Alimlər əllərin yuyulmasını dezinfeksiyaedici vasitələrdən üstün hesab edirlər
7-11-2020, 00:09
Dezinfeksiyaedici vasitələr rahat və istifadə üçün asan ola bilər, lakin əllərin sabunla və su ilə yuyulması kimi effektiv deyil.
Azərtac “MedikForum” saytına istinadla xəbər verir ki, bu barədə alim və Penn State Health (ABŞ) həkimi Ronald Nyuman bildirib. O qeyd edib ki, əllərin təmizliyinin qorunmasına gəldikdə əllərin ənənəvi yuyulması dezinfeksiyaedici vasitələrdən üstün hesab edilir.
Təmizləmə zamanı sabun dərinin səthini bütün çirk və mikrobların hissəciklərindən azad edir deyən R.Nyuman əlavə edib ki, əlinizdə olan hər hansı bir çirk və ya kir sabun köpüyündə yığılır. Onun sözlərinə görə, ən yaxşı nəticə əldə etmək üçün əllərinizi təxminən 20 saniyə ərzində axan suyun altında sabun ilə güclü bir şəkildə ovuşdurmalısınız.
İnsanların yalnız dezinfeksiyaedici maddələrə etibar etməməsinin başqa bir səbəbi də onların müəyyən patogenlərə qarşı xüsusilə təsirli olmamalarıdır. Bu cür patogenlər nümunələrinə norovirus, Cryptosporidium adlandırılan parazit və Clostridium difficile adlandırılan bakteriya aiddir.
Bundan əlavə, dezinfeksiyaedici vasitələr sabun və sudan fərqli olaraq pestisid və ağır metal kimi bəzi kimyəvi maddələrə qarşı təsirli deyil.
“Təmasda nə ilə olduğunuzdan asılı olaraq əllərin sabun və su ilə düzgün yuyulması, əslində, əllərinizi daha çox mikrobdan – bəzi kimyəvi maddələrdən təmizləyə bilər”, – deyə o bildirib.