkə rəhbərinin etimadını doğruldacaq və yaxın zamanlarda akademiyada ciddi islahatların nəticəsini görə biləcəyik. İlk növbədə düşünürəm ki, bu islahatlar yeni nəsil alimlərin yetişməsi, gənc alimlərin Azərbaycan elminə, akademiyaya cəlb edilməsi istiqamətində çox vacib rol oynaya bilər. Arzu edərdim ki, elmin idarə edilməsinə yeni nəsil alimlər cəlb edilsinlər. Həmçinin istərdim ki, alimlərin əlbəttə ki, sosial problemləri aradan qaldırılsın. Ramiz müəllimin Azərbaycan elminin inkişafı ilə bağlı mühüm işlər görəcəyinə ümid edirəm. Bu gün akademiyanın 11 min əməkdaşı var və onların bir hissəsi pensiya yaşını keçib və böyük bir hissəsi texniki işçilərdir, faktiki olaraq heç bir işlə məşğul deyillər. İstərdim ki, elmə ayrılan vəsaitin aidiyyəti üzrə xərclənməsinə ciddi nəzarət olsun. Düşünürəm ki, Ramiz müəllimin rəhbərliyi ilə akademiya böhran vəziyyətindən çıxa biləcək".
Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli hesab edir ki, Ramiz Mehdiyev həm elmdə, həm də təşkilatçılıqda, dövlətçilikdə böyük rolu olan bir insandır: "Ramiz müəllimin son fəaliyyətini izlədikcə, buna heyran olmuşam. Dövlətçilik məsələsində məlumdur ki, Şah İsmayıl Xətai dövrü xüsusi əhəmiyyət kəsb edir. Şah İsmayıl dövrü ilə bağlı daxildən, xaricdən hücum olan zaman Ramiz Mehdiyev sinəsini önə verib, Şah İsmayılla bağlı 2 kitab ortaya qoydu. Orada Səfəviləri Azərbaycan Səfəvi dövləti, Şah İsmayılı isə Azərbaycanın nəhəng hökmdarı kimi təqdim etdi. Dalınca Ramiz müəllimin Nadir şahla bağlı özəl kitabı çıxdı. Daha sonra o, Səfəvilərin son dönəmlərində burada missioner təşkilatlarının oynadığı roldan, Azərbaycan dövlətçiliyinə vurduğu zərbədən gözəl bir əsər yazıb. İran Səfəvilər dövlətinə sahib çıxmaq istəyirdi. Ramiz müəllim kimi dövlətin əsas adamlarından birinin bu məsələyə müraciət etməsi, həm də mesaj idi ki, bu, bütöv Azərbaycanındır. Şah İsmayıl bütöv Azərbaycanın hökmdarı olub. Bir tarixçi kimi bu məsələlər üzərində ona görə dayandım ki, bu, bizim dövlətçilik üçün önəmlidir. Bu baxımdan düşünürəm ki, Ramiz Mehdiyevin prezident olduğu dövrdə bütün sahələrlə yanaşı, humanitar sahədə də inkişaf olacaq. Əminəm ki, akademiyada elmi istiqamətdə ciddi dəyişiklik olacaq. Rəhbərin münasibətindən çox şey asılıdır. Mən Ramiz müəllimi çox gözəl təşkilatçı kimi tanıyıram. Hesab edirəm ki, o, dünya elmində Azərbaycan elminin rolunun artmasına kömək edəcək".