Ombudsman hansı halda istefaya göndərilə bilər?

25-08-2020, 09:37           
Ombudsman hansı halda istefaya göndərilə bilər?
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiyinə görə 400 manat məbləğində cərimə edilib.

Bu, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Qeyd olunur ki, insan hüquqlarını qorumaq vəzifəsi olan şəxsin sərtləşdirilmiş qaydalarını pozaraq toy mərasiminə qatılması yolverilməzdir, hətta onun istefası tələb olunur.

Pravda.az Ombudsmanın səlahiyyətlərinə vaxtından əvvəl hansı hallarda xitam verilə biləcəyi məsələsini araşdırıb.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununun 7-ci (Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi) maddəsinə əsasən, müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

1.Müvəkkilə aid tələblər pozulduqda;

2.Müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə;

Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan edildikdə, Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:

1.Müvəkkil vəfat etdikdə;

2.Müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;

3.Müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.

Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının Prezidenti 30 gün müddətində Azərbaycan Respublikası Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.