Fazil Mustafa Tomas Mannın yaradıcılığından yazdı:"Onun düşüncə sistemiylə daha yaxından tanış olmaq istəyirəm"

10-04-2020, 01:40           
Fazil Mustafa Tomas Mannın yaradıcılığından yazdı:"Onun düşüncə sistemiylə daha yaxından tanış olmaq istəyirəm"
Fazil MUSTAFA,

Milli Məclisin deputatı

Son vaxtlar böyük alman yazarı, Nobel mükafatı laureatı Tomas Mannın yaradıcılığı daha çox diqqətimi çəkdiyindən, ağırlıqlı olaraq məqalə, esse və məktublarını oxuyur, onun düşüncə sistemi ilə dərindən tanış olmağa çalışıram.

İndi bəhs edəcəyim Tomas Mannın 10 cildlik “Seçilmiş əsərləri”nin 9-cu cildində yer alan məqalələrdir.

Burada “Özü və öz yaradıcılığı haqqında” məqalələr (1906-1954) və “Digər məqalələr” (1908-1929) yer almışdır.

Kitab Moskvada “Bədii Ədəbiyyat” nəşriyyatında 1960-cı ildə Vilmont və Suçkovun redaktorluğu ilə çap olunmuşdur.

T. Mann “Bilze və mən” məqaləsində qeyd edir: “Avropada düşüncə adamları məktəbi mövcuddur. Bu məktəbi alman idrak liriki Fridrix Nitsşe yaratdı. Bu məktəbin nümayəndələri rəssamı idrak etmə anlayışı ilə çuğlaşdıraraq tanımağa alışıq idi. Bu məktəbin baxış bucağına görə, incəsənətlə tənqidin arasında sərhəd əvvəl düşünüləndən daha az səviyyədə olmalıydı”.

T. Mann 1925-ci ildə özünün 50 illik yubileyinə həsr olunan banketdə çıxışında belə bir maraqlı məqama diqqət yetirir: “Həyata sevginin iki növü var: birinci – ölüm haqqında heç nə bilmir; bu, köntöy, kobud sevgidir; ikincisi isə, ölümü yaxşı bilir – yalnız bu sevgi məncə əsl mənəvi dəyərə sahibdir. Həyatda məhz bu sevginin daşıyıcıları rəssamlar, şairlər və yazarlardır”.

T. Mannın bir neçə avtobioqrafiyasından biri sayılan 1930-cu ildə yazdığı “Həyatımın oçerki”ndə aşağıdakı maraq doğuran müşahidələr yer alır: “Mən məktəbi tədrisin sonunadək sevmədim və mənə təqdim etdiyi tələblərə qane olmadım. Mən məktəb mühitini bəyənmədim, məktəbin divarları arxasında bizə hökm edənlərin davranışlarını tənqid etdim və erkən vaxtdan onun ruhuna, intizamına və əhəliləşdirmə metodlarına qarşı ədəbi müxalifətdə durdum”.

“Rəssam olmaq istəyən qardaşım çoxlu rəsm çəkirdi. Mənsə çoxlu siqaret çəkərək və klublarda siqaret tüstüsünə boğularaq, Skandinaviya və rus ədəbiyyatını acgözlüklə oxuyurdum. Nitsşe etikasını dərindən mənimsəmə və həyata tətbiqetmə hansı keyfiyyətdə öyrənilməli idi, bunu mən boş vaxtlarda gerçəkləşdirdiyim tənqiddə tapa bilirdim. Hər bir halda, o, çox mürəkkəb xüsusiyyətə malik idi, filosofun geniş kütləyə təsirinin modaya çevrilməsi dərin nifrətə, “küçəyə”, bunlarla uzlaşdırılmış “renesanssçılığa”, ali insan kültünə, Sezar Borcia üslubundakı estetizmə, hər yanda göz önündə olan tərifi göylərə qaldırılmış gözəlliyə və irqi üstünlüyə qarşı yönəlmişdi.

İyirmi ilə mən bu böyük düşüncə adamının immoralizminin nisbiliyini anladım; onun xristianlığa nifrətini anlayaraq, eyni zamanda Paskala qardaş sevgisini sezdim və bu nifrəti psixoloji qaydada fərqlilik deyil, təmiz əxlaqi təzahür kimi qəbul etdim. Bu, həm də mənim Nitsşenin həyatı boyu dünyada sevdiyi Vaqnerə qarşı mübarizəyə yönəlməyimə təkan verdi. Bir sözlə, Nitsşedə mən öz-özünü üstələyən bir şəxsi gördüm; mən onda mahiyyətcə çox şeyi anlamadım, inanc olaraq da ondan bir şey götürmədim və məhz bu, mənim ona olan sevgimi basıb əzdi və ikitirəliyi qəlbimin dərinliyinə gömdü”.

“Mən “qarşılıqlı münasibət” sözünü sevirəm. Mənim üçün bu anlayış “əhəmiyyətlilik” anlayışı ilə üst-üstə düşür. Əhəmiyyətli olan- qarşılıqlı münasibətlərlə zəngin olan deməkdir”.

“Estetizm erasının məhvi və sosial bədbəxtlik zamanının başlaması, dini dəyərlərin mədəniyyət üzərində qələbəsi – bu cür təzahürlərə yönəlmənin artımı məndə seysmik xəbərdarlıq oyatdı və mən artıq siyasi müdrikliyin daha qapalı və vasitəli formasına yönəlmiş oldum”.

Məşhur fransız yazarı Andre Jidin Mannın “Möcüzəli dərd” əsərini gerçəkdə “heç nə ilə müqayisə olunmayacaq əsər” adlandırmasını da bu məqalədə vurğulayır. Eyni zamanda, 1945-ci ildə – anasının yaşına çatdıqda öləcəyini düşünən yazar, düz, 10 il səhv etmişdi.

Bu məktub da maraqlıdır – özünün Bonn Universitetinin fəxri professoru adından məhrum olunması ilə bağlı yazıb. Adı “Bonnla yazışma”dır.

Bonn Univeristetinin fəlsəfə fakultəsi T.Mannı fəxri doktorluqdan azad edir və 19.12.1936-cı ildə dekanın adından ona məktub göndərilir. Buna 1 yanvar 1937-ci il tarixdə T. Mannın verdiyi cavabın qısa xülasəsi belədir:

“…Bu fakt mənim gözüdə artıq çoxdan akademik titulunun cəbediciliyini itirmiş oldu. Bu tituldan onsuz da istifadə etməyi özümə rəva bilməmişdim. Ancaq nəzərinizə çatdırım ki, mən Harvard Universitetinin verdiyi “Fəxri fəlsəfə doktoru” titulunu qoruyub saxlamışam. Siz mənə doktor adı verəndə latıncadan almancaya çevrilmiş sənəd belə idi: “Biz, rektor və senat bizim bir çox həmvətənlərimizin həyat müəllimi olan və eyni zamanda alman mədəniyyətinin böyük ləyaqətini azsaylı həmvətənlərimizdən biri kimi qoruyub saxlayan geniş tanınmış yazar Tomas Manna bu adı verməkdən şərəf duyuruq”.

Mənə çoxlu suallar verilməsinə rağmən, hüquqi vətəndaşlıqdan məhrum edilməmlə bağlı susmağa üstünlük verdim. Lakin mənim akademik vətəndaşlıqdan məhrum edilməm əsas yaradır ki, qısaca şəxsi xarakterli bəyanat verim.

Nə zaman ki, Almaniya faşistlərin əlinə keçdi, mən susmaq istədim. Düşündüm ki, mənim qurbanlıq seçilməyimə görə, susmaq haqqını əldə etmişəm. Ümid edirdim ki, öz vətənimdə alman oxucuları ilə əlaqəmi bu vasitə ilə qoruyub saxlayacağam. Mən belə mühakimə yürüdürdüm: kitablarım almanlar üçün yazılıb, hər şeydən öncə, onlar üçün; bu kitablar xalqın və müəllifin qarşılıqlı əlaqəsini təmin edən ruhumuzun qarşılıqlı tərbiyəsinin məhsulu idi və onlar Almaniyada o şərtlərin yetişməsi üçün mənim düşündüyüm şərait nəzərə alınmaqla yazılmışdı.

Bu, zərif, elastik münasibətlər idi və yol vermək olmazdı ki, siyasət kobudcasına onları məhv etsin. Ola bilsin ki, bizdə bəzi səbrsiz soydaşımız tapılsın ki, yazarın sükut azadlığını qorumasını ona bağışlamasın; hər halda əksər soydaşlarımızın mənim təmkinimi anlamasına və hətta bu davranışı bəyənməsinə ümidim böyük idi.

Bilmirəm, belə alınıb ki, dünya mənim adımı hər yanda böyük ehtiram görən alman ruhu anlayışı ilə əlaqələndirir, buna layiqəm, yoxsa deyil, sadəcə onu bilirəm ki, azad rəssamların mühitində məhz mən bu alman ruhunun saxtalaşdırılmasına qarşı həyəcan səsimi qaldırmışam.

Dilin sirri böyükdür; dilə və onun təmizliyinə görə məsuliyyət simvolik və mənəvi xarakter daşıyır, o, yalnız estetik deyil, ümumi əxlaqi məna daşıyır. Bu, elə bir məsuliyyətdir ki, insan məsuliyyətini aydın görünüşdə ortaya qoyur, eyni zamanda öz xalqın üçün, onun insanlıq qarşısında individual cəhətlərinin saflığını qorumaq üçün məsuliyyətdir. Onda insanlığın vəhdəti, humanist problemlərin bütövlüyü cəmlənir. Bu, həmin humanuizmi ehtiva edən bütövlükdür ki, biriləri bu insanlıq vəhdətinin yalnız bir hissəsini, məsələn, siyasəti, dövləti mütləqləşdirərək, cinayətkarcasına ona qəsd etmişlər.

Bu halda dilin məsuliyyətini daşımağı həm də cəmiyyətin məsuliyyətini daşımaq kimi anlayan bir alman yazarı susa bilərmi? Patriotizmi qeyri-adi etik dəyərlərlə bağlı olan alman, Almaniyada baş verənlərə görə susa bilərmi? Mənim ölkəmdə insanların vücuduna, canına və ağlına, həqiqətə və hüquqa, adamlara və insana qarşı gündən-günə artmaqda olan zülmə qarşı o, tam sükutu qoruya bilərmi? Yox, susmaq mümkün deyildi. Onlara qarşı çıxmaqla, əgər onların dediyinə inansaq, sanki dövləti, Almaniyanı təhqir etmişəm. Ola bilsin, az vaxt keçmiş alman xalqı anlayacaq ki, bu eyniləşdirmə yolverilməzdir. Bu xalq özünü ölümə məhkum edib. O, elə bir şəkildə darmadağın olacaq ki, ayağa qalxması mümkün olmayacaq. Bizim məyus və üzgün ölkəmizə Tanrı kömək olsun və öz-özüylə, başqa xalqlarla birlikdə ona barışı öyrətsin!”

1939-cu ildə yazılmış “Möcüzəli dərd”ə giriş başlıqlı məqaləsində də maraqlı məqamlar aşağıdakılardır:

“Musiqi mənim yaradıcılığıma aktiv təsir göstərib və öz üslubumu yaratmağa yardım edib. Əksər yazarlar “işin mahiyyətinə görə” yazar deyil, nə isə başqadırlar – öz yerində olmayan rəssamlar, qrafika ustaları, yaxud heykəltaraşlar və ya arxitektorlar, yaxud başqa bir şeydirlər. Mən özümü yazarlar arasında müsiqiçiyə bənzədə bilərəm. Roman hər zaman mənim üçün bir simfoniyadır, ideyanın musiqi motivləri rolunu ifa etdiyi əsərdir”.

“Söz hissiyyatının tərbiyəsi” məqaləsində qeyd edir: “Gələcək heç də “savadlılığa”, mədəniyyətə, iç aləmə, “yüksək ruha” deyil, 1800-ci illərin humanizmindən fərqli bir humanizmə məxsusdur”.

Nəhayət, bu cilddə ən maraqlı və geniş həcmli məqalələrdən biri “Höte və Tolstoy” adlanır. Tomas Mann, alman ədəbiyyatında “Şiller-Höte” müqayisə tandemi olduğu kimi, rus ədəbiyyatından da “Dostoyevski-Tolstoy” tandeminin mövcudluğundan bəhs edir və üstünlüyü Höte və Tolstoy bənzərliyinə verməyə çalışır.

Burada qeyd olunur ki, Tolstoy 1858-ci ildə Almaniyada – Veymarda Hötenin yaşadığı evə baş çəkib. İlk dəfə Turgenev Tolstoya “Rus torpağının böyük yazarı” titulunu verib. Maksim Qorki isə yazırdı: “Mən Tanrıya inanan deyiləm, ona (Tolstoya) çox ehtiyatla, həm də qorxu ilə baxıram və düşünürəm: “Bu adam – Tanrıyabənzərdir!””

Mann vurğulayır ki, Hötenin də gəncliyində heyran qaldığı Russo irsiydi. Tolstoy da eyni ruhani tərbiyəni Russodan almışdı. Tolstoy yazırdı: “Mən Russonun, musiqi lüğəti də daxil olmaqla, 20 cildliyinin hamısını oxudum, ona heyran qaldım, ona səcdə etdim. 15 il mən xaç yerinə onun portretini medalyonda gəzdirdim. Onun çoxlu səhifələrini özüm yazmışammış kimi anladım”.

Rusların böyük düşüncə adamı Merejkovski yazırdı: “Bütün əsrlərdə və xalqlarda Tolstoy qədər öz həyatının xüsusi, şəxsi, hətta incə məsələlərini genişürəkliliklə və açıqca yazan ikinci bir yazar varmı, görəsən?”

Klassik və romantik poeziyanın fərqinə diqqət yetirən Höte vurğulayırdı:“Bunu çox vaxt Şillerlə onun arasında müqayisə zəminində işlədirlər. Mən poeziyada obyektivlik prinsipini əsas götürmüşəm. Şiller isə tamamilə subyektiv yaradıcılığa üstünlük verməklə öz metodunun doğruluğunu müdafiə edərək mənə qarşı sadəlövh və sentimental poeziya barədə məqalə yazmışdı. Mən klassik poeziyanı sağlam, romantik poeziyanı isə xəstə adlanrıram. Əgər bu təsnifata görə biz klassik və romantik poeziyanı müəyyənləşdirsək, o halda hər şey aydın olacaq”.

Höte deyirdi:“Əgər fəlsəfə bizim “biz və təbiət vahid bütünük” kimi başlanğıc hisslərimizi gücləndirir və təsdiqləyirsə, əgər o, bu hissiyyatı dərin, sakit düşüncəyə çevirirsə, o halda fəlsəfəni salamlayıram”.

Tolstoy təsdiq edir: “Xalq təhsil istəyir və hər bir şəxs də xaotik formada təhsil almağa yönəlir. İnsanlar sinfinin daha təhsilli hissəsi olan cəmiyyət, hökumət öz biliyini vermək və xalqın aztəhsilli hissəsini savadlandırmaq istəyir. Elə görünür ki, bu tələblərin üst-üstə düşməsi hər iki tərəfi qane etməlidir. Lakin əksinə baş verir. Xalq yuxarı siniflərin bu səylərinə əksər vaxt müqavimət göstərir və bu istiqamətdə cəhdlər çox vaxt uğursuzluğa düçar olur”.

Maraqlıdır ki, Höte radikallığı səbəbiylə Lüterə qarşı çıxdığı kimi, Tolstoy da qərbiavropalı liberal məmur sinfi yetişdirdiyinə görə Birinci Pyotra qarşı çıxır. Tomas Mann bu xüsusa ayrıca diqqət yönəldir və səbəblərini geniş izah edir…

Bunları yorucu olmasın deyə, mümkün qədər qısa fraqmentlər formasında yazmağa çalışdım. Tomas Mannın yaradıcılığı ilə bağlı digər kitablarından da irəlidə maraqlı bilgiləri vaxt tapdıqca, evdə qalmağı mütailə fürsəti kimi dəyərləndirən dostlar üçün yazacağam.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.