Təyyarədə halı pisləşən Navalnının kömək istəməsi barədə GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO
20-08-2020, 13:37
Rusiyanın müxalifət lideri Aleksey Navalnı oksibutirat natriumdan zəhərlənə bilər. Həkimlərin bu ehtimalı barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.
Güclü psixodisleptik olan və hallusinasiya yaradan bu maddənin A.Navalnının içdiyi çaya qatıldığı ehtimal olunur. Yaxınlarının sözlərinə görə, həmin gün o, bundan başqa heç nə içməyib və yeməyib.
Sərnişinlərin biri onun aeroportun kafesində görüntüsünü paylaşıb.
Analizlərin dəqiq cavabı isə hələ çıxmayıb.
“LifeShot” “Telegram” kanalının məlumatına görə, polis artıq həmin kafenin əməkdaşlarının dindirilməsinə başlayıb.
Xatırladaq ki, bu gün Moskvadan Tomska yollanan müxalifət liderinin halı təyyarədə kəskin pisləşib. O, ayaqyoluna getdikdən sonra huşunu itirib. Onun kömək istəyini eşidən heyət dərhal köməyə gedib.
Təyyarə Omsk şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.
Sərnişinlərdən birinin göyərtədə çəkdiyi videoda A.Navalnının iniltisi eşidilir.
Kanalın məlumatına görə, təcili yardım maşını gəldikdə o, gözlərini açıb, ancaq danışa bilməyib.
Son məlumatlara görə, müxalifət liderinin yerləşdirildiyi Omsk xəstəxanasında baş həkimin müavini Anatoli Kaliniçenko A.Navalnının vəziyyəti barədə jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, bloqerin zəhərləndiyi barədə tam əminlik yoxdur.
Hazırda A.Navalnının ikinci dərəcəli komada olduğu bildirilir. O, ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub.