Antibiotik qəbul edərkən hansı qidaları yemək olmaz? - Həkimdən məsləhətlər
Bu gün, 15:28

Antibiotiklər orqanizmə bakterial infeksiyalarla mübarizə aparmağa kömək edir, lakin qeyri-düzgün qidalanma onların effektivliyini azalda bilər. Fakt budur ki, bəzi qidalar dərmanlarla qarşılıqlı təsirə girərək, onların orqanizm tərəfindən sorulmasına təsir göstərə bilər və yaxud yan təsirləri artıra bilər.
Bu barədə rusiyalı pediatr Aygül İsrafilova Gazeta.ru-ya müsahibəsində danışıb.
Həkim antibiotik qəbul edərkən imtina edilməli olan əsas qidalar sırasına süd məhsulları, alkoqol, turş meyvələr və şirələr, yüksək şəkər tərkibinə malik məhsullar və liflə zəngin qidaları daxil edib.
"Süd, qatıq və pendirin tərkibində olan kalsium bəzi antibiotiklərlə (məsələn, tetrasiklinlər və ftorxinolonlar) birləşə bilər ki, bu da nəticədə, onların sorulmasını ləngidə və effektivliyini azalda bilər", - deyə İsrafilova bildirib.
Onun sözlərinə görə, alkoqol antibiotiklərin ürəkbulanma, qusma, qeyri-sabit qarıngetmə, başgicəllənmə və yuxululuq kimi yan təsirlərini artıra bilər. O həmçinin qaraciyərə əlavə yüklənmə yaradır ki, bu da xəstəlik zamanı orqanizmin müqavimətini azaldır.
"Qreypfrut, portağal, limon kimi turşu meyvələr və onların şirələri bəzi antibiotiklərin parçalanmasını ləngidə bilər ki, bu da onların qanda konsentrasiyasının və yan təsir riskinin artmasına səbəb olur", - deyə mütəxəssis qeyd edib.
Aygül İsrafilova həmçinin yüksək şəkər tərkibli qidalardan da uzaq durmağı tövsiyə edib. Bunlara banan, üzüm, xurma və quru ərik kimi meyvələr və quru meyvələr daxildir. Onların tərkibində olan şəkər bağırsaqlarda arzuolunmaz bakteriyaların və göbələklərin çoxalmasına şərait yarada bilər ki, bu da tez-tez antibiotik qəbul edərkən ortaya çıxan disbakteriozu ağırlaşdıra bilər.
Tərkibində çoxlu lif olan qidalar isə antibiotiklərin orqanizmdən xaric edilməsini sürətləndirə, onların effektivliyini azalda bilər.
"Həmişə həkimin göstərişlərinə əməl edin, təyin olunmuş dərmanın dozasını və qəbul tezliyini diqqətdə saxlayın və dərmana dair təlimatları diqqətlə oxuyun. Həkiminizlə və ya əczaçınızla sizin üçün xüsusi olaraq təyin edilmiş antibiotiki qəbul edərkən hansı qidalardan qaçınmaq lazım olduğunu öyrənin. Antibiotik kursunu bitirdikdən sonra bağırsaq mikroflorasını probiotik və prebiotiklərlə bərpa etmək tövsiyə olunur. Bu sadə qaydalara riayət etmək antibiotik müalicəsindən maksimum fayda əldə etməyə və arzuolunmaz yan təsirlərdən qaçmağa kömək edəcək", - deyə həkim məsləhət görüb.