Ermənistana “qardaş” deyən müsəlman “dostlar” – diliniz necə gəlir?..

18-07-2020, 18:58           
Ermənistana “qardaş” deyən müsəlman “dostlar” – diliniz necə gəlir?..
Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan və Ermənistana sülh çağırışı edib, tərəfləri qarşıdurmadan çəkinməyə səsləyib.

“Hər iki dövlət bizim üçün qardaşdır“ deyib. Qarabağın, digər ərazilərimizin işğalından bircə kəlmə danışmayan Kadırov Minsk Qrupu həmsədrləri–fason “vasitəçiliy”ə, lüzumsuz ağsaqqallığa cəhd edib, Azərbaycanla Ermənistanı tərəzinin eyni gözünə qoyub. Guya burdan-bura konfliktin əsasında nə durduğundan bixəbərdir.

İşğal altındakı məscidlərimizi, mədəniyyət abidələrimizi yerlə-yeksan etmiş, Xocalı soyqırımına imza atmış bir təcavüzkar ölkə Kadırovun gözündə sən demə, qardaş dəyərində imiş. Bunu yenə hansısa fransız desəydi, bəlkə də qəbullanmaq olardı. Amma işğalın və soyqırımın, yurd yerlərindən qanunsuz deportasiyaların və qovulmaların nə demək olduğunu yaxşı bilən bir xalqın başında duran şəxs, islama sitayiş edən adam söyləyir.

Belə çıxır ki, dostumuzun qardaşı bizim də qardaşımızdır? Axı Azərbaycan və Ermənistan eyni vaxtda kiməsə qardaş ola bilməz.

Zira, dostunun işğalçı qardaşı hesabla sənin də qardaşın sayılmalıdır. Absurd yəni.

Əlbəttə ki, Kadırovun sözləri Quran ayəsi deyil və haqq-ədalət tərəfdarı kimi tanınan məğrur, mübariz, dürüstlük sevən çeçen xalqının iradəsini ifadə edə bilməz. O çeçen xalqı ki, Cövhər Dudayev kimi zaman-zaman böyük simalar və sərkərdələr yetişdirib və onların timsalında Azərbaycana vaxtaşırı simpatiyasını ortaya qoyub, hətta ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlər verib.

Siz heç Ermənistan uğrunda hansısa çeçenin öldüyünü eşitmisiniz?

Hər şey qırağa dursun, müsəlmançılıq harda qaldı bəs? Qardaşlıq, müsəlmançılıq Türkiyə kimi olar ki, Qarabağ münaqişəsi başlayandan təcavüzkar ölkə ilə dərhal sərhədi bağlayıb, bütüm münasibətləri kəsib. Amma bildiyimiz qədər, Kadırovun bizim Şeyxlə yaxşı münasibəti var. Ona “əmi” deyir. O biri yandan isə ermənini qardaş adlandırır. İndi bu, necə olur, bizim dostumuz sən demə, erməninin də dostu imiş? Yeri gəlmişkən, Kadırovin ötən il uydurma erməni “soyqırımın” ildönümü ilə bağlı mənfur millətə acımasını əks etdirən statusu hələ yaddaşlardan çıxmayıb...

Ümumiyyətlə, kimsə ağlına gətirə bilərmi ki, Ermənistan, ermənilər kiməsə qardaş ola, yaxud qardaşlıq edə bilər? Kadırov görəsən, öz dediklərinə özü inanırmı? Qardaşlıq öncə qarşılıqlı münasibətlərdə səmimiyyətlə, özünü onun yolunda fəda etməyə hazır olmaq bacarığı ilə, onun dərdini öz dərdin saymaqla ölçülür. Tarix boyu satqınlığı, nankorluğu, hiyləgərliyi və riyakarlığı ilə ad çıxarmış, öz maraqları naminə həmişə yediyi qaba tüpürmüş, özündən güclülərin əlində daim maşa olmağa adət etmiş bir toplumdan qardaş çıxa bilərmi? Xülasə, sən erməniyə ha “dost, qardaş” de, xeyri yoxdur, o, özündən başqa heç kimi qardaş sayan deyil. Tarix var, tarixin dərsləri var.

Diqqət edin, Qafqaza gəlmə olan və çörəyi dizi üstündə olan bu zatıqırıqlar iki əsrə yaxındır regionun aborigen xalqlarının gününü qara əskiyə döndəriblər. Türk torpaqlarında rusun əli ilə yaradılmış bu “qardaş Ermənistan” az qala, bütün qonşularına - Azərbaycana, Türkiyəyə, Gürcüstana, hətta İrana qarşı ərazi iddiaları ilə yaşayır. Rusiya ilə müttəfiq olmasaydı, çoxdan ona da torpaq iddiası irəli sürmüşdü. Hərgah, “əzabkeş xalq” ara-sıra Krasnodarı da mifik “Böyük Ermənistan” ərazisinə qatmaqdan çəkinmir. Rusiya ilə isə erməni ona görə guya dost-qardaşdır ki, Türkiyədən, Türklərdən qorunub, rahatca işğalçı siyasətini davam etdirsin, ərazilərini daha da böyütsün, digər məkrli planlarını həyata keçirsinlər.

Sonda bildirək ki, Kadırov Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Rusiyanın adamı sayılan general Artur Vanetsyanla dostdur. Keçən il sonuncunun ad günü münasibətilə o, özünün İnstagram səhifəsində birgə çəkdikləri şəkli paylaşaraq, altından bu sözləri yazmışdı: “Əziz dostlar! Bu gün QARDAŞIMIZ (seçdirmə Kadırova məxsusdur! – Z.S.) Artur Vanetsyanın doğum günüdür. Gəncliyinə baxmayaraq, o, əla təhsil və “general” hərbi rütbəsi alıb. Ardıcıl olaraq 2018-ci ildən rəhbərlik etdiyi Ermənistanın Milli Təhlükəsizlik Xidmətində yüksək vəzifələr tutub. Əminəm ki, Artur Vanetsyan Rusiya xalqının böyük dostudur. Artur Vanetsyanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayıram!”

Şəkildə Kadırovun qoluna girdiyi Vanetsyan isə cəmi ilyarım öncə, vəzifədə olarkən işğal altındakı Füzuliyə gələrək oradan həyasızcasına “Azərbaycana bir qarış da torpaq verilməyəcək” demişdi və Paşinyan hökumətini torpaqlarımızda qanunsuz (süni) məskunlaşmanı sürətləndirməyə çağırmışdı.

Sizcə, belə birisinin dostu Şeyxin və Azərbaycanın dostu-qardaşı ola bilərmi?..(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.