NURƏDDİN MUSTAFAYEV 4 GÜN DİNDİRİLİB - Hələ vəzifə başında olarkən...

19-08-2020, 11:32           
NURƏDDİN MUSTAFAYEV 4 GÜN DİNDİRİLİB - Hələ vəzifə başında olarkən...
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayev rəsmən vəzifəsindən azad edilməzdən əvvəl 4 gün ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib.
Məlumatlı mənbə “AzPolitika.info"-ya xəbər verir ki, general korrupsiya faktlarına dair sorğu-sual edilib. Buna səbəb Nurəddin Mustafayevin rəhbərlik etdiyi sahədə geniş korrupsiya mexanizmi yaratmasına dair Korrupsiya İdarəsinə ciddi siqnalların daxil olması göstərilir.
Xatırladaq ki, Ədliyyə naziri Fikrət Məmmədovun 13 avqust tarixində imzaladığı əmrlə Nurəddin Mustafayev vəzifəsindən uzaqlaşdırılıb. Ədliyyə Nazirliyi generalın işdən çıxarılmasını belə şərh edib: “Nurəddin Mustafayev ölkədə gedən islahatlar və kadr dəyişilikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tuduğu vəzifədən azad olunub”.
Ancaq Ədliyyə Nazirliyinin şərhində təxminən 4 il əvvəl Baş icra məmuru vəzifəsinə təyinat alan Mustafayevin niyə ayrılıqda “islahatların qurbanına” çevrildiyi açıqlanmadığından, generalın vəzifəsindən uzaqlaşdırılmasının səbəbi qaranlıq qalırdı.
Buna ilk olaraq tanınmış vəkil Adəm Məmmədovun öz “facebook” səhifəsindən paylaşdığı məlumatdan sonra nisbətən aydınlıq gəldi.

Adəm Məmmədov bildirirdi ki, Nurəddin Mustafayev vəkil İsmayıl Kəngərlinin vasitəsilə 100 min manat rüşvət alaraq, qarşılığında vəd etdiyi işi görmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb və hətta generalın rüşvət almasını təsdiq edən səs yazısı da var.
Adəm Məmmədov bildirib ki, vəkil İsmayıl Kəngərli ilə general arasında Hafiz Məmmədovun tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələr olub. Həmin müzakirədə Baş idarə rəisi sənədin icrası ilə əlaqədar 100 min manat pul alıb. Amma nə qətnaməni icra edib, nə də pulu geri qaytarıb.
“Generalla danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürülərək şikayət ərizəsi ilə birlikdə Prezident Administrasiyasına göndərilib. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olub”, – Adəm Məmmədov qeyd edib.
Vəkilin iddiasından belə məlum olur ki, general Mustafayev, 100 min manat rüşvət aldığını sübut edən səs yazısı Prezident Administrasiyasına çatan kimi, istintaqa cəlb olunub və ardınca işdən azad olunub.
Əlbəttə, əgər həqiqətdirsə, təkcə bu fakt Mustafayevi nəinki işdən uzaqlaşdırmağa, eyni zamanda məsuliyyətə cəlb etməyə də əsas verirdi...
Ancaq məlumatlı mənbə “AzPolitika.info”-ya bildirir ki, müvafiq qurumlarda N.Mustafayevin korrupsiya fəaliyyətinə dair daha geniş məlumatlar var.

Məhz bu məlumatların araşdırılması məqsədilə N.Mustafayevin rəsmən vəzifəsindən azad edilməzdən əvvəl 4 gün ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirildiyi, korrupsiya faktlarına dair sorğu-sual edildiyi bildirilir.
Məsələn, məlum olur ki, N.Mustafayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dolayısıyla ona məxsus olduğu bildirilən "Hidayətoğlu" hərrac şirkəti vasitəsilə hər il milyonlarla manat qazanc əldə edib. Belə ki, bütün İcra Şöbələri hərrac əməliyyatlarını məhz bu şirkətə yönəltməklə, Baş İdarə rəisinin külli miqdarda qazanc əldə etməsini təmin ediblər.
Məlumata görə, təkcə bu hərrac əməliyyatları üzərindən Müstafayev illik 3-4 milyon manat gəlir əldə edib...

Onu da qeyd edək ki, Nurəddin Mustafayevlə Prezident Administrasiyasının keçmiş şöbə müdiri və Prezidentin sabiq köməkçisi Əli Həsənovun çox yaxın qohumluq münasibətləri var.
Qeyd olunur ki, onun indiyə qədərki karyera yüksəlişində bu qohumluq əhəmiyyətli rol oynayıb. Həmçinin istisna deyil ki, bu qohumluq münasibətlərinin həm də N.Mustafayevin vurulmasında da payı var...
Tahir
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.