TOY QALMAQALI İLƏ BAĞLI SUALLAR - Mehdiyevin kürəkəninin məhkəməsi ilk oldu...

26-08-2020, 00:06           
TOY QALMAQALI İLƏ BAĞLI SUALLAR -
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev kürəkəni İlham Əliyevin əli qandallı məhkəmə qarşısına çıxarılmasından narazılıq edib. Akademik bildirib ki, hamı, o cümlədən yaxınlarına toy-nişan məclisləri keçirmiş başqa yüksək çinli məmurlar da qanun qarşısında bərabər olmalıdırlar. Yəni, onlar da İlham Əliyev kimi cəzalandırılmalıdır.

Qeyd edək ki, toy qalmaqalında ən maraqlı hadisə keçmiş deputat İlham Əliyevin və onun qudasının məhkəməyə əli qandallı gətirilməsi, barələrində 15 sutka həbs cəzası kəsilməsi, jurnalistlərin məhkəmə zalında sərbəst foto-video çəkilişlər aparmasına şərait yaradılması idi. Bu hadisəyə qədər inzibati və cinayət işləri ilə bağlı məhkəmlərdə KİV-in iştirakı nadir hallarda təmin edilib. Müşahidəçilərin qənaətinə görə, bu "demokratik yanaşma” Mehdiyevin hakimiyyətə qarşı hörmətsizlik nümayiş etdirməsinə verilən adekvat cavab niyyətindən irəli gəlib.

Cəzalandırılan şəxslərin içində deputatın, Ombudsmanın da olduğunu nəzərə alsaq, yuxarıda qeyd olunan cəza tədbirləri hüquqi baxımdan nə qədər düzgündür? Bu barədə sualları tanınmış hüquqşünas Hafiz Həsənova ünvanladıq.



İlk aydınlaşdırılmalı məsələ keçmiş deputat İlham Əliyevin 15 sutka həbs cəzasına məhkum edilməsi barədədir. Məlumdur ki, deputat əgər növbəti seçkilərdə iştirak etmirsə, o daha bir il deputat maaşını almaqda davam edir. Bu zaman onun toxunulmazlığı da qalırmı?

Hafiz Həsənov bildirir ki, Konstitusiyanın 90-cı maddəsinə görə, Milli Məclisin deputatı səlahiyyət müddəti ərzində toxunulmazdır. Qanunvericilik səlahiyyət müddətindən sonrakı hər hansı müddətə keçmiş deputata toxunulmazlıq statusu müəyyən etmir.

Bəs inzibati xətaya görə polis əməkdaşları tərəfindən saxlanılan və məhkəməyə gətirilən şəxsin əlləri qandallanmalıdırmı? Hüquqşünas bildirir ki, şəxs tutularkən və polisin müşayiəti ilə məhkəməyə gətirilərkən əlləri qolbaqla bağlana bilər: “"Polis haqqında" Qanunun 26-cı maddəsinə görə, buna daha çox həmin şəxsin insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilməsi və ya qaçmağa cəhd göstərməsi ehtimalı olduqda yol verilir. Eyni zamanda qanunvericilik bu vasitələrin tətbiqini qeyd edilən hallara adekvat olmasını və aşırı tətbiq imkanlarının olmaması tələbini nəzərdə tutur. Lakin indiki halda bir qayda olaraq, tutulan, barəsində inzibati tənbeh tədbiri görülən bütün şəxslərə əllərinin qolbaqla bağlanması tətbiq edilir ki, bu da insan hüquqlarının pozulmasıdır”.

Məlumdur ki, İlham Əliyevin və qudasının məhkəməsi açıq keçirilib, prosesdə jurnalistlər foto-video çəkib, onlara suallar ünvanlayıblar. Qanunvercilikdə belə hallara yol verilirmi?

H.Həsənov bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 50-ci maddəsinə görə şəxsin şəxsi, ailə sirlərinin, yaxud qanunla qorunan digər sirlərin yayılmasına gətirib çıxara bilən hallarda inzibati xətalar haqqında işlərə qapalı baxılmalıdır: “Konstitusiyanın 32-ci maddəsinə görə, şəxsin razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsinə görə isə inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişi, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materialları kütləvi informasiya vasitələrində yayımlana bilməz”.

Deputatın və İnsan Hüquqları üzər Müvəkkilin cəzalandırılmasına gəlincə, hüquqşünas qanunvericilikdə bu məsələnin necə tənzimlənməsinə aydınlıq gətirdi:

“Konstitusiyanın 90-cı maddəsinə görə, səlahiyyət müddəti ərzində Milli Məclis deputatının şəxsiyyəti toxunulmazdır. Deputat cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Deputatın toxunulmazlığına yalnız Baş Prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Həmçinin, “İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında” Konstitusiya qanununun 6-cı maddəsinə görə, o səlahiyyət müddəti ərzində toxunulmazdır. Cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz”.

Ekspert daha sonra qeyd edib ki, qanunla toxunulmazlığı olan şəxsləri İnzibati Xətalar Məcəlləsinin 211.1.-ci maddəsi ilə məhkəmə cərimələyəndə Milli Məclisin razılığı tələb olunur, polis cərimələyəndə isə, belə razılıq tələb olunmur. Bu qayda Konstitusiyadan irəli gəlir.

Xatırladaq ki, deputat Siyavuş Novruzov və onun həyat yoldaşı – Ombudsman Səbinə Əliyevə toy məclisində iştirak etdiklərinə görə 400 manat cərimələniblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.