Ramiz Mehdiyevi daşlayan “GÜNAHSIZLAR”: “Mədhiyyə valı”nı kimlər və necə dəyişiblər? – YAXIN TARİX

27-08-2020, 19:40           
Ramiz Mehdiyevi daşlayan “GÜNAHSIZLAR”: “Mədhiyyə valı”nı kimlər və necə dəyişiblər? – YAXIN TARİX
Azərbaycanda nazir və ya başqa yüksək vəzifəlilərin işdən çıxarılmasından, yaxud da birbaşa həbsindən sonra verilən reaksiyalar çoxlarının gerçək simasını üzə çıxarır.
Deməli, keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə həbs ediləndə, onun əleyhinə ilk olaraq, elə adamlar danışdı ki, varlıqlarını belə ona borcluydular.
İşdən çıxarılmasının 1 ili hələ tamam olmayan prezidentin sabiq köməkçisi Əli Həsənovu söyənlərin sırasına baxın. Həsənovun öz “Qara siyahı”sına saldığı, illərlə önünü kəsdiyi jurnalistlər abırlarına qısılıb çox dərinə getməsələr də, onun hər cür imtiyazla təmin etdiyi “reket”lər adamı elə söyürlər ki, sanki qan düşmənlərindən qisas alırlar. Söyülən Həsənova baxdıqda isə ürəyindən sadəcə, bu sözləri keçirirsən: “Haqq olur!”
Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi söyənlərin də bir çoxu o qəbildəndir. Etiraf edək ki, hakimiyyət komandasında son 25 ilin ən sərt fiquru sayılan, qurduğu kombinasiyalarla özünə “Boz kardinal” obrazı yaradan Mehdiyev ictimai rəylə heç vaxt hesablaşmayıb. Bu yanaşmanın nəticəsində obrazında bir müsbət cizgi də olmayan elə adamları deputat “seçdirib” və yüksək postlara irəli çəkib ki, deməyə söz qalmır. Maraqlısı budur ki, Mehdiyev həmin “kadr”larını hər zaman müdafiə edib.
Onlar da borclu qalmayıblar – bəziləri Mehdiyevə aramsız mədhiyyələr qoşublar, digərləri isə “ağsaqqal”ın əvəzinə irihəcmli əsərlər, məqalələr yazıblar. Həm də bu “xidmətlər” yaxın aylara qədər davam edib. Mehdiyev artıq neçə müddətdir, Administrasiya rəhbərliyindən uzaqlaşdırılıb, daha “qılınc”ının qəbzəsi bir yana, heç tiyəsi də “kəsmir”. Yəni “bağdan ərik qurtArıb”. Bu isə Mehdiyevin məddahlarına “val”ı çevirmək üçün imkan yaradıb. İndi o adamlar qalxıb “ağsaqqal”ı elə söyürlər ki, “Boz kardinal”ın zülm etdiyi, haqqını tapdaladığı insanlar belə onlar qədər qəzəb püskürmürlər.
Məsələn, bu gün Ramiz Mehdiyevi şövqlə söyənlərdən biri akademikin sayəsində illərdən bəri “Azərbaycan” qəzetinin baş redaktoru olan, deputat “seçilən” Bəxtiyar Sadıqovdur. Ramiz Mehdiyev haqqında yazılan (“Ramiz Mehdiyev. Bioqrafiya”) kitaba baxanda, akademikin yazdığı “O gün mədh edənlər, bu gün tənqid edənlər” ifadəsinin nədən qaynaqlandığı anlaşılır.
Təsəvvür edin, deputat Bəxtiyar Sadıqovdan çox Ramiz Mehdiyev haqqında müsbət məzmunlu məqalə yazan ikinci bir şəxs yoxdur. Sadıqov ona hamilik etmiş Ramiz Mehdiyevi “Müasir dövrün mahir tədqiqatçısı, görkəmli filosof və ideoloqu, uğurlu və gərəkli” adamı adlandırır (“Ramiz Mehdiyev. Bioqrafiya”, səh.101). Deputat-jurnalist boş dayanmayıb, Mehdiyevin işıq üzü görən bütün kitablarına xüsusi mədhiyyə-məqalə həsr edib.

Bəxtiyar Sadıqovun qələmindən çıxan həmin məqalələrdən bəzilərinin sırasına siz də nəzər salın:

“Akademik Ramiz Mehdiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın “Azadlıq” radiosunun müxbirinə verdiyi müsahibəyə münasibəti haqqında”;
“Müstəqilliyin bəhrələri və ya adiləşən qeyri-adiliklər: Dünya nizamını pozan ikili standartlar”;
“Akademik Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı tədqiqat əsəri çərçivəsində”;
“Akademik Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı çıxışına dair fikirlər”;
“Ramiz Mehdiyev tarixi həqiqətləri “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabında topladı”.
Bəxtiyar Sadıqov hətta Ramiz Mehdiyevin “Azərbaycanda olimpiya hərəkatı: daim yüksəlişdə” kitabının məsul redaktoru da olub.

Ramiz Mehdiyev haqqında ən çox məqalə yazanlardan, hətta Ramiz Mehdiyevin bəzi kitablarının ortaq müəllif olan şəxs “Azərbaycan” qəzetinin redaktoru, Bəxtiyar Sadıqovun “sağ əli” İxtiyar Hüseynlidir. İxtiyar Hüseynli Ramiz Mehdiyevlə birlikdə (!?) “Azərbaycanda olimpiya hərəkatı: daim yüksəlişdə” kitabını yazıb.
Buyurun, İxtiyar Hüseynlinin “qələm yoldaşı” haqqında məqalələrindən bəzi seçmələrə baxın:
“Özəl kanalların ictimai tamaşaçısı: Onun milli-mənəvi marağı hər şeydən yüksəkdə dayanır”;
“Akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi haqqında”, “Azərbaycan” qəzeti, 2009-cu il, 10 noyabr, 8-ci səhifə;
“Demokratik inkişafın Azərbaycan modeli: Görkəmli dövlət xadimi və alim Ramiz Mehdiyevin ilk Mərkəzləşmiş Azərbaycan dövləti olan Səfəvilər dövləti haqda qələmə aldığı fundamental elmi əsərlər – “Şah İsmayıl ali məramlı tarixi şəxsiyyət kimi” və “Tarixi idrakın elmiliyi problemlərinə dair” məqalələri haqqında”, “Azərbaycan” qəzeti, 2013-cü il, 25 iyun, 4-5-ci səhifələr;
“Ədalətə çağırış: Akademik Ramiz Mehdiyevin fikirləri yalnız bir dövlət xadiminin, ziyalının deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin və dövlətinin mesajıdır: ABŞ səfirinin Azərbaycandakı ictimai-siyasi proseslərlə bağlı səsləndirdiyi qərəzli fikirləri ilə əlaqədar”, “Azərbaycan” qəzeti, 2014-cü il, 30 may, 8-ci səhifə;
“Mənəviyyat manifesti: Akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyindəki çıxışı çərçivəsində”, “Azərbaycan” qəzeti, 2014-cü il 30 oktyabr, 5-ci səhifə;
“Saxta erməni təbliğatına həqiqi tarixlə sarsıdıcı zərbə: Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Azərbaycanın tarix elminin son illərdəki ən böyük nailiyyətlərindəndir”, “Azərbaycan” qəzeti, 2014-cü il, 15 oktyabr, 3-cü səhifə.
Ramiz Mehdiyevi mədh edənlərdən biri də keçmiş rektor, indiki deputat Aqiyə Naxçıvanlı olub. Xanım deputatın Mehdiyevə həsr etdiyi məqalə diqqətdən yayınmır:
“Azərbaycanın siyasi sisteminin arxitekturası: ənənələrin təməli və modernizmin dizaynı: Akademik, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq” məqaləsi haqqında politoloqun düşüncələri”, “Azərbaycan” qəzeti, 2009-cu il, 2-ci səhifə.
Gələk Ramiz Mehdiyevin adını çəkdiyi digər bir şəxsə – Eldar Namazova. Onun 2010-cu il aprelin 8-də “Səs” qəzetinə verdiyi müsahibənin məzmunu başlığından anlaşılır:
“Eldar Namazov: “Ramiz Mehdiyevin fikirləri Azərbaycan dövlətinin və ictimaiyyətinin əsas mövqeyidir”.
Ramiz Mehdiyevi ən sərt şəkildə tənqid edən siyasətçilərdən biri, bəlkə də birincisi Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı olub. Ancaq o da ara-sıra mÜəyyən reveranslar edib. AVP sədrinin Mehdiyev haqqında zamanında dediyi fikirləri oxumağınız məsləhətdir:
“Ölkədə həyata keçirilməsi gözlənilən dəyişikliklərə qarşı hər hansı müqavimət istisna edilir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz geniş məqaləsində də qeyd etdiyi kimi, əqidəsində müəyyən problemlər olan, tutulan yola sədaqət nümayiş etdirə bilməyən, fəaliyyətində yeniliyi ortaya qoymağı bacarmayan, tükənən məmurlar yeni komandada yer ala bilməyəcək”;
“Hesab edirəm ki, Ramiz Mehdiyevin bu məsələyə aidiyyəti yoxdur. Ramiz Mehdiyev heç vaxt istəməz ki, dövlət qurumları və məmurlar arasında bu cür gərgin münasibətlər olsun”;
Ramiz Mehdiyevin adını çəkdiyi növbəti şəxsin – deputat Elman Nəsirovun da “yaradıcılığında” akademikin adı qırmızı xətlə keçir. Təsəvvür edin, Elman Nəsirov açıqlamalarının birində bu fikri səsləndirib:

“Akademik Ramiz Mehdiyevin əsəri Azərbaycan və rus dilində nəşr edilib. Onun BMT-nin 6 dilində nəşr edilməsi çox əhəmiyyətli olardı”.
Nəsirov bu gün Mehdiyevi qaralasa da, əvvəl onun barəsində fərqli fikir səsləndib:

“Ramiz Mehdiyevin ən müstəsna xüsusiyyəti odur ki, dövlətə, dövlətçiliyə, prezidentə sədaqətli insan olub”.
Vaxtilə Ramiz Mehdiyevi mədh edənlərin siyahısına baxaq:

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Akif Əlizadə, akademik Mahmud Kərimov, akademik Arif Mehdiyev, akademik Asəf Nadirov, akademik Bəkir Nəbiyev, akademik Ağamusa Axundov, akademik Tofiq Nağıyev, tarix elmləri doktoru, professor Əli Həsənov, akademik Kamal Abdulla, akademik Yaqub Mahmudov, akademik Ziyad Səmədzadə, akademik Nizami Cəfərov, siyasi elmlər doktoru, professor Elxan Nuruyev, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı və başqaları…
Açığı, bu şəxslərin sırasına, onların vaxtilə Mehdiyevə həsr etdikləri mədhiyyələrə baxanda, akademikin nədən bu qədər qəzəbləndiyi təəccüblü görünməməlidir…
Səxavət Məmməd
tezadlar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.