Gürcüstanda proqramçı qızın müəmmalı ölümü: izlər ermənilərə silah ötürən məmurlara aparır - ilginc açıqlamalar

31-08-2020, 08:39           
Gürcüstanda proqramçı qızın müəmmalı ölümü:
Gürcüstanda iyul ayında itkin düşən və bir neçə gün sonra Tbilisi yaxınlığında meyiti avtomobilində tapılan gənc proqramçı qızın ailəsi sensasion bəyanatla çıxış edib. Onlar iddia edir ki, 23 yaşlı Tamar Baçaliaşvili Qarabağ münaqişəsi zonasına silah ötürən üç yüksək vəzifəli məmurla bağlı məxfi faylları deşifrə edib. Bu səbəbdən Tamara təhdidlər gəlməyə başlayıb.
Virtualaz.org xəbər verir ki, Tamar Baçaliaşvilinin müəmmalı ölümü həftələrdir Gürcüstan mediasında müzakirə olunur. O, iyulun 18-də şəxsi avtomobili ilə yaşadığı evi tərk edib, bu vaxt Tamarın valideyinləri evdə olmayıb. Daha sonra qızla əlaqə kəsilib, onun axtarışları başlayıb. Bir həftə sonra onun meyiti çoban tərəfindən öz avtomobilində Tbilisinin 65 kilometrliyindəki Tetritskaro rayonunda, meşədə tapılıb. Hüquq-mühafizə orqanları Tamarın ölümü ilə bağlı cinayət işi qaldırıblar, intiharı əsas versiya kimi araşdırmağa başlayıblar.
Belə ki, müstəntiqlər Tamarın kompüterində araşdırma apararkən Google axtarış sistemində intiharın yolları barədə axtarış verildiyini aşkarladıqlarını deyiblər. Habelə iddia olunur ki, Tamar ölümündən sonra onun sosial şəbəkə hesablarının necə bağlamağın yolları barədə də axtarış aparıb. Lakin müxalif media istintaqın bu versiyasına inanmır və öz araşdırmasını aparır.
Tamar 2016-cı ildə Tbilisi Dövlət Universitetinin nəzdində informatika üzrə fransız-gürcü məktəbində oxuyub. 2017-ci ildə Amerika şirkətləri üçün proqram təminatları hazırlayan “Zeq” MMC adlı şirkətdə işə düzəlib. Şirkətin direktoru Tamar Koberidze deyir ki, qızın ölümü onları şoka salıb. “Mən onun işdən çıxmaq istədiyini bilirdim, çünki iki il ərzində tez-tez deyirdi ki, eyni vaxtda iki yerdə işləyir, üstəlik oxuyur. Onun ikinci işinin olduğunu bilirdim. Amma harada-bunu bilmirəm”,-o deyib.
Tamarın Linkedin şəbəkəsindəki profilində isə o, iş yeri kimi Avstriya şirkəti SPRYFLASH göstərilir. Bu şirkət proqram təminatı ilə məşğuldur. “Azadlıq” radiosunun gürcü xidməti həmin şirkətlə əlaqə saxlamağa çalışsa da baş tutmayıb.
Avqustun 30-da Tamarın qohumları Baş prokurorluğun qarşısına toplaşaraq onun ölümü ilə bağlı istintaqın intihar yox, qəsdən adam öldürmə maddəsi ilə aparılmasını tələb ediblər. Ailəsi bildirir ki, Tamarın intihar etməsi haqda deyilənlər tam yalandır. Onların dediyinə görə, qızlarının ölümü qeyri-leqal beynəlxalq silah alveri ilə əlaqəlidir.
Hələ avqustun əvvəllərində KİV-lərdə belə məlumat dərc edilib ki, Tamar ölümündən az əvvəl üç yüksək vəzifəli gürcü məmurları ilə bağlı məxfi faylları deşifrə edib. Bildirilirdi ki, bundan sonra Tamar təhdidlər almağa başlayıb.
Həmin məlumatların yayılmasından sonra Baçaliaşvilinin qohumları istintaqdan həmin məmurların adlarını açıqlamağı tələb ediblər. O cümlədən baş nazir Georgi Qaxariyaya müraciət ünvanlayıblar. Tamarın anası-Teona Tamazaşvili isə avqustun 30-da bildirib ki, həmin üç məmur Qarabağ münaqişəsi zonasına silah təchizatı ilə məşğul olurlar.
“Mən Azərbaycan və Türkiyə hakimiyyətlərini bu msələ ilə maraqlanmağa, Gürcüstan hökumətindən həmin yüksək vəzifəli məmurlarla bağlı faylları tələb etməyə çağırıram. Mənim qızım təsadüfən həmin faylları açıb və Qarabağ müharibəsi zonasına silah təchizatı sxemini ifşa edib. Silah alınması üçün mənim qızım müxtəlif şirkətlərdən milyonlarla lari köçürüb. Məhz buna görə də Dövlət Təhlükəsizliyi Xidməti mənim övladımın yoxa çıxması işində iştirak edib”,-o bildirib.
Tamarın anası tibb işçisidir, atası ixtisasca hüquqşünasdır, amma işləmir. Teona Tamazaşvili deyir ki, həmin məlumatları ona mənbə ötürüb, amma özünün bu informasiyaları yoxlamaq imkanı yoxdur.
Xatırladaq ki, 2020-ci ilin iyul ayında Ermənistan ordusu Azərbaycanla sərhədin Tovuz istiqamətində ciddi təxribat törədib Azərbaycan ordusunun strateji əhəmiyyətli mövqelərindən birini tutmaq istəyəndə Gürcüstan üzərindən Ermənistana silah ötürülməsinə dair faktlar üzə çıxmışdı. Virtualaz.org və haqqın.az saytlarının əldə etdiyi faktlara əsasən Serbiya şirkətlərindən biri Ermənistana minaatan mərmiləri və digər silahlar satıb, həmin silahlar Gürcüstan üzərindən Ermənistana ötürülüb. O cümlədən Rusiyadan Ermənistana Gürcüstan üzərindən silah ötürülməsi məlum olmuşdu. Bu faktların üzə çıxması Tbilisi ilə Bakı arasında ciddi gərginliyə səbəb oldu, daha sonra məsələnin yoluna qoyulduğu açıqlandı.
İndi Tamar Baçaliaşvilinin ailəsinin açıqladığı bu məlumat kifayət qədər sensasiondur və belə məlum olur ki, həmin üç yüksək vəzifəli məmur erməni tərəfinə gizli şəkildə silah ötürülməsini təşkil ediblər. Və bu silah alverinə dair faylları deşifrə edən qızcığaz müəmmalı şəkildə ölüb, yaxud öldürülüb...
virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.