Diqqət: erməni hücumundan necə qorunmalı? – Haker danışdı
19-07-2020, 16:43
Erməni hakerlər iyulun 14-ü Azərbaycan İP adreslərinə hücum edərək vətəndaşların modemlərini və kameralarını sındırmışdılar.
Bu barədə Axar.az-a “FF AZE Hacker Team” adlı haker komandası məlumat verib.
İstifadəçi adı və şifrələrin paylaşıldığını bildirən haker qrupu bu hücumlar zamanı hansı məlumatların oğurlana biləcəyini diqqətə çatdırıb:
“1400-dən çox modem və kamera İP adresi, istifadəçi adının siyahısı və şifrələri paylaşılaraq, “Pastebin”ə (pastebin.com/Zaui3vPv) yerləşdirilmişdi.
Siyahı hücumlar vasitəsi ilə "FF AZE Hacker Team" tərəfindən sındırıldı.
Hücumlar zamanı kameralara aid olan İP-lərdən yalnız sizi müşahidə edə bilər və yaddaşa alınmış videoları öz kompüterlərinə yükləyə bilərlər.
Modemlərinizə müdaxilə zamanı isə bu modemə qoşulan bütün cihazlardan (kompüter və mobil) internetə daxil etdiyiniz məlumatları əldə edə bilərlər. Məlumatlar siyahısında sizin səhifələrdə qeyd etdiyiniz istifadəçi adlarınız, şifrələriniz və bank kartlarınızın məlumatları da ola bilər. Bunun üçün hakerlər sizin modemin DNS serverlərini dəyişdirirlər və sizin bütün məlumatlar onların serverləri üzərindən keçir”.
“FF AZE Hacker Team” komandası sındırıla biləcək modem və kameralardan, eləcə də bu hücumlardan qorunma yollarından danışıb:
“Sındırıla biləcək kamera modellərinə hazırda "Hikvision" modeli, modemlər siyahısına isə "TP-LINK", ZTE, "D-Link", "Tenda", "Mikrotik RouterOS", "Netgear", QNAP, "Linksys" daxildir.
Bu hücumlardan qorunmaq üçün əvvəlcə modemlərin və kameraların standart şifrələrini dəyişdirmək lazımdır (admin: admin, admin: 123456 və s. bu kimi şifrələrdən istifadə etməyin). Digər tərəfdən, şifrədən asılı olmayaraq, köhnə modemlərin və kameraların şifrələri sındırıla bilir. Bunun qarşısını almaq üçün isə köhnə modem və kameraların “firmware”ları (proşivka) yenilənməlidir”.