Hacı İbrahimin qardaşının həbsi tələb edildi - MƏHKƏMƏ İŞİ
23-08-2020, 00:01
"Hacı İbrahim" kimi tanınan İbrahim Nehrəmlinin qardaşı, iş adamı Sahib İbrahimov yenidən hakim qarşısına çıxarılıb. Onun həbsi tələb edilib. Musavat.com xəbər verir ki, Sahib İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
Məhkəmənin hökmünə əsasən, zərərçəkmiş Ehtibar Allahverdiyevin vəkili Xəqani İmanovun mülki iddiası təmin edilib.
X.İmanov söyləyib ki, nümayəndəsi olduğu Ehtibar Allahverdiyeva 162 min 400 dollar zərər vurulub. Məhkəmə mülki iddianı 142 min manatlıq hissədə təmin edib.
Vəkil hökmdən narazı qaldıqlarını, maddi zərərin və mənəvi zərərin tam ödənilməsini tələb etdiklərini bildirib. Xəqani İmanov hökmdən apellyasiya şikayəti verdiklərini deyib.\
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Vəkil vəsatət verərək Sahib İbrahimov barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib. Vəkil həmçinin işin tam istintaqla aparılmasını istəyib.
Hakim vəsatətləri təmin etməyib. Məhkəmə araşdırması davam edir.
İttihama görə, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta” şirkətinin binasında olub.
Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satıb. İttihama görə, eyni mənzil bir neçə nəfərə satılıb.
Onun digər əməli isə vergidən yayınmaqdır. S.İbrahimov 1,5 milyon manatı vergidən yayındırmaqda ittiham edilir. Belə ki, o, paytaxtın Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib.
Qanunsuz sahibkarlıqla da məşğul olmaqda ittiham olunan Sahib İbrahimov “Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov rayon icra hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziya almadığı üzə çıxıb.
Bununla da qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib. Məhkəmə bu hökmdə verilən ittihamı rədd edib.
S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərərin bir qismini istintaq dövründə ödəyib.
S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı ı İbrahim Nehrəmlinin qardaşıdır.