Azərbaycanda fermada DƏHŞƏTLİ OLAY: Yalvarıram...

28-08-2020, 00:04           
Azərbaycanda fermada DƏHŞƏTLİ OLAY:
Azərbaycanda dəhşətli cinayətlər törətməkdə ittiham olunan İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Aqşin Astanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teref.az-ın xəbərinə görə, Aqşin Astanov Saatlı rayonu, Orta Muğan kəndi ərazisində yerləşən fermada birlikdə çoban işlədiyi Natiq Gülbalayevlə 2018-ci il avqustun əvvəllərində və 13 oktyabr 2018-ci ildə fermanın həyətində təsərrüfat işlərinin görülməsi ilə əlaqədar aralarında mübahisə yaranıb. Mübahisə zamanı Natiq Gülbalıyev Aqşin Astanovun ünvanına nalayiq söyüşlər söyüb.

Fermada onlara nəzarət edən Sərxan Mirzəyev münaqişə ilə əlaqədar Aqşini günahlandırıb, onun ünvanına nalayiq sözlər işlədib.

Bu səbəbdən Aqşin Astanov qisas almaq niyyəti ilə Natiq Gülbalıyev və Sərxan Mirzəyevi öldürmək qərarına gəlib. O, əlverişli vaxt və şərait yaranmasını gözləyib. 14 oktyabr 2018-ci ildə günorta vaxtı fermanın yaxınlığındakı ovçuluq mağazasına gedib. Hər birinin qiyməti 60 qəpik olmaqla 25 ədəd 16 mm kalibrli patron alıb, axşam saat 21 radələrində patronları və Sərxan Mirzəyevin yatdığı çarpayının altında saxladığı ov tüfəngini götürüb.

Daha sonra su bərəsinə baxmaq adı ilə Natiq Gülbalayevi Sabirabad rayonu, Xəlfəli kəndi ərazisindən keçən “Şor su” kollektorunun üzərində olan körpünün üstünə aparıb. Orada Natiq Gülbalıyevdən bir neçə metr irəliyə keçib, cibindəki patronlardan birini ov tüfənginə qoyaraq, yaxın məsafədən ayaqları istiqamətində atəş açıb.

Natiq Gülbalayev dizi üstə yerə çöküb, Aqşin Astanovdan söydüyü söyüşlərə görə üzr istəyib, onu bağışlamasını və öldürməməsini xahiş edib.

Aqşin Astanov Natiq Gülbalayevin yalvarışlarına əhəmiyyət verməyib. İkinci dəfə atəş açaraq, onu döş qəfəsindən vurub.

Aldığı xəsarətlərlərdən üzüstə yerə yıxılmış Natiq Gülbalayev təkrar yalvarıb. Xahişlərə baxmayan Aqşin onun kürək nahiyəsindən üçüncü dəfə atəş açıb. Natiq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan sonra Aqşin Astanov Sərxan Mirzəyevi öldürmək niyyətini reallaşdırmaq üçün fermanın yaxınlığına gəlib, oradakı yulğun ağacların arxasında qaranlıqda gizlənib, Sərxan Mirzəyevin fermaya qayıtmasını gözləyib.

Aqşin Astanov təxminən saat 22 radələrində Sərxan Mirzəyevin kənd istiqamətindən fermaya qayıtdığını görüb. O, Sərxan Mirzəyevi döş nahiyəsindən nişan alaraq, atəş açıb. Güllə Sərxanın sağ əlindən dəyib. Canını qurtarmaq üçün qaçarkən Aqşin onun arxasınca düşüb. Açılan ikinci atəş hava qaranlıq olduğundan boşa çıxıb. Bu səbəbdən Aqşin Astanov Sərxan Mirzəyevi öldürə bilməyib.

Bu cinayətkar əməlini törədən Aqşin Astanov gizlənib və həmin ilin oktyabrında növbəti dəhşətli cinayət törətməyi planlaşdırıb.

Aqşin Astanovun anası Rəna Astanovanın işlədiyi Hacıqabul rayonu, Xilə kəndinin ərazisində yerləşən qoyunçuluq fermasının sahibi Mahir Məmmədov 2018-ci ilin təxminən avqust ayında Daşkəsən rayonunda qohumlarının yanında çoban işləyən atası Gülüş Astanovu öz fermasında işləməyə dəvət etmək məqsədi ilə mobil telefonuna görünməyən nömrədən zəng vurub. Bu zaman nalayiq ifadələr işlədib, söyüş söyüb. Aqşin Mahir Məmmədovdan da qisas almaq qərarına qərarına gəlib.

Bu məqsədlə oktyabrın 15-də ov tüfəngi ilə 8 patron götürüb, tanımadığı taksi ilə İmişli rayonuna, oradan Hacıqabulun Xilə kəndi ərazisinə gəlib. Piyada Mahir Məmmədovun fermasının yerləşdiyi istiqamətdə gedib.

Oradan keçən su arxında balıq tutan şəxslərdən fermada polis əməkdaşları olduğunu öyrənib, torpaq yolda avtomaşın şinlərinin izlərini görüb, fermada həqiqətən polis əməkdaşları olduğunu yəqin edərək geri qayıdıb, Bakı şəhərinə yollanıb.

Aqşin Astanov məqsədini reallaşdırmaq üçün istintaqla müəyyən olunmamış mənbədən bıçaq əldə edib, Mahir Məmmədovu Bakı şəhərinə dəvət edib, amma sonuncu görüşə getmədiyinə görə iradəsindən asılı olmayan səbəblərdən cinayətkar məqsədinə nail ola bilməyib.

İstintaq orqanı tərəfindən Aqşin Astanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) və 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Astanov Cinnayət Məcəlləsinin 120.2.4-cü və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib. O, cəzasını ciddi ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, istintaq orqanı tərəfinfdən onun barəsində elan edilmiş Cinayət Məcəlləsinin 29,120.2.10-cu maddəsi üzrə əməli sübuta yetirilməyib. Ona həmin maddə üzrə bəraət verilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Aqşin Astanovun Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.7 və 29,120.2.10-ci maddələri üzrə təqsirli bilinməsini, cəzasının ağırlaşdırılmasını istəyib.

Prokurorun protesti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Əliyevin sədrliyi ilə araşdırılıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, Aqşin Astanovun barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, Aqşin Astanov Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.7 və 28,120.2.10-cu (təkrar adam öldürməyə hazırlıq görmə) maddələri ilə təqsirli bilinib. Onun cəzası 18 il 6 ay müddətinə qədər artırılıb.(Teleqraf.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.