"Məscidlərdə yoluxma sayı artsa, nəticə çox pis ola bilər" - Heç bir icma və din xadimi bu məsuliyyəti üzərinə götürə bilməz
19-08-2020, 12:34
"Məscidlərdə yoluxma sayı artsa, nəticə çox pis ola bilər"
“Məhərrəmlik ayında məscidlərə çox sayda insan axışır və il ərzində kütləvi məclislər məhz bu ayda keçirilir. Təbii ki, qapalı mühitdə böyük bir izdihamın sosial məsafəyə riayət etməsi qeyri-mümkündür. İndiki şəraitdə yoluxma sayının artması məscidlərdə baş verərsə, nəticə çox pis ola bilər. Heç bir icma və din xadimi bu məsuliyyəti üzərinə götürə bilməz”.
Bu sözləri ilahiyyatçı-alim Hacı Atif İsmayılov “Şərq”ə açıqlamasında deyib. Onun fikrincə, əgər rəsmi orqanlar icazə verərsə, Aşura günü cəmi 10 nəfərlik qruplar şəklində insanlar məscidlərə buraxıla və həmin günün dini mərasimlərini həyata keçirə bilərlər:
“Amma bir çox dövlətlərin təcrübəsi onu göstərir ki, karantin qaydaları tədricən yüngülləşdirilsə də, kütləvi tədbirlər axıra saxlanılır. Çünki bu məsələdə ən önəmli meyar olaraq iqtisadi məsələlər götürülür.
Hətta İranda belə ticarət mərkəzləri məscid və ziyarətgahlardan daha tez açılır. Məsələnin dini və şəriət tərəfinə gəlincə, müxtəlif ölkələrdə yaşayan fəqihlər də bu məsələyə həssas yanaşırlar.
Hətta Kərbəlada, imam Hüseynin hərəmində 10 günlük əzadarlıq mərasimləri və Aşura təziyədarlığının keçirilməməsi haqda qərar qəbul edilib”.
Builki Məhərrəmlikdə hansı addımların atılmasına gəlincə Hacı Atif bildirib ki, Ramazan ayında olduğu kimi, bu ayda da canlı şəkildə xütbələrlə çıxış etmək və ayinləri icra etmək mümkündür. Onun sözlərinə görə, bu vasitə ilə inanclı insanların mənəvi ehtiyaclarını qismən də olsa ödəmək olar:
“Pandemiya ilə bağlı əzadarlıq mərasimlərinin keçirilməsi və ora kütləvi insanların toplanması belə dönəmdə çətin məsələdir. Dini baxımdan yanaşsaq yoluxma ehtimalı varsa, iştirak etmək caiz deyil. İnsanlar dini ayinlərinin icrasını evlərində edə bilərlər. Kim istəsə öz evlərində yeməklər bişirib ətrafındakı kasıblara ehsan kimi paylaya bilər. Amma bu, dini baxımdan Aşura günü üçün önəmli məsələlərdən deyil”.